Azərbaycan və Türkmənistan regional inkişafın və strateji əməkdaşlığın aparıcı tərəfdaşları kimi qarşılıqlı etimada və ortaq maraqlara əsaslanan münasibətlərini uğurla inkişaf etdirirlər
Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycan və Türkmənistan arasında formalaşmış əməkdaşlıq modeli region üçün xüsusi əhəmiyyət kəsb edir. Hər iki ölkə geostrateji mövqeyi, zəngin iqtisadi potensialı və ortaq maraqları sayəsində regional əməkdaşlığın inkişafında mühüm rol oynayır. Son illərdə Bakı ilə Aşqabad arasında əlaqələrin sürətlə genişlənməsi siyasi, iqtisadi və nəqliyyat sahələrində yeni imkanlar yaradıb.
Türkmənistanın Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv kimi qəbul olunmasına verdiyi dəstək ikitərəfli münasibətlərin yüksək səviyyəsinin göstəricisidir. Azərbaycan coğrafi baxımdan Cənubi Qafqazda yerləşsə də, tarix, dil, mədəniyyət və iqtisadi əlaqələr baxımından Mərkəzi Asiya ölkələri ilə sıx bağlıdır. Son illərdə regionda formalaşan yeni iqtisadi və nəqliyyat əlaqələri böyük Mərkəzi Asiya məkanının yaranmasına təkan verir. Bu baxımdan Azərbaycanın həmin platformada təmsil olunması həm ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsi, həm də regional əməkdaşlığın genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan və Türkmənistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq strateji xarakter daşıyır. Xəzər dənizinin sahilində yerləşən hər iki ölkə Şərqlə Qərbi birləşdirən beynəlxalq nəqliyyat marşrutlarının vacib iştirakçılarıdır. Son illərdə dünya iqtisadiyyatında baş verən dəyişikliklər alternativ və təhlükəsiz nəqliyyat dəhlizlərinin əhəmiyyətini daha da artırıb. Bu baxımdan Azərbaycanın təşəbbüsü ilə inkişaf etdirilən Orta Dəhliz və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu xüsusi önəm daşıyır.
Türkmənistanın logistika imkanları ilə Azərbaycanın müasir nəqliyyat infrastrukturu birləşərək Avropa ilə Asiya arasında yükdaşımaların həcminin artmasına şərait yaradır. Limanlar, dəmir yolları və multimodal daşımalar sahəsində həyata keçirilən layihələr regionun tranzit potensialını əhəmiyyətli dərəcədə gücləndirir. Bu əməkdaşlıq yalnız iki ölkəyə deyil, bütövlükdə Avrasiya məkanında iqtisadi inteqrasiyanın inkişafına xidmət edir.
Enerji sektoru Azərbaycan–Türkmənistan tərəfdaşlığının əsas istiqamətlərindən biri olaraq qalır. Hər iki ölkə zəngin karbohidrogen ehtiyatlarına malikdir və beynəlxalq enerji bazarlarında mühüm mövqeyə sahibdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, mövcud potensial enerji sahəsində səylərin daha da birləşdirilməsinə imkan verir. Bu əməkdaşlıq regionun enerji təhlükəsizliyinin gücləndirilməsi, yeni ixrac imkanlarının yaradılması və beynəlxalq bazarlara çıxışın genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Azərbaycanın Türkmənistanın beynəlxalq təşəbbüslərini, xüsusilə neytrallıq siyasətini ardıcıl şəkildə dəstəkləməsi də münasibətlərin strateji xarakterini təsdiqləyir. Eyni zamanda Türkmənistanın sosial-iqtisadi inkişaf sahəsində qazandığı uğurlar Azərbaycanda yüksək qiymətləndirilir. Qarşılıqlı dəstək və etimada əsaslanan bu münasibətlər regional sabitliyin qorunmasına, əməkdaşlığın genişlənməsinə və yeni layihələrin həyata keçirilməsinə xidmət edir.
Azərbaycan və Türkmənistan arasında formalaşmış strateji tərəfdaşlıq regionda sülhün, təhlükəsizliyin və iqtisadi inkişafın vacib amillərindən biridir. Nəqliyyat, enerji, logistika və beynəlxalq əməkdaşlıq sahələrində həyata keçirilən layihələr iki qardaş ölkənin gələcək inkişafına mühüm töhfələr verir. Mövcud əməkdaşlıq modeli həm Türk dünyasının birliyinin, həm də regional inteqrasiyanın uğurlu nümunəsi kimi çıxış edir.
Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc


























