Bu ilin martında biz Avropa İttifaqı Şurasının Prezidenti cənab Koştanı, sonra may ayında isə Avropa diplomatiyasının rəhbəri xanım Kallası qəbul etdik
İyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri çərçivəsində Prezident cənab İlham Əliyevlə keçirilən görüş və mətbuata verilən bəyanatlar Avropa İttifaqı ilə münasibətlərin siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat marşrutları, yaşıl enerji və regional təhlükəsizlik məsələləri üzrə qarşılıqlı fəaliyyəti daha da dərinləşdirdiyini nümayiş etdirir. Bu görüş həm ikitərəfli münasibətlərin gələcək istiqamətlərini müəyyənləşdirir, həm də Cənubi Qafqazda davamlı sülhün möhkəmləndirilməsi baxımından mühüm siyasi önəm kəsb edir. Prezident cənab İlham Əliyev bəyanatında vurğulayıb ki, Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindəyik. Bu ilin mart ayında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, may ayında isə Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın ölkəmizə səfərlərindən sonra Avropa Komissiyasının Prezidentinin ölkəmizə səfəri qarşılıqlı siyasi dialoqun intensiv xarakter aldığının göstəricisidir. Münasibətlərdə müşahidə olunan dinamika tərəflərin əməkdaşlığı genişləndirmək və strateji tərəfdaşlığı daha da möhkəmləndirmək iradəsinin nəticəsidir. Avropa İttifaqı ilə münasibətlər artıq yalnız enerji sahəsi ilə məhdudlaşmır, daha geniş siyasi və iqtisadi gündəliyi əhatə edir.
Prezident cənab İlham Əliyev çıxışında iqtisadi əməkdaşlığın mövcud səviyyəsinə toxunaraq qeyd edib ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Xarici ticarətin 40 faizdən çoxunun Avropa İttifaqına üzv dövlətlərlə aparılması qarşılıqlı iqtisadi əlaqələrin nə qədər möhkəm olduğunu təsdiqləyir. Eyni zamanda, Cənubi Qafqaz üzrə Avropa İttifaqının ticarət dövriyyəsinin təxminən 70 faizinin Azərbaycanla həyata keçirilməsi respublikanın regionun aparıcı iqtisadi tərəfdaşı olduğunu bir daha təsdiqləyir. Bu göstəricilər iqtisadi potensialın, əlverişli biznes mühitinin və etibarlı tərəfdaş imicinin nəticəsidir. Prezident cənab İlham Əliyevin bəyanatında enerji təhlükəsizliyi əsas mövzulardan biri kimi ön plana çıxır. 4 il əvvəl imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumu mühüm nəticələr verib. Bu müddət ərzində Avropa İttifaqına üzv dövlətlərə təbii qaz ixracı təxminən 65 faiz artıb. Hazırda ixrac olunan qazın yarısı Avropa bazarına göndərilir və Avropa İttifaqının artıq 10 üzv dövləti Azərbaycan qazı ilə təmin olunur. Bu coğrafiyanın daha da genişləndirilməsi üçün ciddi potensial mövcuddur. Dövlətimizin başçısı vurğulayıb ki, bu gün hər ölkə üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir. Məhz buna görə də uzun illər ərzində həyata keçirilən siyasi, diplomatik və maliyyə siyasəti nəticəsində formalaşdırılmış enerji infrastrukturu bu gün öz səmərəsini verir.
Dərya Əhmədova
Zərdab rayonu Şıxbağı kənd tam orta məktəbinin direktoru


























