Şərqin ilk demokratik, hüquqi, dünyəvi parlament respublikası.
XX əsrin əvvəlləri dünya tarixinin ən mürəkkəb və ziddiyyətli dövrlərindən biri hesab olunur. Birinci Dünya müharibəsi nəticəsində böyük imperiyalar zəifləyir, siyasi xəritələr dəyişir, xalqlar öz müqəddəratını müəyyən etmək uğrunda mübarizəyə başlayırdı. 1917-ci ildə Rusiyada baş verən Fevral və Oktyabr inqilabları nəticəsində Çar Rusiyası süqut etdi, imperiya daxilində yaşayan xalqlar üçün yeni siyasi şərait yarandı. Həmin dövrdə Cənubi Qafqaz regionunda ciddi siyasi böhran, iqtisadi çətinliklər və hərbi qarşıdurmalar hökm sürürdü. Digər tərəfdən Osmanlı dövləti də Birinci Dünya müharibəsinin ağır nəticələri ilə üz-üzə qalmış, həm daxildə, həm də xaricdə ciddi təzyiqlərlə qarşılaşmışdı. Belə mürəkkəb tarixi şəraitdə Azərbaycan xalqı öz dövlətçilik ənənələrinə əsaslanaraq müstəqil dövlət qurmaq yolunu seçdi. 1918-ci ilin əvvəlində Zaqafqaziya Seymi yaradıldı, lakin bölgədəki xalqların siyasi maraqları fərqli olduğu üçün bu birlik uzunömürlü olmadı. 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən İstiqlal Bəyannaməsi qəbul edildi və Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan olundu. Azərbaycan Milli Şurasının sədri olan Məhəmməd Əmin Rəsulzadə İstiqlal Bəyannaməsinin qəbul edilməsində və Azərbaycan dövlətçiliyinin formalaşmasında mühüm rol oynamışdır. O, xalqın milli azadlıq ideyalarının əsas rəhbərlərindən biri kimi çıxış etmiş, müstəqil və demokratik dövlət quruculuğu istiqamətində böyük fəaliyyət göstərmişdir. Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq, bir daha enməz!” fikri sonrakı dövrlərdə də Azərbaycan xalqının istiqlal mübarizəsinin əsas simvollarından birinə çevrilmişdir. Bununla da Azərbaycan xalqı müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi parlament respublikasını qurdu. Mənim fikrimcə, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması sadəcə siyasi hadisə deyil, xalqımızın milli iradəsinin və azadlıq düşüncəsinin ən böyük təzahürlərindən biri idi. Çünki həmin dövrdə region ölkələrinin əksəriyyətində monarxiya və ya avtoritar idarəetmə formaları mövcud olduğu halda, Azərbaycan parlamentli respublika modelini seçmişdi. Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyət bölgüsü prinsipinə əsaslanan idarəetmə sistemi formalaşdırmış, çoxpartiyalı parlament yaratmışdı. Parlamentdə müxtəlif millətlərin və siyasi qüvvələrin nümayəndələri təmsil olunurdu. Bu isə dövlətin demokratik mahiyyətini göstərən əsas amillərdən biri idi. Cümhuriyyət dövründə Azərbaycan dili dövlət dili elan edildi, milli ordu yaradıldı, dövlət atributları təsis olundu və maarifçilik istiqamətində mühüm addımlar atıldı. 1918-ci ildə qadınlara seçki hüququnun verilməsi də mühüm tarixi qərarlardan biri idi. Azərbaycan qadınlara seçki hüququ verən ilk müsəlman Şərq dövləti olmuşdur. Mən belə hesab edirəm ki, bu addım Azərbaycan Xalq Cümhuriyyətinin dövrünü qabaqlayan demokratik düşüncəyə sahib olduğunu sübut edir. 1919-cu ildə Bakı Dövlət Universitetinin yaradılması elm və təhsilin inkişafı baxımından mühüm hadisə idi. Eyni zamanda Cümhuriyyət hökuməti beynəlxalq münasibətlər qurmağa çalışır, Azərbaycanın müstəqilliyini dünya dövlətlərinə tanıtmağa çalışırdı. 1920-ci ilin aprelində bolşevik Rusiyasının hərbi müdaxiləsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə son qoyuldu və ölkədə sovet hakimiyyəti quruldu. Lakin Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın yaddaşında müstəqil dövlətçilik ideyasının əsas simvoluna çevrildi. 1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa edərkən məhz Cümhuriyyətin siyasi və hüquqi varisliyini qəbul etdi. Müasir Azərbaycan dövləti bu tarixi irs üzərində inkişaf edərək mühüm uğurlar əldə etmişdir. Xüsusilə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı qələbə nəticəsində ölkənin ərazi bütövlüyünün böyük hissəsi bərpa olundu. 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın dövlət suverenliyi ölkənin bütün ərazisində tam təmin edildi. Bu gün Azərbaycan həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan regionun ən güclü dövlətlərindən biri hesab olunur. Azərbaycan Xalq Cümhuriyyətinin əsası qoyduğu müstəqillik ideyası müasir dövrdə daha da möhkəmlənmiş və güclü dövlət modeli ilə davam etdirilmişdir.
Cəlal Mecidli – Zərdab Gənclər evi SXM-in metodisti



















