Kəlbəcər artıq keçmişin ağrılı xatirələri ilə deyil, gələcəyə yönəlmiş quruculuq işləri ilə gündəmdədir
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları 44 gün davam edən Vətən müharibəsinə çevrildi. Azərbaycan əsgəri və zabiti böyük qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ oldu.
Kəlbəcərin boşaldılması zamanı törədilən dağıntılar bir daha göstərdi ki, işğalın nəticələri yalnız torpaqların zəbt edilməsi ilə məhdudlaşmır. İşğal insanların həyatına, təbiətə, mədəni irsə və gələcək nəsillərin inkişaf imkanlarına da ağır zərbə vurur. Yandırılmış evlər, dağıdılmış tikililər, məhv edilmiş ağaclar və talan olunmuş sərvətlər uzun illər ərzində aparılmış dağıdıcı siyasətin acı izləridir.
Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti və xalqı quruculuq yolunu seçdi. Dağıdılmış ərazilərimizdə yenidən evlər tikilir, yollar çəkilir, məktəblər və digər sosial obyektlər inşa olunur. Bir vaxtlar xarabalığa çevrilmiş yaşayış məntəqələrində həyat yenidən canlanır. Bu gün əsas məqsəd doğma yurdlarından didərgin düşmüş insanların təhlükəsiz və rahat şəkildə öz torpaqlarına qayıtmasını təmin etməkdir.
Kəlbəcərin 2020-ci il noyabrın 25-də işğaldan azad edilməsi Azərbaycan tarixinin mühüm hadisələrindən biridir. Ermənilərin rayonu tərk edərkən törətdikləri yanğınlar və dağıntılar isə işğal dövrünün yadda qalan acı səhifələrindən biri kimi tarixə düşüb. Azərbaycan xalqı bütün çətinliklərə baxmayaraq, öz torpaqlarına sahib çıxdı, ərazi bütövlüyünü bərpa etdi və bu gün həmin ərazilərdə yeni həyat qurur.
Kəlbəcər artıq keçmişin ağrılı xatirələri ilə deyil, gələcəyə yönəlmiş quruculuq işləri ilə gündəmdədir. Bu torpaqlarda yenidən uşaqların səsi eşidiləcək, məktəblər fəaliyyət göstərəcək, bağlar salınacaq, insanlar öz doğma yurdlarında firavan yaşayacaqlar. Kəlbəcərin yenidən qurulması Azərbaycan xalqının iradəsinin, birliyinin və torpaqlarına bağlılığının bariz nümunəsidir.
Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc
























