image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17ec301b78c846e86ca0539ae3603cfc

Dollar güclənir, qarşıdakı altı ayda manatı nə gözləyir?

image-legitimaz-810x90

Dünyanın bir saylı iqtisadiyyatına sahib olan ABŞ-nin valyutası ilin birinci yarısını görünməmiş  möhkəmlənmə ilə başa vurur. Belə ki, dollar ilk yarımildə 3 faiz bahalaşıb. Bu, ötən ilin birinci yarısı ilə müqayisədə kəskin artımdır, çünki həmin dövrdə dollar 10 faizdən çox dəyər itirmişdi – ABŞ-nin tarif siyasəti səbəbindən 1970-ci illərin əvvəllərindən bəri ən kəskin azalma.

İndi vəziyyət fərqlidir. Hətta enerji qiymətlərini aşağı salan İranda atəşkəs perspektivi və inflyasiya riskləri dolların möhkəmlənməsinə mane olmur. Güclü ABŞ iqtisadiyyatı və süni intellekt bumu kapital cəlb etməyə davam edir. İnvestorlar faiz dərəcələrinin endirilməsini deyil, artımını gözləyirlər. Geosiyasi qeyri-sabitlik yalnız odun üstünə neft əlavə edir.

Federal Ehtiyat Sisteminin yeni sədri Kevin Uorş sərt mövqe tutub. O, FED-in 2 faizlik hədəfindən xeyli yüksək olan inflyasiyaya diqqət yetirir. Treyderlər indi bu il ən azı bir dəfə faiz dərəcəsinin artırılmasını gözləyirlər. İkinci artım qərarı ehtimalı 50/50 olaraq qiymətləndirilir. Halbuki cəmi bir neçə həftə əvvəl bazar heç bir dəyişiklik gözləmirdi.

Güclü dollar heç kimin işinə yaramasa da, ABŞ şirkətləri və ABŞ-dəki mövcudluq çox dəyərlidir. Buna görə də xarici şirkətlər bazarda mövqe qazanmaq üçün ABŞ-yə aktiv şəkildə investisiya qoyurlar ki, bu da dolları dəstəkləyir.

Oklenddən Sürixə qədər mərkəzi banklar valyutalarının zəiflədiyini görürlər. Bu, idxal xərclərinin artması ilə təhdid edir. Neft qiymətləri düşüb, lakin ərzaq, nəqliyyat və digər malların dəyəri xeyli artıb.

Əmtəə Fyuçersləri Ticarət Komissiyasının (CFTC) məlumatına görə, investorlar ilin birinci yarısında dolları möhkəmləndirən müqavilələri tarixdə görünməyən sürətlə alıblar. Spekulyantların xalis gəliri təxminən 30 milyard dollardır ki, bu da Donald Trampın ikinci müddətinin başlanğıcından bəri rekord göstəricidir. Bu aktivlərdə xalis artım 37 milyard dollar təşkil edib ki, bu da 2012-ci ildən bəri ilin birinci yarısında ən sürətli tempdir.

Analitiklər faiz dərəcələrinin artırılması fonunda dolların möhkəmlənməsi prosesinin davam edəcəyini gözləyirlər. Süni intellekt maniyası və SpaceX kimi trilyon dollarlıq IPO-lar ABŞ-də rekord miqdarda pul cəlb edib. Bank of America ilin əvvəlindən bəri ABŞ səhmlərinə 341 milyard dolların yatırıldığını təxmin edir. Bu, ötən ilin eyni dövründəki 134 milyard dollardan iki dəfədən də çox yüksəkdir. ABŞ süni intellekt məlumat mərkəzləri quran böyük şirkətlərə, eləcə də kvant hesablamaları sahəsində liderlərə ev sahibliyi edir. Ekspertlər hesab edirlər ki, bu, dolları birbaşa gücləndirir.

Güclü dollar və yüksək faiz dərəcələri gözləntiləri qiymətli metallara da təzyiq göstərib, nəticədə həftə ərzində gümüş 9 faiz, palladium 4,2 faiz, platin 2,2 faiz, qızıl isə 1,8 faiz dəyər itirib. Əsas sənaye metalları bazarında da Çin iqtisadiyyatına dair narahatlıqlar, yüksək ehtiyatlar və dolların bahalaşması səbəbindən alüminium, mis, nikel, sink və qurğuşunun qiymətlərində eniş qeydə alınıb. Kənd təsərrüfatı məhsulları bazarında hava şəraiti əsas amil olaraq qalarkən, düyü, soya, qəhvə, şəkər və kakao bahalaşıb, buğda, qarğıdalı və pambığın qiymətlərində isə azalma müşahidə olunub. Analitiklər hesab edirlər ki, yaxın həftələrdə əmtəə bazarlarının istiqaməti əsasən dolların dinamikası, FED-in qərarları və Yaxın Şərqdəki geosiyasi vəziyyətdən asılı olacaq.

Ehtimal olunur ki, ABŞ iqtisadiyyatındakı struktur problemləri üçüncü rübün sonundan başlayaraq dolların mövqelərini zəiflədə bilər. Lakin ona qədər hətta neftin ucuzlaşması belə ABŞ valyutasını silkələməyəcək.

