Kəlbəcərin boşaldılması zamanı erməni vandalizminin növbəti nümunələri
2020-ci il noyabrın 25-də Kəlbəcərin Azərbaycana qaytarılması tarixi hadisə olsa da, həmin günlərdə baş verən bəzi hadisələr işğalçının əsl simasını bir daha ortaya qoydu. Üçtərəfli Bəyanata əsasən, Kəlbəcəri tərk edən erməni sakinlərin bir hissəsi özləri ilə apara bilmədikləri əmlakı və yaşayış evlərini yandırdı, meşələrə və digər ərazilərə ziyan vurdu.
İnsanların illərlə yaşadığı evləri, həyətləri, bağları və digər əmlakı məhv etməsi, təbiətə ziyan vurması heç bir insani dəyərlə uzlaşmırdı. Bəzi yaşayış evlərinin qəsdən yandırılması, ağacların kəsilməsi və ərazilərin yararsız vəziyyətə salınması işğal dövründə həyata keçirilən dağıntıların davamı idi.
Əslində, doğma torpağımıza qayıdacağımız günü gözləyən insanlar üçün bu mənzərələr olduqca ağır idi. Çünki həmin evlərdə vaxtilə azərbaycanlı ailələr yaşamış, uşaqlar böyümüş, insanlar öz gələcəklərini qurmuşdular. İşğalçılar isə bu yurdları tərk edərkən belə, onların yenidən dirçəlməsinə mane olmaq istəyirdilər.
Lakin bütün bu dağıntılar Azərbaycan xalqının iradəsini qıra bilmədi. Əksinə, dövlətimizin qarşısında yeni bir vəzifə dayandı: dağıdılmış torpaqları bərpa etmək, yaşayış məntəqələrini yenidən qurmaq və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmasını təmin etmək.
Bu gün Kəlbəcərdə aparılan quruculuq işləri həmin dağıntılara verilən ən yaxşı cavabdır. Vaxtilə yandırılan evlərin yerində yeni yaşayış binaları tikilir, yollar çəkilir, məktəblər və digər sosial obyektlər inşa olunur. Azərbaycan dövləti bu torpaqlarda həyatın yenidən canlanması üçün bütün imkanlarını səfərbər edib.
Kəlbəcərin azad edilməsi uğrunda mübarizə aparan hərbçilərimizin qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalının təsis edilməsi bu istiqamətdə atılan mühüm addımlardan biri oldu. Bu medal rayonun azad olunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş, şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçuların xidmətlərinə verilən yüksək qiymətin ifadəsidir.
Bununla yanaşı, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncamla işğaldan azad edilmiş ərazilərin şəhər günləri təsis edildi. Həmin Sərəncama əsasən, noyabrın 25-i Kəlbəcər şəhəri günü kimi müəyyənləşdirildi.
Bu günün təsis edilməsi Kəlbəcərin azad olunması tarixinin daim yaşadılması, gələcək nəsillərə çatdırılması və xalqımızın qazandığı tarixi Qələbənin təbliği baxımından böyük əhəmiyyət daşıyır. Artıq hər il noyabrın 25-də Azərbaycan xalqı Kəlbəcərin azad olunmasını böyük qürur hissi ilə qeyd edir.
Kəlbəcər şəhəri günü həm də doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayan insanların sevincinin, şəhidlərimizin xatirəsinə ehtiramın və Azərbaycan Ordusunun qəhrəmanlığının təcəssümüdür.
Kəmalə Əliyeva – Zərdab rayonu, Qaravəlli kənd tam ümumtəhsil məktəbinin direktoru

























