image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-photo-vugar-amrullayev

İşğalın acı fəsadları

image-legitimaz-810x90

 

İşğalın acı fəsadları.

 

Qarabağ və Şərqi Zəngəzurun tarixi taleyində dərin iz buraxmış Qubadlı işğalın vurduğu maddi və mənəvi zərbələrin miqyası ilə Azərbaycan xalqının yaddaşında xüsusi yer tutur. Bu rayonun yaşadığı faciə yalnız ərazilərin itirilməsi ilə məhdudlaşmamış, insanların həyat tərzini, sosial münasibətləri, iqtisadi fəaliyyəti və gələcəyə dair arzularını da kökündən dəyişdirmişdir. Qubadlıda dağıdılan hər ev, yararsız vəziyyətə salınan hər sosial obyekt, doğma yurdundan ayrılan hər bir insan işğalın ağır nəticələrinin canlı ifadəsinə çevrilmişdir.

İşğalın ən ağrılı nəticəsi minlərlə insanın doğma torpağından didərgin düşməsi oldu. Bir zamanlar öz evində, öz həyətində, ata-baba yurdunda yaşayan insanlar qısa müddət ərzində həyatlarını yenidən qurmaq məcburiyyətində qaldılar. Məcburi köçkünlük təkcə yaşayış yerinin dəyişməsi deyildi; bu, ailə yaddaşından, doğma mühitdən, illərlə formalaşmış sosial bağlardan və insanın özünü aid hiss etdiyi məkandan ayrı düşmək demək idi. Qubadlı sakinləri uzun illər bu həsrətlə yaşasalar da, Vətənə qayıdış ümidini qoruyub saxladılar.

İşğal nəticəsində rayona vurulan maddi zərərin miqyası da faciənin nə qədər geniş olduğunu göstərir. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır.

Bu rəqəmlərin hər biri arxasında böyük bir itki dayanır. Dağıdılmış yaşayış evləri insanların illərlə qurduğu ocaqların, sıradan çıxarılmış su və elektrik xətləri normal həyat şəraitinin, yararsız hala salınmış körpülər və yollar isə iqtisadi əlaqələrin və gündəlik həyatın qırılmasının göstəricisidir. Kənd təsərrüfatı obyektlərinin məhv edilməsi rayonun istehsal potensialına ağır zərbə vurmuş, sosial və mədəni obyektlərin dağıdılması isə cəmiyyətin inkişafına xidmət edən mühüm dayaqları zəiflətmişdir. Məscidlərin və mədəniyyət ocaqlarının zərər görməsi xalqın tarixi-mənəvi irsinə vurulmuş zərbənin də bariz nümunəsidir.

Lakin Qubadlının taleyi yalnız dağıntılar və itkilərlə səciyyələnmir. Bu diyarın tarixində həm də müqavimət, səbir və yenidən dirçəliş əzmi vardır. Azərbaycan dövləti bütün bu illər ərzində məcburi köçkünlərin sosial müdafiəsini diqqətdə saxlamış, işğal olunmuş ərazilərin azad edilməsi və ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində ardıcıl siyasət yürütmüşdür. Cənab Prezident İlham Əliyevin qətiyyətli siyasəti, güclü ordu quruculuğu və milli maraqlara əsaslanan prinsipial mövqeyi Azərbaycanın tarixi Zəfərinə aparan yolun mühüm amilləri olmuşdur. Dövlət başçısının rəhbərliyi ilə əldə edilən qələbə doğma yurdlarından ayrı düşmüş insanların qayıdışına və dağıdılmış ərazilərin bərpasına real imkan yaratmışdır.

2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad edilməsi bu torpağın tarixində yeni mərhələnin başlanğıcı oldu. Bu tarix yalnız hərbi uğurun deyil, uzun illər davam edən həsrətin sona çatacağına dair inamın da rəmzidir. Bu gün azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri işğalın fəsadlarının aradan qaldırılmasına, yaşayış məntəqələrinin yenidən qurulmasına və sakinlərin doğma yurda qayıdışına xidmət edir.

Qubadlının yenidən dirçəldilməsi dağıntıların aradan qaldırılmasından daha geniş məna daşıyır. Bu, insan talelərinin bərpası, tarixi yaddaşın qorunması, iqtisadi həyatın canlandırılması və gələcək nəsillər üçün təhlükəsiz, firavan yaşayış mühitinin yaradılması deməkdir. Doğma yurda qayıdış illərlə qorunub saxlanılan ümidin gerçəyə çevrilməsi, işğalın ağır nəticələrinə qarşı həyatın və quruculuğun qələbəsidir.

25 Oktyabr – Qubadlı Şəhəri Günü bizə bir daha xatırladır ki, işğalın acı fəsadlarını unutmaq olmaz. Tarixi həqiqətlərin qorunması, dağıntıların miqyasının gələcək nəsillərə çatdırılması və bərpa prosesinin ardıcıl davam etdirilməsi milli yaddaşın vacib şərtlərindəndir. Qubadlı bu gün öz keçmişinin ağrısını unutmadan gələcəyə addımlayır. Onun dirçəlişi Azərbaycan xalqının iradəsinin, dövlətimizin gücünün və doğma torpaqlara bağlılığının təcəssümüdür.

 

Marusa Qasımova – Zərdab rayonu Körpükənd kənd ümumi orta ümumitəhsil məktəbinin direktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki