Təəssüflər olsun ki, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası Ermənistan-Azərbaycan sülh prosesində konstruktiv mövqe sərgiləmir və ikili standartlar nümayiş etdirirlər.
Son illərdə Azərbaycan regionun aparıcı siyasi və iqtisadi mərkəzlərindən birinə çevrilərək beynəlxalq münasibətlər sistemində öz mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Ölkənin zəngin enerji resursları, xüsusilə neft və qaz ixracı sahəsində əldə etdiyi uğurlar onun iqtisadi dayanıqlığını təmin etməklə yanaşı, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamasına şərait yaradıb. Eyni zamanda, nəqliyyat və logistika sahəsində həyata keçirilən iri layihələr, o cümlədən Orta Dəhlizin inkişafı Azərbaycanın geostrateji əhəmiyyətini daha da artırıb. İnfrastrukturun modernləşdirilməsi, qeyri-neft sektorunun genişləndirilməsi və xarici investisiyaların cəlb olunması istiqamətində görülən işlər ölkənin iqtisadi gücünü möhkəmləndirib və onun beynəlxalq nüfuzunun artmasına səbəb olub.
Bu kontekstdə, 2026-cı il 4 may tarixində keçirilən Avropa Siyasi Birliyi Zirvə toplantısı çərçivəsində çıxış edən cənab Prezident İlham Əliyev Azərbaycanın regional və beynəlxalq gündəmdə oynadığı rola xüsusi diqqət çəkib. Prezident çıxışında sülh prosesinin irəlilədilməsi, nəqliyyat bağlantılarının açılması və regionda davamlı sabitliyin təmin olunması istiqamətində atılan addımları vurğulayıb.
Çıxış zamanı cənab Prezident aşağıdakı fikirləri xüsusi olaraq qeyd edib: “Sülh sahəsində digər nailiyyət bağlantılardır. “Trampın Beynəlxalq Sülh və Rifah Maşrutu” Azərbaycanı öz eksklavı Naxçıvanla birləşdirəcək və bununla yanaşı, o, Orta Dəhlizin bir hissəsinə çevriləcək. Həm Ermənistan, həm Azərbaycan sülhün əyani nəticələrini artıq görürlər. Bu fürsətdən istifadə edərək, mən Ermənistan-Azərbaycan sülh prosesində tutduğu mövqeyə görə Avropa Komissiyasına təşəkkürümü bildirmək istəyirəm. Lakin əfsuslar olsun ki, heç də bütün Avropa təsisatları eyni yanaşmanı sərgiləmir. Onlardan biri Avropa Parlamenti, digəri isə Avropa Şurası Parlament Assambleyasıdır (AŞPA). Azərbaycan 2001-ci ilin yanvarından Avropa Şurasının üzvüdür. Yeri gəlmişkən, mən o vaxt parlament üzvü və Azərbaycanın nümayəndə heyətinin rəhbəri kimi AŞPA-nın fəal üzvlərindən biri idim. Nümayəndə heyətimizə 2024-cü ilin yanvarına qədər Avropa Şurasında heç zaman məhdudiyyətlər tətbiq edilməmişdi. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatçılığa son qoydu. Biz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 30 il kağız üzərində qalan 4 qətnaməsini özümüz icra etdik. Dörd ay sonra AŞPA nümayəndə heyətimizə sanksiyalar tətbiq etdi. Əfsuslar olsun ki, ikili standartlar bu gün sanki AŞPA-nın iş təlimatıdır. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malikdir. Bu məsələdə ikili standartlar qəbuledilməzdir.” Prezidentin bu çıxışı, xüsusilə Avropa Komissiyası ilə əməkdaşlığın müsbət qiymətləndirilməsi və bəzi digər Avropa institutlarına yönəlmiş tənqidi yanaşma baxımından diqqət çəkir. O cümlədən, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası ilə bağlı səsləndirilən fikirlər Azərbaycanın beynəlxalq platformalarda bərabər yanaşma və ədalətli münasibət gözləntilərini açıq şəkildə ortaya qoyur.
Ümumilikdə, cənab Prezidentin çıxışı Azərbaycanın sülh gündəliyinə sadiqliyini, regional əməkdaşlığın genişləndirilməsi istiqamətində atdığı addımları və beynəlxalq təşkilatlarla münasibətlərdə prinsipial mövqeyini bir daha nümayiş etdirir.
Marusa Qasımova – Zərdab rayonu Körpükənd kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru























