İşğaldan azad edilmiş torpaqlara Azərbaycan bayrağının sancılması xalqımızın milli qürurunu daha da artırdı
Kəlbəcərdə üçrəngli bayrağımızın dalğalanması Azərbaycanın öz tarixi torpaqlarına sahib çıxdığını bütün dünyaya göstərdi. Bu hadisə həm də şəhidlərimizin qanının yerdə qalmadığının, qazilərimizin göstərdiyi qəhrəmanlığın və xalqımızın birliyinin nəticəsi idi.
Kəlbəcərin azad olunması uğrunda döyüşlərdə iştirak etmiş hərbçilərimizin xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi. Bu medal uğrunda mübarizə aparan hərbçilərimizin qəhrəmanlığının və fədakarlığının dövlət səviyyəsində tanınmasının ifadəsidir.
Bu gün Kəlbəcər tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyub. İşğaldan azad edildikdən sonra rayonda genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb. Dağıdılmış yolların yenidən qurulması, elektrik enerjisi və digər kommunal infrastrukturun yaradılması, yaşayış binalarının tikilməsi, sosial obyektlərin inşası istiqamətində mühüm layihələr həyata keçirilir.
Kəlbəcərin gələcək inkişafında yol infrastrukturunun xüsusi əhəmiyyəti var. Çünki rayonun mürəkkəb dağlıq relyefi nəqliyyat əlaqələrinin qurulmasını çətinləşdirir. Bu baxımdan yeni avtomobil yollarının, tunellərin və körpülərin inşası bölgənin digər rayonlarla əlaqəsini asanlaşdıracaq. Eyni zamanda, Kəlbəcərin turizm imkanlarının inkişafı, İstisu mineral sularının potensialından istifadə edilməsi və kənd təsərrüfatının bərpası üçün geniş imkanlar yaranacaq.
Rayonun zəngin təbiəti turizmin inkişafı üçün də böyük üstünlükdür. Burada sağlamlıq turizmi, dağ turizmi, ekoturizm və istirahət mərkəzlərinin yaradılması mümkündür. Xüsusilə İstisu mineral suları Kəlbəcərin tanıdılmasında və bölgəyə turistlərin cəlb olunmasında mühüm rol oynaya bilər. Bütün bu layihələr gələcəkdə yeni iş yerlərinin açılmasına, yerli əhalinin məşğulluğunun artmasına və rayonun iqtisadi həyatının canlanmasına xidmət edəcək.
Dövlət tərəfindən həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması üçün zəruri şərait yaradılır. Məqsəd yalnız insanların evlə təmin edilməsi deyil, onların normal yaşayışı üçün bütün imkanların formalaşdırılmasıdır. Məktəblər, tibb müəssisələri, yollar, kommunal xidmətlər və digər sosial infrastruktur bu prosesin əsas istiqamətlərindəndir.
Azərbaycan xalqı üçün 25 noyabr tarixi xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi müəyyən edilib. Bu tarix hər il xalqımız tərəfindən böyük qürur və sevinc hissi ilə qeyd olunur. Həmin gün Kəlbəcərin işğaldan azad edilməsini, Vətən müharibəsində qazanılmış tarixi Qələbəni və doğma torpaqlarımızın geri qaytarılmasını xatırladır.
Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd tam ümumtəhsil orta məktəbinin direktoru
























