image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-4865_1716864308

Bu gün müstəqil Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyəti irsini yaşadır, onun milli dövlətçilik və azadlıq ideyalarını davam etdirir

image-legitimaz-810x90

Bu gün müstəqil Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyəti irsini yaşadır, onun milli dövlətçilik və azadlıq ideyalarını davam etdirir

 

1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Şərqdə ilk demokratik və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yalnız dövlət müstəqilliyinin bərpası ilə kifayətlənmədi, eyni zamanda xalqın milli kimlik şüurunun formalaşmasında və inkişafında mühüm rol oynadı. Uzun illər imperiya əsarəti altında yaşayan Azərbaycan xalqı məhz Cümhuriyyət dövründə öz milli varlığını, dilini, mədəniyyətini və dövlətçilik ənənələrini daha dərindən dərk etməyə başladı.

Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları xalqın milli mənsubiyyət hissinin gücləndirilməsini dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab edirdilər. Dövlət rəmzlərinin – bayraq, gerb və himnin qəbul olunması xalqda vətənpərvərlik hisslərini artırdı, milli birliyi möhkəmləndirdi. Xüsusilə üçrəngli bayrağın qəbul edilməsi Azərbaycan xalqının milli ideallarını və gələcəyə baxışını özündə əks etdirirdi. Bu bayraq türkçülük, islam həmrəyliyi və müasirlik ideyalarının rəmzinə çevrildi.

Cümhuriyyət dövründə Azərbaycan dilinə xüsusi diqqət yetirildi. Ana dilinin dövlət dili elan olunması milli kimliyin qorunması və inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət daşıyırdı. Təhsil sahəsində həyata keçirilən islahatlar nəticəsində milli ruhda yeni məktəblər açıldı, savadlılığın artırılması istiqamətində mühüm addımlar atıldı. Gənclərin xarici ölkələrə təhsil almağa göndərilməsi xalqın intellektual potensialının inkişafına xidmət edirdi.

Məhəmməd Əmin Rəsulzadə başda olmaqla Cümhuriyyət liderləri xalqın milli özünüdərk hissinin gücləndirilməsi üçün böyük səylər göstərirdilər. “Bir kərə yüksələn bayraq bir daha enməz” fikri milli azadlıq və müstəqillik ideyasının əsas şüarına çevrilmişdi. Bu ideya xalqın azad yaşamaq əzmini, milli dəyərlərinə bağlılığını daha da artırırdı.

Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçki hüququ verən ilk müsəlman Şərq dövləti kimi də tarixə düşmüşdür. Bu addım cəmiyyətin demokratik inkişafına və milli düşüncənin yenilənməsinə böyük təsir göstərdi. Parlamentin fəaliyyəti, çoxpartiyalı siyasi sistemin yaradılması və demokratik prinsiplərin tətbiqi xalqın siyasi şüurunun formalaşmasına səbəb oldu.

Cümhuriyyətin fəaliyyəti cəmi 23 ay davam etsə də, onun Azərbaycan xalqının milli kimlik şüurunun formalaşmasında rolu əvəzsizdir. Bu dövrdə əsası qoyulan milli dövlətçilik ənənələri sonrakı nəsillər üçün örnək oldu və müstəqillik ideyasının yaşamasını təmin etdi. 1991-ci ildə Azərbaycanın yenidən dövlət müstəqilliyini bərpa etməsi də məhz Cümhuriyyət ideyalarının davamı idi.

Bu gün müstəqil Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyəti irsini yaşadır, onun milli dövlətçilik və azadlıq ideyalarını davam etdirir. Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli kimlik şüurunu özünə qaytararaq, onu azadlıq, müstəqillik və milli birlik uğrunda mübarizəyə ruhlandırmış tarixi bir məktəb kimi yaddaşlarda yaşayır.

 

 

Fazil Kərimov – Zərdab rayonu, İsaqbağı kənd sakini, təqaüddə olan müəllim

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki