image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-bez-nazvaniya

“23 ay ərzində əldə olunmuş mühüm nailiyyətlər”

image-legitimaz-810x90

“23 ay ərzində əldə olunmuş mühüm nailiyyətlər”

 

1918-ci il mayın 28-də yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Şərqdə ilk parlamentli demokratik respublika kimi Azərbaycan tarixində yeni siyasi mərhələnin əsasını qoydu. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövlət quruculuğu, milli təhsil, hüquq sistemi, parlamentçilik, ordu quruculuğu və milli özünüdərk istiqamətində mühüm nailiyyətlər əldə etdi. Həmin dövr Azərbaycan xalqının müstəqil dövlət idarəçiliyinə qadir olduğunu sübut edən şərəfli bir mərhələ kimi tarixə düşdü. Azərbaycan Xalq Cümhuriyyətinin ən böyük nailiyyətlərindən biri milli dövlət institutlarının yaradılması idi. 1918-ci il mayın 28-də istiqlal elan olunan gün dövlət idarəetməsinin əsas strukturları formalaşdırıldı və həmin gün Ədliyyə Nazirliyi də təsis edildi. Bu addım hüquqi dövlət quruculuğunun əsasının qoyulması baxımından mühüm əhəmiyyət daşıyırdı. Yeni yaradılmış dövlətin qarşısında duran əsas məsələlərdən biri ölkədə qanunçuluğun təmin olunması, məhkəmə sisteminin yaradılması və hüquqi idarəetmənin formalaşdırılması idi. Çünki uzun illər çar Rusiyasının tərkibində olmuş Azərbaycan müstəqil hüquq sisteminə malik deyildi. Cümhuriyyət rəhbərləri qısa müddətdə hüquqi islahatlara başladılar. 1918-ci il noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi qəbul edildi. Bu sənəd ölkədə müstəqil məhkəmə sisteminin yaradılması baxımından böyük əhəmiyyət daşıyırdı. Ardınca 1918-ci il noyabrın 22-də Ədliyyə Nazirliyinin Əsasnaməsi qəbul edildi və nazirliyin səlahiyyətləri, fəaliyyət istiqamətləri müəyyənləşdirildi. Bununla da Azərbaycan Xalq Cümhuriyyəti hüquqi dövlət modelinin formalaşdırılması istiqamətində mühüm addımlar atdı. Məhkəmələrin fəaliyyəti bərpa edildi, hüquq-mühafizə orqanlarının təşkili sürətləndirildi, vətəndaşların hüquq və azadlıqlarının qorunmasına xüsusi diqqət ayrıldı.

Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətində təhsil siyasəti də xüsusi yer tuturdu. Çünki dövlət rəhbərləri yaxşı anlayırdılar ki, xalqın inkişafı savadlı və milli ruhda yetişmiş gənc nəslin formalaşdırılmasından keçir. Bu baxımdan 1918-ci ilin avqust ayında Xalq Maarifi məktəblərinin milliləşdirilməsi haqqında mühüm qərar qəbul edildi. Həmin qərara əsasən tədris müəssisələrində təhsilin ana dilində aparılmasına başlanıldı. Bu, Azərbaycan xalqının milli kimliyinin qorunması və inkişaf etdirilməsi baxımından son dərəcə mühüm hadisə idi. Uzun illər rus dilinin dominant olduğu məktəblərdə artıq Azərbaycan dili əsas tədris dili kimi tətbiq olunmağa başladı. Ana dilində təhsilin təşkili milli kadr hazırlığına, milli düşüncənin inkişafına və xalqın maariflənməsinə böyük təsir göstərdi. Məktəblərin milliləşdirilməsi nəticəsində yeni dərsliklərin hazırlanmasına başlanıldı, müəllim hazırlığına diqqət artırıldı və təhsildə milli məzmunun gücləndirilməsi istiqamətində addımlar atıldı. Bu siyasət Azərbaycan xalqının milli-mədəni dirçəlişinə ciddi təkan verdi. Cümhuriyyətin ən mühüm nailiyyətlərindən biri də ali təhsil sahəsində atılmış tarixi addım oldu. 1919-cu ilin sentyabr ayında Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti Bakı Universitetinin açılması haqqında qanun qəbul etdi. Bu qərar Azərbaycanın elm və təhsil tarixində dönüş nöqtəsi hesab olunur. Çünki həmin dövrə qədər ölkədə milli ali təhsil müəssisəsi yox idi. Bakı Universitetinin yaradılması milli ziyalı kadrların hazırlanmasına xidmət edən böyük strateji addım idi. Universitetin yaradılması ilə bağlı geniş müzakirələr aparıldı və nəticədə ali məktəbin fəaliyyətini tənzimləyən Bakı Dövlət Universitetinin Nizamnaməsi qəbul edildi. Nizamnamədə universitetin strukturu, fakültələri, idarəetmə sistemi və tədris prinsipləri öz əksini tapdı. Universitetin ilk fakültələri tarix-filologiya, hüquq, tibb və fizika-riyaziyyat istiqamətlərini əhatə edirdi. Bu ali təhsil ocağı qısa müddətdə Azərbaycanın elmi və intellektual həyatının əsas mərkəzinə çevrildi. Bakı Dövlət Universiteti yalnız təhsil müəssisəsi deyil, həm də milli düşüncənin, elmin və dövlətçilik ideyalarının inkişaf etdiyi mühüm bir mərkəz idi. Universitetin yaradılması Azərbaycan Xalq Cümhuriyyətinin elmə və maarifə verdiyi böyük önəmin göstəricisi idi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentçilik ənənələrinin formalaşdırılması da mühüm nailiyyətlərdən biri oldu. Parlament çoxpartiyalı əsaslarla fəaliyyət göstərirdi və burada müxtəlif millətlərin nümayəndələri təmsil olunurdu. Bu isə demokratik idarəçilik prinsipinin göstəricisi idi. Parlamentdə dövlətin gələcəyi ilə bağlı mühüm qanunlar qəbul edilir, iqtisadiyyat, təhsil, ordu və hüquq sahələrində islahatlar həyata keçirilirdi. Bununla yanaşı, dövlət atributlarının yaradılması istiqamətində də mühüm addımlar atıldı. Azərbaycan bayrağı, himni və gerbi ilə bağlı qərarlar qəbul edildi. Xüsusilə üçrəngli bayrağın qəbul olunması xalqın milli ideallarını və azadlıq arzusunu özündə əks etdirirdi. “Türkləşmək, islamlaşmaq və müasirləşmək” ideyası dövlət siyasətində əsas istiqamətlərdən biri kimi çıxış edirdi. Ordu quruculuğu sahəsində də mühüm işlər görüldü. Milli ordunun yaradılması istiqamətində tədbirlər həyata keçirildi, hərbi hissələr formalaşdırıldı və ölkənin təhlükəsizliyinin təmin olunmasına çalışıldı. Çətin siyasi və hərbi şəraitə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövlət müstəqilliyini qorumaq üçün ciddi səylər göstərdi. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, dövlətçilik tariximizdə silinməz iz qoydu. Təhsil sisteminin milliləşdirilməsi, ana dilində tədrisin tətbiqi, Bakı Dövlət Universitetinin yaradılması, hüquq və məhkəmə sisteminin formalaşdırılması, parlamentçilik ənənələrinin yaradılması və dövlət institutlarının təşkili həmin dövrün ən mühüm nailiyyətləri idi. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik idealını gerçəkləşdirən və müasir Azərbaycan dövlətçiliyinin təməlini qoyan tarixi dövlət kimi böyük əhəmiyyət daşıyır.

 

Veteran müəllim Vəfadar Niftəliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki