image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-2

Kəlbəcər Azərbaycanın ən gözəl və zəngin təbiətə malik bölgələrindən biridir

image-legitimaz-810x90

Kəlbəcər Azərbaycanın ən gözəl və zəngin təbiətə malik bölgələrindən biridir

 

Azərbaycan xalqının tarixində elə hadisələr var ki, onların acı nəticələri uzun illər yaddaşlardan silinmir. Torpaqlarımızın işğal altında qaldığı dövr, doğma yurdlarından didərgin düşmüş insanların yaşadığı ağır günlər, dağıdılmış şəhər və kəndlər, talan edilmiş tarixi-mədəni abidələr xalqımızın yaddaşında dərin iz buraxıb. 30 ilə yaxın davam edən işğal dövründə Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi dağıntılar və həyata keçirdiyi qanunsuz əməllər bölgənin inkişafına ciddi zərbə vurub. Kəlbəcər rayonunun işğaldan azad olunması və erməni silahlı qüvvələrinin bu ərazini tərk etməsi zamanı baş verən hadisələr isə işğalın əsl mahiyyətini bir daha göstərib.

Kəlbəcər Azərbaycanın ən gözəl və zəngin təbiətə malik bölgələrindən biridir. Möhtəşəm dağları, saf suları, geniş yaylaqları, zəngin meşələri və faydalı qazıntıları ilə seçilən bu rayon ölkəmizin təbii sərvətlər xəzinəsinin mühüm hissəsidir. Kəlbəcər həm də qədim tarixə, zəngin mədəniyyətə və böyük turizm imkanlarına malikdir. Bu torpaqda yaşayan insanlar öz el-obasına, ev-eşiyinə, ata-baba yurduna bağlı olublar. Lakin 1993-cü il aprelin 2-də Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində rayonun dinc əhalisi öz doğma yurdunu tərk etmək məcburiyyətində qalıb. İnsanlar illərlə qurduqları evlərini, təsərrüfatlarını, xatirələrini geridə qoyaraq ağır şəraitdə köçkün həyatı yaşamağa başlayıblar.

Kəlbəcərin işğalı yalnız bir rayonun ərazisinin itirilməsi demək deyildi. Bu hadisə minlərlə insanın həyatının dəyişməsi, ailələrin parçalanması, doğma yurd həsrətinin başlanması idi. İşğal nəticəsində yaşayış evləri, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları və digər obyektlər dağıdıldı, bölgənin iqtisadi və sosial həyatı iflic vəziyyətinə düşdü. Uzun illər ərzində kəlbəcərlilər doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşadılar. Onlar inanırdılar ki, bir gün yenidən öz evlərinə dönəcək, doğma dağlarının havasını udacaq, uşaqlıqlarının keçdiyi küçələrdə gəzəcəklər.

1990-cı illərin əvvəllərində başlanan işğal nəticəsində Kəlbəcərdə yaşayan azərbaycanlılar öz evlərindən didərgin salındıqları halda, sonrakı illərdə Ermənistan tərəfindən həmin ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti həyata keçirildi. İşğalçı tərəf bununla kifayətlənməyərək bölgənin təbii sərvətlərindən qanunsuz istifadə etdi, tarixi və mədəni irsinə zərər vurdu. Azərbaycanın qədim tarixinə aid abidələrin mənşəyinin dəyişdirilməsinə, onların erməniləşdirilməsinə cəhd göstərildi. Bu faktlar işğalın yalnız ərazi zəbt etməkdən ibarət olmadığını, həm də xalqımızın tarixi yaddaşına və milli-mədəni irsinə qarşı yönəldiyini göstərirdi.

 

Fuad Eyvazov – Məmmədqasımlı kənd sakini, sahibkar

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki