İndi hökumətimizin qarşısında duran əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır.
Azərbaycan xalqı tarix boyu öz torpaqlarına, milli-mənəvi dəyərlərinə və dövlətçiliyinə daim bağlı olmuşdur. Lakin XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasəti nəticəsində ölkəmizin ayrılmaz tərkib hissəsi olan Qarabağ və Şərqi Zəngəzur bölgələri uzun illər dağıntı və viranəlik içərisində qalmışdır. Otuz ilə yaxın davam edən işğal dövründə yaşayış məntəqələri yerlə-yeksan edilmiş, tarixi və dini abidələr məhv edilmiş, təbiətə ciddi ziyan vurulmuşdur. Bu gün isə Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin torpaqları yenidən dirçəldir və regionu dünyanın ən müasir inkişaf məkanlarından birinə çevirmək istiqamətində mühüm addımlar atır.
İşğal dövründə erməni vandalizmi nəticəsində bir çox şəhər və kəndlər tamamilə dağıdılmışdı. Xüsusilə Ağdam şəhərinin taleyi dünya ictimaiyyətinin diqqətini çəkmişdir. Xarici jurnalistlər və beynəlxalq müşahidəçilər Ağdamı “Qafqazın Xirosiması” adlandırırdılar. Bunun əsas səbəbi şəhərin tamamilə məhv edilməsi idi. Burada nə yaşayış evləri, nə məktəblər, nə də mədəniyyət ocaqları qalmışdı. Şəhər sanki xəritədən silinmişdi. Lakin Xirosimadan fərqli olaraq, Ağdam bir gündə deyil, otuz il ərzində məqsədli şəkildə dağıdılmışdır. Tarixi binalar sökülmüş, məscidlər təhqir edilmiş, qəbiristanlıqlar belə vandalizmə məruz qalmışdır.
2020-ci ildə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər nəticəsində işğal altındakı torpaqlar azad edildi. Bu qələbə yalnız hərbi uğur deyil, həm də milli qürurun və xalq birliyinin təntənəsi idi. Prezident İlham Əliyevin qətiyyətli siyasəti, siyasi iradəsi və xalqla birliyi Azərbaycanın ərazi bütövlüyünün bərpasında həlledici rol oynadı. Dövlət başçısının rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə dərhal genişmiqyaslı yenidənqurma işlərinə start verildi. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr Azərbaycanın iqtisadi gücünü və inkişaf potensialını nümayiş etdirir. Bölgədə yeni avtomobil yolları, tunellər, körpülər və dəmir yolları inşa edilir. Müasir hava limanlarının tikilməsi regionun beynəlxalq əlaqələrinin genişlənməsinə xidmət edir. Artıq Füzuli, Zəngilan və Laçın şəhərlərində beynəlxalq hava limanları istifadəyə verilmişdir ki, bu da bölgənin strateji əhəmiyyətini daha da artırır.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biri “Böyük Qayıdış” proqramıdır. Bu proqramın məqsədi uzun illər doğma yurdlarından didərgin düşmüş insanların öz evlərinə təhlükəsiz şəkildə qayıtmasını təmin etməkdir. Artıq bir sıra yaşayış məntəqələrində keçmiş məcburi köçkünlərin məskunlaşması prosesi başlanmışdır. Yeni tikilən evlər, məktəblər, xəstəxanalar və sosial obyektlər insanların rahat yaşayışı üçün bütün imkanları yaradır.
Azad olunmuş ərazilərdə aparılan quruculuq işlərinin mühüm xüsusiyyətlərindən biri də müasir texnologiyaların tətbiq edilməsidir. Burada “ağıllı şəhər” və “ağıllı kənd” layihələri həyata keçirilir. Alternativ enerji mənbələrindən istifadə, ekoloji tarazlığın qorunması və rəqəmsal idarəetmə sistemlərinin qurulması Azərbaycanın gələcəyə hesablanmış inkişaf modelinin göstəricisidir. Dövlət başçısının təşəbbüsü ilə Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji zonası” elan edilmişdir ki, bu da regionun ekoloji baxımdan təhlükəsiz inkişafına xidmət edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Qarabağ və Şərqi Zəngəzur yenidən dirçəlir, həyat bu torpaqlara qayıdır. Dağıdılmış şəhərlərin yerində müasir yaşayış məntəqələri salınır, tarixi abidələr bərpa olunur, insanların doğma torpaqlara dönüş arzusu reallığa çevrilir. Bu siyasət yalnız iqtisadi və sosial inkişaf deyil, eyni zamanda tarixi ədalətin bərpasıdır.
Bu gün Qarabağda görülən işlər bütün dünyaya göstərir ki, Azərbaycan güclü dövlətdir və öz torpaqlarını yalnız azad etməyə deyil, həm də onları dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevirməyə qadirdir. Qarabağın və Şərqi Zəngəzurun dirçəlişi Prezident İlham Əliyevin uzaqgörən siyasətinin, Azərbaycan xalqının birliyinin və dövlətimizin qüdrətinin parlaq nümunəsidir.
Zərdab şəhər sakini Cavid Məmmədov


