Dolların möhkəmlənməsi valyuta bazarı sərbəst olan ölkələrdə yerli valyutalar üçün problemlər yaradır. Lakin Azərbaycan kimi milli valyutanın məzənnəsi inzibati qaydada tənzimlənən ölkələrdə belə birbaşa deyil, dolayı təsirlər formalaşır.

Dolların möhkənlənməsi dünya neft bazarında qiymətlərə əlavə endirici təzyiq yaradır. Bu isə iqtisadiyyatı neft ixracı gəlirlərindən böyük ölçüdə asılı olan Azərbaycan üçün əsas mənfi təsirdir. Ölkənin neft hasilatı və ixracının da sürətlə azalması fonunda bu amilin təsiri kifayət qədər artır. Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin beş ayında bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının ixracı 5 milyard 121 milyon 378,2 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 5 milyard 642 milyon 731,3 min dollar olmuşdu. Bu isə o deməkdir ki, Azərbaycanın xam neft ixracından gəlirləri 521 milyon 353,1 min dollar və ya 9,2 faiz azalıb.

Miqdar ifadəsində azalma daha böyükdür. Belə ki, yanvar-mayda 8 milyon 828 min 552,4 ton xam neft ixrac edilib. Ötən ilin eyni dövründə göstəricinin 10 milyon 363 min 108,8 ton olduğunu nəzərə alsaq, azalmanın miqdar baxımından 1 milyon 534 min 556,4 ton və ya 14,8 faiz olduğunu görərik.

Ölkəyə dollar axınını təmin edən təbii qaz ixracının dəyəri də azalıb. 2026-cı ilin ilk 5 ayında təbii qaz ixracından 3 milyard 343 milyon 175,5 min dollar gəlir əldə olunub. 2025-ci ilin eyni dövründə bu rəqəm 3 milyard 833 milyon 13 min dollar təşkil etmişdi. Beləliklə, təbii qaz ixracının dəyəri 489 milyon 837,5 min dollar və ya 12,8 faiz azalıb.

Əksər analitik mərkəzlər neft qiymətlərində azalmanın davamlı olacağını gözləyirlər. Bu isə Azərbaycana dollar axınının daha da azalmasını şərtləndirəcək.

Lakin bütün bunlara baxmayaraq, ən azı cari ilin sonunadək manat üçün ciddi təhdidlərin formalaşması gözlənilən deyil. Ölkə iqtisadiyyatında əsas investor olan dövlətin xərcləmələri minimuma endirildiyinə görə dollara tələbat da kəskin azalıb. Azərbaycan Mərkəzi Bankının açıqlamasına görə, 5 ayın nəticələri ölkədə illik infyasiyanın hədəf daxilində olduğunu göstərir.  2026-cı ilin mayında 12 aylıq infyasiya 5.6 faiz təşkil edib: “Cari ilin ötən dövründə valyuta bazarında təklif tələbi üstələyib. Bu, həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərib. 2026-cı ilin 5 ayında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 311 milyon ABŞ dolları üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 2.8 faiz bəndi azalaraq 2026-cı ilin mayında 27 faizə enib. Yanvar-may aylarında ölkəyə daxil olan pul baratlarının həcmi ötən ilin müvafiq dövrünə nəzərən 28.8 faiz artaraq 560.1 milyon ABŞ dolları təşkil edib”.

Tənzimləyicinin məlumatına əsasən, valyuta hərraclarında bankların tələbinin əhəmiyyətli azalması şəraitində Mərkəzi Bank tərəfindən alışyönlü müdaxilə həyata keçirilib. Nəticədə cari ilin 5 ayında Mərkəzi Bankın valyuta ehtiyatları 1.2 milyard ABŞ dolları məbləğində və ya 10.4 faiz artaraq 12.7 milyard dollara çatıb.

Doğrudur, Mərkəzi Bank inflyasiyaya təsir göstərən xarici amillərin aktivləşdiyini də qeyd edir. Qurum cari və növbəti ildə illik infyasiyanın hədəf daxilində qalacağı proqnozu dəyişməz saxlayıb. Bununla belə, vurğulayır ki, inflyasiyanın xarici mənşəli xərc amillərində aktivləşmə müşahidə edilir: “Ötən iclasdan bəri qlobal iqtisadi mühitdə baş verən dəyişikliklər xarici inflyasiya risklərinin yüksəlmə ehtimalını artırır. Sürətlə dəyişən qlobal mühitdə dünya ərzaq və gübrə qiymətlərinin artması, nəqliyyat-logistika xərclərinin yüksəlməsi, ticarət tərəfdaşı olan ölkələrdən inflyasiya idxalının genişlənməsi və nominal effektiv məzənnənin möhkəmlənmə tempinin yavaşlaması inflyasiyanın xarici risk amillərini artıra bilər. Bu amillərin dayanıqlı olub-olmaması ilə bağlı dərin təhlillər aparılır. Daxili mühitdə isə mövcud fiskal və pul siyasəti fonunda məcmu tələbin izafi genişlənməsi ehtimalı yüksək deyil”.

Dövlət büdcəsinin neftin 65 dollarlıq qiyməti ilə hesablandığını, martdan bəri qiymətin bundan kəskin yuxarı olduğunu, ilin sonunadək də yüksək olaraq qalması ehtimalının yüksək qiymətləndirildiyini nəzərə alsaq, cari ilin sonunadək manatın məzənnəsində hansısa dəyişiklik olacağını gözləməyin doğru olmadığını deyə bilərik.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki