image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-4db94f34b36b06bcfe0906f5cfbe5d63

Putin Kiyevə NÜVƏ bombası atmağa hazırlaşır?

image-legitimaz-810x90

Ötən həftə “Bloomberg” agentliyi Rusiyanın hakimiyyət çevrələrində bəzi şəxslərin Kiyevə qarşı son vasitə kimi taktiki nüvə silahından istifadənin mümkünlüyünü müzakirə etdiyi haqda xəbər yayıb. Bu həftənin ilk günü isə Rusiya Dövlət Dumasının deputatı və Kremlə yaxın “Rodina” partiyasının lideri Aleksey Juravlyov videomüraciətində “Rusiya Ukraynanı təslim olmağa məcbur etmək üçün ona nüvə zərbəsi endirməlidir” bəyanatını verib. Juravlyov deyib ki, Ukraynanı elə vurmaq lazımdır kapitulyasiya etməyə məcbur olduğunu başa düşsün.  Bundan əvvəl isə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Ukraynanı bir neçə dəfə nüvə silahı ilə hədələyib.

KİV: "Rusiya Ukrayna ilə sərhədə nüvə bölmələri toplayıb"

Siyasi ekspertlərin fikrincə, Rusiya tərəfindən Ukraynaya qarşı taktiki atom bombası ilə hədələrinin və çağırışların çoxalması Moskva ilə Kiyev arasında problemin danışıqlarla həll yolunun olmadığı və Moskvanın hərbi əməliyyatlarla istəyinə nail ola bilməyəcəyinə get-gedə əmin olmasından irəli gəlir. Ona görə də Rusiyada Ukraynaya qarşı nüvə silahından istifadə çağırışlarının intensivləşməsi təsadüfi və sıradan siyasi ritorika kimi qiymətləndirilmir. Aleksey Juravlyovun nüvə zərbəsi endirmək çağırışı göstərir ki, Rusiyanın siyasi dairələrində müharibənin nəticəsini dəyişmək üçün nüvə amilindən istifadə ideyası artıq açıq şəkildə müzakirə olunur.

Siyasi analitiklər hesab edir ki, atom silahı ilə hədələrin çoxalmasının əsas səbəblərindən biri Moskvanın Ukraynada qarşıya qoyduğu məqsədlərə hərbi əməliyyatlarla tam nail ola bilməməsidir. Rusiya ciddi resurslar səfərbər etsə də, Ukraynanı siyasi iradəsindən və müqavimət qabiliyyətindən məhrum edə bilməyib. Əksinə, son vaxtlar Kiyevin uzaqmənzilli raketlər və PUA-larla zərbələri genişləndirməsi, Rusiyanın enerji və hərbi infrastrukturuna çox ciddi zərərlər vurması Moskvanı daha sərt ritorikaya sövq edir.

Əgər Moskva hərbi yolla Ukraynanı kapitulyasiyaya məcbur edə bilmirsə və diplomatik prosesdə də özünün maksimum tələblərini qəbul etdirə bilmirsə, təzyiq vasitələrinə “nüvə silahı işlədərik” hədələrini əlavə etməsi onun üçün alternativ alətə çevrilir. Nüvə ritorikası məhz bu mərhələdə həm Kiyevə, həm də Qərbə “müharibənin daha təhlükəli mərhələyə keçə biləcəyi” mesajını vermək üçün istifadə olunur. Lakin politoloqlar onu da bildirirlər ki, nüvə təhdidlərinin artmasını Rusiyanın artıq nüvə zərbəsi endirmək qərarı verməsi kimi qiymətləndirmək düzgün olmaz. Bu cür bəyanatların mühüm hissəsi psixoloji və siyasi çəkindirmə məqsədi daşıyır. Moskva Qərbin Ukraynaya verdiyi silahların və uzunmənzilli raketlərin miqyasını məhdudlaşdırmağa, Avropa ölkələrini daha birbaşa müdaxilədən çəkindirməyə çalışır. Əslində, Juravlyovun açıqlaması Rusiyanın öz daxilində də müəyyən narahatlığın göstəricisi sayıla bilər. Çünki qalib gələn tərəf adətən nüvə silahından istifadə etməklə hədələməyə ehtiyac duymur. Nüvə ritorikasının güclənməsi daha çox hərbi-siyasi təzyiqin nəticə vermədiyi şəraitdə qarşı tərəfi qorxutmaq cəhdi təsiri bağışlayır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki