Biz təkcə musiqimizdə və şeirlərimizdə deyil, eyni zamanda, memarlıqda öz əksini tapan qədim tariximizlə qürur duyuruq.
Bakıda keçirilən 13-cü Ümumdünya Şəhərsalma Forumu Azərbaycanın zəngin tarixi və mədəniyyətini bir daha dünya ictimaiyyətinə nümayiş etdirdi. Forum zamanı ölkəmizin qədim şəhərləri, milli irsi və müasir inkişafı haqqında mühüm fikirlər səsləndirildi. “Biz təkcə musiqimizdə və şeirlərimizdə deyil, eyni zamanda, memarlıqda öz əksini tapan qədim tariximizlə qürur duyuruq” fikri tədbirin ən yadda qalan mesajlarından biri oldu. Azərbaycan xalqı əsrlər boyu zəngin mədəniyyət yaradıb. Muğamımız, aşıq sənətimiz və klassik poeziyamız dünya mədəniyyətində xüsusi yer tutur. Lakin xalqımızın qədim tarixi yalnız musiqi və ədəbiyyatda deyil, memarlıq nümunələrində də yaşayır. Tarixi abidələrimiz keçmişimizi bu günə çatdıran ən qiymətli sərvətlərdəndir.
Bakı şəhəri bu zənginliyin ən gözəl nümunəsidir. İçərişəhərin qədim küçələri, Qız qalası və Şirvanşahlar Sarayı Azərbaycanın qədim memarlıq məktəbinin yüksək səviyyəsini göstərir. Bu abidələr təkcə daş və divarlardan ibarət deyil, onlar xalqımızın tarixini, düşüncəsini və sənət zövqünü özündə əks etdirir. Azərbaycanın digər bölgələrində də qədim memarlıq nümunələri qorunur. Şəki şəhərində yerləşən Xan Sarayı öz gözəl naxışları və rəngli şəbəkələri ilə məşhurdur. Naxçıvan və Şamaxı şəhərlərində yerləşən qədim türbələr və məscidlər isə xalqımızın zəngin keçmişindən xəbər verir. Bu tarixi tikililər Azərbaycan memarlığının nə qədər qədim və zəngin olduğunu göstərir.
Son illərdə ölkəmizdə tarixi abidələrin qorunmasına xüsusi diqqət yetirilir. Bir çox qədim tikililər bərpa olunur, ətrafı abadlaşdırılır və turistlərin istifadəsinə verilir. Bu işlər Azərbaycanın mədəni irsinin gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır.
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu göstərdi ki, Azərbaycan həm qədim tarixini qoruyan, həm də müasir inkişafı davam etdirən ölkədir. Biz öz musiqimiz, şeirlərimiz və memarlıq abidələrimizlə fəxr edirik. Çünki bu zəngin irs xalqımızın keçmişini yaşadır və gələcəyinə işıq tutur.
Zərdab rayon Əlibəyli kənd tam orta ümumtəhsil məktəbinin müəllimi-Aliyə Rüstəmova


























