image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-4865_1716864308

Şərqin ilk demokratik, hüquqi, dünyəvi parlament respublikası

image-legitimaz-810x90

Şərqin ilk demokratik, hüquqi, dünyəvi parlament respublikası

 

Tarix boyu xalqların inkişaf səviyyəsini müəyyən edən əsas amillərdən biri onların yaratdığı dövlətçilik ənənələri olmuşdur. Azərbaycan xalqı da qədim dövlətçilik tarixinə malik xalqlardan biridir. Lakin XX əsrin əvvəllərində yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan tarixində xüsusi mərhələ təşkil edir. Çünki bu dövlət yalnız xalqımızın müstəqillik arzularını reallaşdırmamış, həm də bütün müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi parlament respublikası kimi tarixə düşmüşdür. 1918-ci il mayın 28-də elan olunan Azərbaycan Xalq Cümhuriyyəti Şərq xalqları üçün yeni idarəçilik modeli yaratmış, milli azadlıq ideyalarının gerçək siyasi platformaya çevrilməsini təmin etmişdir. XX əsrin əvvəllərində dünyada böyük siyasi dəyişikliklər baş verirdi. Birinci Dünya müharibəsi, imperiyaların süqutu və milli azadlıq hərəkatlarının genişlənməsi xalqların taleyində mühüm dönüş yaratmışdı. Çar Rusiyasının dağılması nəticəsində Qafqaz regionunda siyasi boşluq yaranmışdı. Belə bir mürəkkəb tarixi şəraitdə Azərbaycan ziyalıları və siyasi liderləri xalqın gələcəyini düşünərək müstəqil dövlət yaratmaq qərarına gəldilər. Bu tarixi missiyanın həyata keçirilməsində Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli və digər görkəmli şəxsiyyətlərin böyük xidmətləri olmuşdur. 1918-ci il mayın 28-də qəbul edilmiş İstiqlal Bəyannaməsi Azərbaycan dövlətçilik tarixinin ən mühüm sənədlərindən biri hesab olunur. Bu sənəddə Azərbaycanın tam müstəqil dövlət olduğu elan edilmiş, hakimiyyətin xalqa məxsus olduğu vurğulanmışdı. Eyni zamanda bütün vətəndaşlara milli, dini və sosial mənsubiyyətindən asılı olmayaraq bərabər hüquqlar verilirdi. Həmin dövrdə dünyanın bir çox ölkələrində qadınlara seçki hüququ verilmədiyi halda, Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçmək və seçilmək hüququ tanımışdı. Bu isə gənc respublikanın nə qədər demokratik və müasir düşüncəyə sahib olduğunu göstərirdi. Azərbaycan Xalq Cümhuriyyəti parlamentli idarəetmə formasını seçmişdi. Parlamentin yaradılması demokratik idarəçiliyin əsas göstəricilərindən biri idi. Parlamentdə müxtəlif siyasi partiyalar və milli azlıqlar təmsil olunurdu. Bu isə ölkədə plüralizm və demokratik dəyərlərin inkişafına şərait yaradırdı. Parlamentin fəaliyyətində yalnız azərbaycanlılar deyil, ruslar, yəhudilər, ermənilər və digər xalqların nümayəndələri də iştirak edirdilər. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk dəfə olaraq çoxpartiyalı parlament sistemi yaratmışdı. Cümhuriyyətin əsas xüsusiyyətlərindən biri hüquqi dövlət prinsiplərinə söykənməsi idi. Dövlətin bütün fəaliyyət istiqamətləri qanunlara əsaslanırdı. İnsan hüquq və azadlıqlarının qorunması əsas prioritet hesab olunurdu. Mətbuat azadlığı təmin edilir, vətəndaşların sərbəst toplaşmaq və fikir bildirmək hüquqları qorunurdu. Bu isə Azərbaycan cəmiyyətində demokratik düşüncənin formalaşmasına mühüm təsir göstərirdi. Azərbaycan Xalq Cümhuriyyəti dünyəvi dövlət modeli seçmişdi. Din dövlətdən ayrı tutulur, bütün dini inanclara hörmətlə yanaşılırdı. Bu siyasət ölkədə tolerantlığın və multikultural mühitin güclənməsinə səbəb olmuşdu. Müxtəlif dinlərin və millətlərin nümayəndələri Azərbaycan cəmiyyətində sərbəst yaşayır və fəaliyyət göstərirdilər. Dünyəvi dövlətçilik prinsipləri xalqın müasir inkişaf yolunu seçdiyini göstərirdi. Qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövlət quruculuğu sahəsində mühüm addımlar atdı. Milli ordu yaradıldı, dövlət bayrağı və digər atributlar qəbul edildi. Təhsil sahəsində mühüm islahatlar həyata keçirildi. Azərbaycan dili dövlət dili elan olundu. 1919-cu ildə Bakı Dövlət Universitetinin yaradılması milli təhsilin inkişafında mühüm hadisə oldu. Eyni zamanda xaricə tələbələrin göndərilməsi gələcək milli kadrların hazırlanmasına xidmət edirdi. Cümhuriyyət xarici siyasətdə də uğurlu addımlar atmağa çalışırdı. Azərbaycan nümayəndə heyəti Paris Sülh Konfransında iştirak edərək ölkənin müstəqilliyini beynəlxalq ictimaiyyətə tanıtmağa çalışmışdı. 1920-ci ilin yanvarında Antanta dövlətləri Azərbaycanın müstəqilliyini de-fakto tanımışdılar. Bu, gənc dövlət üçün böyük diplomatik uğur idi.

Lakin regiondakı mürəkkəb geosiyasi vəziyyət və bolşevik Rusiyasının təzyiqləri nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti uzun müddət fəaliyyət göstərə bilmədi. 1920-ci ilin aprelində sovet ordusunun Azərbaycana daxil olması ilə Cümhuriyyət süqut etdi. Bununla belə, onun yaratdığı dövlətçilik ənənələri xalqın yaddaşında yaşadı və gələcək müstəqillik ideyasının əsasına çevrildi. 1991-ci ildə Azərbaycan yenidən müstəqillik qazandıqdan sonra özünü Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi elan etdi. Bu gün müasir Azərbaycan dövləti demokratik inkişaf, hüquqi dövlət quruculuğu və dünyəvi idarəçilik prinsiplərini davam etdirir. Azərbaycan Xalq Cümhuriyyətinin ideyaları müasir dövlətçilik siyasətində də mühüm yer tutur. Azərbaycan Xalq Cümhuriyyəti yalnız xalqımızın tarixində deyil, bütün Şərq dünyasında mühüm siyasi hadisə olmuşdur. O, Şərqdə ilk demokratik, hüquqi və dünyəvi parlament respublikası kimi tarixə düşərək Azərbaycan xalqının yüksək dövlətçilik ənənələrini bütün dünyaya nümayiş etdirmişdir. Bu böyük tarixi irs bu gün də milli qürur mənbəyi olaraq yaşayır və gələcək nəsillərə örnək olur.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı İmanova Xanım

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki