image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17822130546461163686_1200x630

Münasibətlərimiz möhkəm təməl, tarixi bağlar, mədəni əlaqələr və mənəvi dəyərlər üzərində qurulub

image-legitimaz-810x90

Münasibətlərimiz möhkəm təməl, tarixi bağlar, mədəni əlaqələr və mənəvi dəyərlər üzərində qurulub

 

Azərbaycan–Türkiyə münasibətləri dünya siyasətində nadir nümunələrdən biri hesab olunur. Bu münasibətlərin əsasını yalnız dövlət maraqları deyil, eyni zamanda əsrlər boyu formalaşmış ortaq tarix, dil, din, mədəniyyət və mənəvi dəyərlər təşkil edir. Məhz bu amillər iki ölkə arasında əməkdaşlığın davamlı və strateji xarakter almasına şərait yaratmışdır. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu “Bir millət, iki dövlət” konsepsiyası Azərbaycan–Türkiyə münasibətlərinin ideoloji əsasını təşkil edir və bu gün Prezident İlham Əliyev ilə Prezident Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi nəticəsində uğurla davam etdirilir.  Azərbaycan və Türkiyə xalqlarını bir-birinə bağlayan tarixi köklər yüzilliklərə söykənir. Ortaq etnik mənsubiyyət, dil və mədəniyyət birliyi iki xalq arasında qarşılıqlı etimad və qardaşlıq münasibətlərinin formalaşmasına səbəb olmuşdur. Tarixin müxtəlif mərhələlərində xalqlarımız bir-birinin sevincini və kədərini paylaşmış, çətin dövrlərdə qarşılıqlı dəstək nümayiş etdirmişlər. Birinci Dünya müharibəsi illərində azərbaycanlıların Çanaqqala döyüşlərində iştirak etməsi, 1918-ci ildə isə Qafqaz İslam Ordusunun Bakının azad olunmasında göstərdiyi xidmətlər bu qardaşlığın tarixi təzahürləri kimi qiymətləndirilir.  Müstəqillik dövründə Azərbaycan–Türkiyə münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Türkiyə Respublikası 9 noyabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olmuş, 14 yanvar 1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur. Bu addım Türkiyənin Azərbaycana olan qardaşlıq münasibətinin və siyasi dəstəyinin bariz nümunəsi kimi tarixə düşmüşdür. Sonrakı illərdə imzalanan çoxsaylı müqavilələr və strateji sənədlər münasibətlərin hüquqi bazasını daha da möhkəmləndirmişdir.  İki ölkə arasında mədəni-humanitar əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Təhsil, elm, incəsənət, ədəbiyyat və media sahələrində həyata keçirilən birgə layihələr ortaq mədəni irsin qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir. Türk dünyasının birliyinə yönəlmiş təşəbbüslər, ortaq mədəni tədbirlər və beynəlxalq platformalarda qarşılıqlı dəstək xalqlarımız arasındakı mənəvi bağlılığı daha da gücləndirir. Bu baxımdan Azərbaycan–Türkiyə münasibətləri yalnız siyasi və iqtisadi əməkdaşlıq deyil, həm də ortaq mənəvi dəyərlərə söykənən qardaşlıq modeli kimi çıxış edir. Son illərdə həyata keçirilən TANAP, Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Qars kimi qlobal əhəmiyyətli layihələr iki ölkənin strateji tərəfdaşlığını daha da möhkəmləndirmişdir. Xüsusilə 15 iyun 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəltmiş, siyasi, iqtisadi, hərbi və humanitar əməkdaşlığın yeni mərhələsini müəyyən etmişdir. Bu sənəd qardaş ölkələrin regionda sülhün, təhlükəsizliyin və inkişafın təmin olunmasına birgə töhfə vermək əzmini nümayiş etdirmişdir.  Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və Türkiyə arasındakı münasibətlər xalqlarımızın əsrlər boyu formalaşmış dostluğu, qardaşlığı və birliyi kimi möhkəm təməllər üzərində qurulmuşdur. Bu gün iki dövlət arasında əməkdaşlıq ən yüksək səviyyəyə çatmış, beynəlxalq münasibətlər sistemində nümunəvi strateji tərəfdaşlıq modelinə çevrilmişdir. Tarixi bağlar, mədəni yaxınlıq və ortaq mənəvi dəyərlər gələcəkdə də Azərbaycan–Türkiyə münasibətlərinin inkişafının əsas təminatçısı olacaqdır.

 

Veteran müəllim Vəfadar Niftəliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki