image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-1

Bu qurum sülh prosesinə dəstək vermək əvəzinə, ona qarşı sabotajla məşğul olur

image-legitimaz-810x90

İndi isə Avropa Parlamentini götürək. Bu qurum sülh prosesinə dəstək vermək əvəzinə, ona qarşı sabotajla məşğul olur

Prezident cənab İlham Əliyevin Ermənistanın paytaxtı İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışının mühüm hissəsi bəzi Avropa təsisatlarına ünvanlanan sərt mesajlarla yadda qaldı. Cənab Prezident açıq şəkildə bildirdi ki, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası Ermənistan-Azərbaycan sülh prosesində konstruktiv mövqe nümayiş etdirmir, əksinə ikili standartlar siyasəti yürüdür. Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra bu qurumların sərgilədiyi münasibət Bakıda haqlı narazılıq doğurur.

Dövlət başçımız haqlı olaraq vurğuladı ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü digər bütün dövlətlərin suverenliyi qədər eyni dəyərə malikdir. Bu məsələdə seçici yanaşma nə hüquqi, nə siyasi, nə də mənəvi baxımdan qəbul edilə bilər. Avropa Parlamentinin son beş ildə Azərbaycanla bağlı 14 qətnamə qəbul etməsi də Cənab Prezident tərəfindən sərt şəkildə tənqid olundu. Bu sənədlərin böhtan, təhrif və siyasi qərəz üzərində qurulduğunu bildirən dövlət başçısı qeyd etdi ki, bəzi Avropa dairələri öz daxilində ksenofobiya, islamofobiya, anti-semitizm, miqrasiya böhranı, rəqabət qabiliyyətinin azalması və evsizlik kimi fundamental problemlərlə məşğul olmaq əvəzinə, Azərbaycanı hədəfə çevirməyə üstünlük verir. Buna cavab olaraq Azərbaycan parlamentinin Avropa Parlamenti ilə bütün istiqamətlərdə əməkdaşlığın dayandırılması barədə qərarı siyasi prinsipiallığın göstəricisi kimi ortaya çıxır. Bu addım Azərbaycanın milli maraqlarına və dövlət suverenliyinə qarşı yönələn qərəzli münasibətə verilən aydın cavabdır.

Prezident cənab İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan regionda yeni siyasi düzənin əsas memarlarından biridir. Müharibə dövrü geridə qalıb və indi əsas məsələ bu sülhün dayanıqlı institusional çərçivəyə salınmasıdır. Sülh prosesinə mane olmaq istəyən müxtəlif qüvvələrin mövcudluğuna baxmayaraq, Azərbaycanın sülh gündəliyinə sadiqliyi dəyişməz qalır. Bu gün Cənubi Qafqaz tarixinin yeni səhifəsini açır. Azərbaycan artıq yalnız öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş dövlət kimi deyil, həm də regionda sülhün, əməkdaşlığın və yeni geosiyasi arxitekturanın əsas təşəbbüskarı kimi çıxış edir. Videobağlantı vasitəsilə səsləndirilən bu mesaj təkcə Avropaya yox, bütün dünyaya ünvanlanmış siyasi iradənin və dövlət qətiyyətinin nümayişi idi.

 

Ziya Nağıyev –Zərdab rayon Dəli Quşçu kənd sakini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki