Bakı Dövlət Universitetində (BDU) 9 fakültə üzrə dekan vəzifələrinin tutulması üçün müsabiqə elan edilib. Tarix, Biologiya, Mexanika-riyaziyyat, Geologiya, Filologiya, Fizika, Sosial elmlər və psixologiya, İnformasiya və sənəd menecmenti, Jurnalistika fakültələrində rəhbər vəzifələrə namizədlərin sənədləri qəbul olunacaq. Müsabiqə hazırkı dekanların səlahiyyət müddətinin başa çatması ilə əlaqədar elan edilib.
BDU-nun yeni rektor təyinatı, idarəetmənin yenilənməsi məsələləri son günlər diqqət çəkir. Bu fonda ölkənin ən böyük və köklü ali təhsil müəssisələrindən biri olan BDU-da dekan vəzifələrinə yeni müsabiqənin elan edilməsi universitetin gələcək inkişafı, fakültələrin fəaliyyəti və mümkün islahatlar məsələsini gündəmə gətirir.
Bəs universitetdə tədrisin keyfiyyəti, müasir əmək bazarının tələblərinə uyğun proqramlar, tələbələrin praktiki bilik və bacarıqları, elmi fəaliyyət və idarəetmə sistemində hansı dəyişikliklərə ehtiyac var?
Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı Musavat.com-a deyib ki, Bakı Dövlət Universitetinin yeni rəhbərliyi – Məleykə Abbaszadənin qarşısında görüləsi işlər kifayət qədər çoxdur: “Bunlardan biri fakültə rəhbərlərinin dəyişdirilməsi, yeni fakültə dekanlarının, ardınca isə kafedra müdirlərinin təyin olunmasıdır. Bununla yanaşı, universitetdaxili tədris proqramlarının keyfiyyətinin yüksəldilməsi istiqamətində də müəyyən tədbirlərin görülməsinə ehtiyac var. Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və digər strukturların fəaliyyətinin təkmilləşdirilməsi də diqqətdə saxlanılmalıdır”.
![]()
Ekspert qeyd edib ki, Bakı Dövlət Universitetində tələbələrin imtahan prosesi ilə bağlı şikayətlərini dəfələrlə qeyd edilib: “Düşünürəm ki, Məleykə xanım tərəfindən imtahanların daha düzgün, şəffaf və əlçatan formada keçirilməsi üçün yeni mexanizm, yeni model tətbiq olunacaq. Bununla paralel, tələbələrin praktiki bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində də müəyyən tədbirlərin görüləcəyini gözləyirik.
Tələbələr sonuncu kursun son semestrində təcrübə keçirlər. Lakin bu, o qədər də uyğun və uğurlu yanaşma deyil. Çünki bəzi hallarda tələbələr təcrübədə iştirak etmir və ya sonuncu kursun son semestri olduğu üçün bu prosesə lazımi maraq göstərmirlər. Düşünürəm ki, təcrübə müddəti ən azı, bir il müəyyənləşdirilsə, xüsusilə pedaqoji ixtisaslarda təhsil alan tələbələr üçün daha səmərəli olar. Bu, həm də onların gələcəkdə əmək fəaliyyətinə başlayarkən müəssisələr tərəfindən tələb olunan təcrübə şərtini yerinə yetirmələrinə imkan yaradar.
Bakı Dövlət Universitetində kifayət qədər doktorant, elmlər namizədi, elmlər doktoru və elmi tədqiqatlarla məşğul olan mütəxəssis var. Həmin şəxslər üçün normal iş mühitinin formalaşdırılması, ümumilikdə tədrisin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində onların bilik və bacarıqlarından istifadə olunması vacib və zəruridir. Düşünürəm ki, bu istiqamətdə də müvafiq tədbirlər görüləcək”.
Elçin Əfəndiyə görə, universitetdə əmək bazarının tələblərinə uyğun ixtisaslar üzrə kadr hazırlığının həyata keçirilməsi də mühüm məsələlərdəndir: “Mən belə düşünürəm ki, növbəti tədris ilindən etibarən əmək bazarının real tələblərinə uyğun ixtisaslar üzrə qəbul aparılacaq. Məleykə xanım bu prosesi çox yaxşı bilir və fikrimcə, onun uğurla tətbiqi mümkün olacaq.
Bəzi vaxtlarda səsləndirilən neqativ fikirlərdən biri də imtahanlar zamanı və imtahanlardan əvvəl korrupsiya, rüşvət faktlarının olması, imtahana buraxılmaq və ya imtahan prosesində müəyyən məsələlərin həlli üçün bəzi müəllimlər tərəfindən ödəniş tələb edilməsi ilə bağlı idi. Düşünürəm ki, bu hallar da köklü şəkildə aradan qaldırılacaq və universitetin əvvəlki nüfuzu bərpa olunacaq.
Çünki artıq uzun illərdir Bakı Dövlət Universitetinin imicinin mənfi istiqamətdə dəyişdiyini müşahidə edirdik. Hətta vəziyyət o həddə çatmışdı ki, abituriyentlər belə Bakı Dövlət Universitetində təhsil almaqdan imtina edir, başqa universitetlərə üstünlük verirdilər. Güman edirəm ki, bu ildən etibarən tamamilə fərqli mənzərənin şahidi olacağıq və Bakı Dövlət Universiteti yenidən daha çox seçilən, nüfuzlu ali təhsil müəssisəsi kimi gündəmə gələcək”.


























