Cəmiyyətimiz ikili standartları qətiyyətlə rədd edir
İkili standartlar beynəlxalq münasibətlər sistemində ədalət, bərabərlik, qarşılıqlı hörmət və beynəlxalq hüququn aliliyi prinsiplərinin həyata keçirilməsinə mənfi təsir göstərən əsas problemlərdən biridir. Dövlətlərə və xalqlara münasibətdə fərqli meyarların tətbiq edilməsi, eyni xarakterli hadisələrin müxtəlif siyasi maraqlardan çıxış edilərək fərqli qiymətləndirilməsi beynəlxalq hüququn nüfuzuna xələl gətirir, dövlətlər arasında etimadı zəiflədir və mövcud problemlərin həllini çətinləşdirir. Azərbaycan ikili standartların tətbiqini qəbul etmir və beynəlxalq münasibətlərdə bütün dövlətlərə bərabər yanaşmanın təmin olunmasını zəruri hesab edir. İkili standartların təzahürləri yalnız müxtəlif müharibə və münaqişələrə münasibətdə müşahidə edilmir. Bu yanaşma dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, daxili işlərinə və müstəqil qərar qəbul etmək hüququna münasibətdə də özünü göstərə bilər. Beynəlxalq münasibətlərdə obyektivlik və ədalətin təmin olunması üçün bütün dövlətlərin hüquq və öhdəliklərinə eyni prinsiplər əsasında yanaşılması, siyasi maraqların beynəlxalq hüququn norma və prinsiplərindən üstün tutulmaması mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın ikili standartlara münasibətini müəyyən edən əsas məsələlərdən biri Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi hərbi təcavüz və onun nəticələrinə beynəlxalq səviyyədə verilmiş reaksiyadır. Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizini işğal etmiş, işğal dövründə etnik təmizləmə siyasəti nəticəsində bir milyon azərbaycanlının öz doğma yurdlarından didərgin düşməsinə səbəb olmuşdur. Bu hadisələr Azərbaycan xalqının tarixinə ağır humanitar faciə kimi daxil olmuş, ölkəmizin sosial, iqtisadi və mədəni həyatına uzunmüddətli təsir göstərmişdir.
İşğal dövründə Azərbaycanın mədəni və dini irsinə də ciddi ziyan vurulmuşdur. Qarabağda 65 məscidin dağıdılması, dini və tarixi abidələrin məhv edilməsi və ya zədələnməsi mədəni irsin qorunması məsələsini beynəlxalq gündəliyin mühüm mövzularından birinə çevirmişdir. Bu faktlar yalnız Azərbaycanın tarixi-mədəni irsinə vurulmuş zərərlə məhdudlaşmır, eyni zamanda mədəni müxtəlifliyin, dini dəyərlərin və bəşəri irsin qorunması ilə bağlı ümumi prinsiplərin əhəmiyyətini də ön plana çıxarır.
Beynəlxalq hüququn legitimliyi onun bütün dövlətlərə bərabər tətbiq olunmasından asılıdır. Dövlətlərin siyasi və iqtisadi imkanlarından, beynəlxalq münasibətlər sistemində tutduqları mövqedən və ya ayrı-ayrı güc mərkəzləri ilə münasibətlərindən asılı olmayaraq, beynəlxalq hüquq qarşısında bərabər yanaşmanın təmin edilməsi zəruridir. Əks halda, hüquqi prinsiplərin seçmə qaydada tətbiqi beynəlxalq institutlara olan inamı zəiflədə və münaqişələrin həllində obyektivliyin təmin edilməsinə mane ola bilər. Azərbaycanın xarici siyasətində suverenliyə hörmət, daxili işlərə qarışmamaq və dövlətlərin bərabərliyi prinsipləri mühüm yer tutur. Ölkəmiz digər dövlətlərin daxili siyasi proseslərinə müdaxilə etməməyi və onların gələcəyinə dair qərarların həmin dövlətlərin xalqlarına aid olduğunu əsas götürür. Bu yanaşma beynəlxalq münasibətlərdə qarşılıqlı hörmətin qorunmasına, dövlətlər arasında etimadın möhkəmləndirilməsinə və əməkdaşlığın bərabərhüquqlu əsaslarla inkişafına xidmət edir.
Azərbaycan da digər dövlətlərdən özünə münasibətdə eyni prinsiplərə əməl olunmasını gözləyir. Ölkəmizin daxili və xarici siyasətinə münasibətdə suverenliyə hörmət göstərilməsi, müstəqil qərarlarının qəbul edilməsi hüququnun tanınması və milli maraqlarının nəzərə alınması qarşılıqlı münasibətlərin əsas şərtlərindəndir. Bu baxımdan hər hansı hörmətsizlik əlaməti, əsassız üstünlük nümayişi və ya Azərbaycanın müstəqil qərarlarına kənardan diktə etmək cəhdi qətiyyətli mövqe ilə qarşılanır.
Zülfiyyə Əhmədova- Zərdab şəhər 3 saylı tam orta ümumtəhsil məktəbinin direktoru

























