İstiqlal Bəyannaməsi Azərbaycan xalqının azadlıq tarixinin ən parlaq səhifələrindən biridir
1918-ci il mayın 28-də qəbul olunmuş Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və onun əsas hüquqi sənədi olan İstiqlal Bəyannaməsi Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi olmuşdur. Bu tarixi sənəd xalqımızın əsrlər boyu yaşatdığı azadlıq arzularını gerçəyə çevirmiş, milli dövlətçilik ənənələrinin bərpasına zəmin yaratmışdır. İstiqlal Bəyannaməsi yalnız siyasi sənəd deyil, eyni zamanda milli iradənin, xalqın azad yaşamaq əzminin və müstəqillik düşüncəsinin təntənəsi idi.
Azərbaycan xalqı tarix boyu müxtəlif imperiyaların tərkibində yaşasa da, heç zaman azadlıq və müstəqillik ideyalarından uzaq düşməmişdir. XIX əsrin sonu – XX əsrin əvvəllərində ölkədə milli oyanış hərəkatı güclənmiş, maarifçilik, mətbuat və milli düşüncə inkişaf etməyə başlamışdı. Belə bir şəraitdə xalqın qabaqcıl ziyalıları və siyasi xadimləri milli dövlət quruculuğu ideyasını ön plana çəkdilər. Nəticədə 1918-ci ilin may ayında Azərbaycan xalqı öz müstəqil dövlətini elan etdi.
İstiqlal Bəyannaməsinin qəbul olunması ilə Azərbaycan Şərqdə ilk demokratik, hüquqi və parlament respublikası kimi tarixə düşdü. Bu sənəd xalq hakimiyyətinə əsaslanan dövlət quruluşunun yaradıldığını bəyan edir, bütün vətəndaşlara milli, dini, sosial mənsubiyyətindən asılı olmayaraq bərabər hüquqlar verirdi. İnsan hüquq və azadlıqlarının qorunması, demokratik idarəetmə prinsiplərinin tətbiqi həmin dövr üçün olduqca mütərəqqi addım idi.
Bəyannamənin əsas əhəmiyyəti ondan ibarət idi ki, o, xalqın milli mənlik şüurunu və dövlətçilik hisslərini daha da möhkəmləndirdi. İnsanlar artıq öz taleyinin sahibi olduqlarını hiss edir, müstəqil dövlət ətrafında sıx birləşirdilər. Milli bayraq, ordu, parlament və dövlət atributlarının yaradılması xalqda böyük ruh yüksəkliyi formalaşdırmışdı. Məhz bu dövrdə azərbaycançılıq ideyası daha da güclənərək ümummilli birliyə çevrildi.
Məmməd Əmin Rəsulzadə başda olmaqla Cümhuriyyət liderlərinin fəaliyyəti xalqın istiqlal ruhunun yüksəlməsində mühüm rol oynadı. “Bir kərə yüksələn bayraq bir daha enməz” fikri müstəqillik ideyasının rəmzinə çevrildi. Bu ideya illər keçsə də xalqımızın yaddaşında yaşadı və gələcək nəsillərə ötürüldü.
Sovet hakimiyyəti illərində Azərbaycan formal şəkildə müttəfiq respublika olsa da, xalqın qəlbində müstəqillik arzusu daim yaşayırdı. 1918-ci ildə qəbul edilmiş İstiqlal Bəyannaməsi azadlıq mübarizəsinin ideoloji əsaslarından biri kimi yaddaşlarda qorunurdu. XX əsrin sonlarında xalqımız yenidən ayağa qalxaraq dövlət müstəqilliyini bərpa etdi. 1991-ci ildə Azərbaycanın yenidən müstəqilliyini elan etməsi 1918-ci ildə əsası qoyulan dövlətçilik ənənələrinin davamı idi.
Bu gün müstəqil Azərbaycan dövləti İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Dövlətimizin əldə etdiyi nailiyyətlər, beynəlxalq nüfuzu və güclü ordusu xalqımızın müstəqillik ideallarının gerçəkləşdiyini bir daha sübut edir. Müasir Azərbaycan gəncliyi də İstiqlal Bəyannaməsinin ruhuna sadiq qalaraq vətənpərvərlik, milli birlik və dövlətçilik dəyərlərini yüksək tutur.
İstiqlal Bəyannaməsi Azərbaycan xalqının azadlıq tarixinin ən parlaq səhifələrindən biridir. Bu sənəd xalqımızın müstəqillik hisslərini daha da gücləndirmiş, milli birlik və dövlətçilik şüurunun formalaşmasına böyük təsir göstərmişdir. Azərbaycan xalqı öz istiqlalını böyük çətinliklər hesabına qazansa da, onu qorumağa və daha da möhkəmləndirməyə daim qadir olduğunu bütün dünyaya nümayiş etdirmişdir.
Nailə Əliyev – Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

























