Kəlbəcərin təbiətinə vurulan zərər də ciddi narahatlıq doğururdu
2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən üçtərəfli Bəyanat imzalandı. Bəyanatın 6-cı bəndinə əsasən Kəlbəcər rayonu noyabrın 15-dək Azərbaycana qaytarılmalı idi. Lakin Ermənistan tərəfi rayonu boşaltmaq üçün əlavə vaxt istədi və müddət noyabrın 25-dək uzadıldı. Nəticədə noyabrın 25-də Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil oldu və rayon Azərbaycanın nəzarətinə qaytarıldı. Beləliklə, Kəlbəcər hərbi əməliyyat aparılmadan, əldə edilmiş hərbi-siyasi üstünlük və diplomatik razılaşma nəticəsində azad edildi.
Bu hadisə Azərbaycan dövlətinin həm döyüş meydanında, həm də diplomatik danışıqlar masasında əldə etdiyi uğurun göstəricisi idi. Vətən müharibəsindəki Qələbə Ermənistanı işğal altında saxladığı əraziləri boşaltmağa məcbur etdi. Kəlbəcərin qaytarılması ilə uzun illər doğma yurd həsrəti çəkən insanların qəlbində yenidən ümid yarandı.
Təəssüf doğuran məqamlardan biri də ermənilərin Kəlbəcəri tərk edərkən törətdikləri dağıntılar oldu. Rayonun Azərbaycana qaytarılması ərəfəsində bəzi yaşayış evlərinin yandırılması, ağacların kəsilməsi, meşəlik ərazilərə ziyan vurulması və digər dağıdıcı hərəkətlər müşahidə edildi. İnsanların illərlə yaşadığı, qurub-yaratdığı evlərin özləri tərəfindən yandırılması, bağların məhv edilməsi, mülki obyektlərin yararsız vəziyyətə salınması işğalın acı nəticələrini bir daha göz önünə gətirdi.
Bu hərəkətlər ilk növbədə insanlığa və ümumbəşəri dəyərlərə hörmətsizlik idi. Çünki mülki yaşayış evləri, məktəblər, təsərrüfat obyektləri və digər tikililər hansı xalqa məxsus olmasından asılı olmayaraq qorunmalıdır. Bir ərazini tərk edərkən orada yaşayan insanların gələcək həyatını çətinləşdirmək məqsədilə yaşayış evlərini və digər obyektləri yandırmaq heç bir halda qəbul edilə bilməz.
Xüsusilə qeyd etmək lazımdır ki, Kəlbəcərin təbiətinə vurulan zərər də ciddi narahatlıq doğururdu. Bu rayon öz zəngin meşələri, dağ çayları, təbii bulaqları və nadir bitki örtüyü ilə Azərbaycanın ən qiymətli təbiət guşələrindən biridir. Meşələrin yandırılması, ağacların məhv edilməsi yalnız bugünkü günə deyil, gələcək nəsillərə də zərər vurur. Təbiətə vurulan ziyanın aradan qaldırılması uzun illər vaxt və böyük vəsait tələb edir.
İşğal dövründə Kəlbəcərin təbii sərvətlərindən qanunsuz istifadə edilməsi, ərazidəki tarixi-mədəni abidələrin zədələnməsi və rayonun infrastrukturunun dağıdılması da bu siyasətin tərkib hissəsi idi. Kəlbəcəri tərk edərkən törədilən yanğınlar və dağıntılar isə illərlə davam edən bu münasibətin daha bir nümunəsi kimi yadda qaldı.
Kəlbəcərin işğaldan azad olunması Azərbaycan xalqı üçün yalnız coğrafi ərazinin geri qaytarılması deyildi. Bu, illərlə yurd həsrəti ilə yaşayan insanların arzularının gerçəkləşməsi, ata-baba torpaqlarına qayıdışın başlanması demək idi. Kəlbəcərlilər uzun illər ərzində müxtəlif bölgələrdə məskunlaşsalar da, doğma rayonlarını heç vaxt unutmadılar. Onlar öz kəndlərinin, evlərinin, bulaqlarının, dağlarının xatirəsini yaşatdılar və bir gün geri dönəcəklərinə inandılar.
Gülnaz Məmmədova – Zərdab şəhər sakini, təqaüdçü
























