Azərbaycan xalqının tarixində elə hadisələr var ki, onların əhəmiyyəti təkcə baş verdiyi dövrlə məhdudlaşmır, gələcək nəsillərin yaddaşında da yaşayır
2020-ci ildə baş vermiş Vətən müharibəsi və Kəlbəcərin işğaldan azad olunması Azərbaycan tarixinin belə mühüm hadisələrindəndir. Bu müharibə xalqımızın uzun illər ərzində torpaqlarımızın azad olunması ilə bağlı arzusunun gerçəkləşməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi mərhələ olmuşdur.
Azərbaycan torpaqlarının uzun illər işğal altında qalması xalqımızın həyatında ağır izlər buraxmışdı. İşğal nəticəsində yüz minlərlə insan doğma yurdlarından didərgin düşmüş, şəhər və kəndlər dağıdılmış, tarixi və dini abidələrimizə ciddi ziyan vurulmuşdu. Kəlbəcər rayonu da bu işğalın ağır nəticələrini yaşayan ərazilərimizdən biri idi. Gözəl təbiəti, zəngin yeraltı sərvətləri, mineral su mənbələri, meşələri və dağları ilə seçilən Kəlbəcər uzun illər doğma sakinlərinin qayıdışını gözləyirdi.
1993-cü il aprelin 2-də Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Bu hadisə nəticəsində rayonun əhalisi ağır şəraitdə öz doğma evlərini tərk etmək məcburiyyətində qaldı. İnsanlar illərlə qurduqları evlərdən, təsərrüfatlarından, xatirələrindən ayrıldılar. Kəlbəcərin işğalı Azərbaycanın təhlükəsizliyi baxımından da ciddi problemlər yaratdı. Rayonun coğrafi mövqeyi, dağlıq ərazisi və strateji yüksəklikləri onun hərbi və müdafiə baxımından əhəmiyyətini daha da artırırdı.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Beləliklə, 44 gün davam edən Vətən müharibəsi başlandı. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi əməliyyatlar nəticəsində bir sıra şəhər, rayon və kəndlərimizi işğaldan azad etdi. Ordumuzun əldə etdiyi uğurlar xalqımızın uzun illər davam edən torpaq həsrətinə son qoyulması istiqamətində mühüm dönüş yaratdı.
Vətən müharibəsinin gedişində Azərbaycanın hərbi gücü, əsgər və zabitlərimizin döyüş hazırlığı, müasir texnologiyalardan istifadə bacarığı və xalqımızın birliyi özünü göstərdi. Hər bir uğurlu əməliyyat ölkəmizin ərazi bütövlüyünün bərpasına doğru atılan mühüm addım idi. Noyabrın 8-də Şuşanın azad olunması müharibənin gedişində həlledici hadisələrdən biri oldu. Bu qələbədən sonra hərbi-siyasi vəziyyət Azərbaycanın xeyrinə dəyişdi.
2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında üçtərəfli Bəyanat imzalandı. Bəyanata əsasən, Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonundan çıxarılması və rayonun Azərbaycana qaytarılması nəzərdə tutuldu. Nəticədə, 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Bu tarix xalqımızın yaddaşında xüsusi yer tutdu. Çünki uzun illər doğma yurdlarından ayrı düşmüş Kəlbəcər sakinlərinin torpaqlarına qayıtması üçün yeni imkan yarandı.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

























