image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-media-whatsapp-image-2026-11-25-at-08-05-38-4h9i5akzb6ulmwqg10xe-e1795587639998

Gerçəkləşən ümidlərin ünvanı – Kəlbəcər

image-legitimaz-810x90

Gerçəkləşən ümidlərin ünvanı – Kəlbəcər

Ölkəmizin ayrılmaz hissəsi olan, füsunkar təbiəti, uca dağları, zəngin mineral suları, sıx meşələri, saf havası və əsrarəngiz mənzərələri ilə seçilən Kəlbəcər xalqımızın milli-mənəvi dəyərlərinin, tarixi yaddaşının və doğma yurda sarsılmaz bağlılığının təcəssümü, keçmişdən gələn zəngin irsimizin və gələcəyə yönələn ümidlərimizin ünvanıdır. Onun hər daşı, hər bulağı, hər yamacı vətən sevgisinin, doğmalığın və milli kimliyin ayrılmaz parçasıdır. Uzun illər düşmən işğalı altında qalmasına baxmayaraq digər bölgələrimiz kimi Kəlbəcərin də azad olunması xalqımızın ən böyük arzusu, dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri olaraq qaldı. Bu illər ərzində Azərbaycan heç zaman torpaqlarının itirilməsi ilə barışmadı, öz ərazi bütövlüyünü bərpa etmək əzmindən geri çəkilmədi. Prezident İlham Əliyevin dəfələrlə çıxışlarında bəyan etdiyi “Azərbaycan heç vaxt işğalla barışmayıb və barışmayacaq” fikri dövlətimizin qətiyyətli mövqeyini, xalqımızın sarsılmaz iradəsini və tarixi ədalətin bərpasına olan inamını ifadə edirdi. Zaman keçdikcə bu inam siyasi iradə, diplomatik mübarizə və güclü ordu ilə birləşərək real nəticəyə çevrildi. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər ölkəmizin tarixində yeni bir mərhələnin başlanğıcını qoydu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman vətən övladları işğal altında olan torpaqlarımızı azad edərək tarixi ədaləti bərpa etdi, xalqımızın illərlə davam edən həsrətinə son qoydu. Kəlbəcərin azadlığı da bu böyük qələbənin mühüm tərkib hissəsi oldu. 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonunun Azərbaycana qaytarılması təmin edildi və 25 noyabr tarixində Azərbaycan Ordusu Kəlbəcərə daxil oldu. Bu proses hərbi-siyasi qələbəmizin gücünü, dövlətimizin qətiyyətini və qarşıya qoyulan məqsədlərə nail olmaq əzmini bir daha nümayiş etdirdi. Kəlbəcərin bir güllə belə atılmadan azad olunması Azərbaycanın hərbi gücü ilə yanaşı, siyasi iradəsinin, diplomatik məharətinin və strateji düşüncəsinin də təntənəsi idi. Bu hadisə bir daha göstərdi ki, güclü dövlət, qətiyyətli rəhbərlik və milli birlik qarşısında heç bir maneə uzun müddət dayana bilməz. Hazırda Kəlbəcər keçmişin ağrılı xatirələrini geridə qoyaraq gələcəyə doğru inamla irəliləyir. Bir zamanlar həsrət, nisgil və ayrılıqla xatırlanan bu torpaq indi quruculuğun, inkişafın, həyatın və ümidlərin ünvanına çevrilir. Kəlbəcərin hər bir guşəsində həyata keçirilən yenidənqurma işləri xalqımızın Zəfər ruhunu, dövlətimizin qüdrətini və gələcəyə olan inamını əks etdirir. Kəlbəcərdə yüksələn hər yeni tikili, yenidən canlanan hər küçə, axan hər bulaq, doğma torpağına qayıdan hər insan Azərbaycanın Zəfər tarixini yaşadır. Bu torpaq artıq keçmişin həsrətini deyil, gələcəyin ümidlərini daşıyır. Kəlbəcərin dirçəlişi həm də Böyük Qayıdış ideyasının gerçəkləşməsinin mühüm simvoludur. İllərlə doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan insanların bu gün həmin torpaqlarda yeni həyat qurması, övladlarını ata-baba yurdunda böyütməsi, doğma evlərinin qapısını yenidən açması dövlətimizin həyata keçirdiyi siyasətin ən böyük mənəvi nəticələrindən biridir. Vətənə qayıdış həm də tarixi yaddaşın bərpası, milli ruhun yenidən canlanması, doğma torpaqlarla qırılmış bağların möhkəmlənməsi deməkdir. Kəlbəcərdə qurulan yeni həyat bu torpağın əsl sahiblərinin geri dönüşünü, gələcəyə yönəlmiş yeni bir tarix yazmasını ifadə edir.

Ələkbər Kərimov,

YAP Zərdab rayon təşkilatının sədr müavini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki