Azərbaycan və Türkmənistan arasında dostluq və qardaşlıq münasibətləri möhkəm təməl üzərində qurulub
Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən biri Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişaf etdirilməsidir. Bu baxımdan Türkmənistanla münasibətlər xüsusi əhəmiyyət daşıyır. İyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri iki qardaş ölkə arasında əməkdaşlığın daha da möhkəmləndiyini bir daha göstərdi. Azərbaycan və Türkmənistanı ortaq tarix, eyni kökdən gələn mədəniyyət, dil və dini dəyərlər birləşdirir. Hər iki xalq oğuz türklərinə mənsubdur və əsrlər boyu bir-birinə yaxın münasibətlər saxlayıb. Müstəqillik əldə etdikdən sonra isə bu əlaqələr daha da genişlənib. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub və bu günə qədər müxtəlif sahələrdə uğurla inkişaf edir. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Azərbaycan üçün Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə münasibətlər prioritet istiqamətlərdən biridir. Bu ölkələrlə ortaq tariximiz, mədəniyyətimiz və mənəvi dəyərlərimiz möhkəm təməl yaradır. Azərbaycan və Türkmənistan da bu təməl üzərində qurulan münasibətləri hər il daha da gücləndirirlər.
Son illərdə iki ölkə arasında əlaqələrin inkişafında yüksək dinamika müşahidə olunur. Prezident İlham Əliyevin Türkmənistana etdiyi çoxsaylı səfərlər və Türkmənistan rəhbərliyinin Azərbaycana səfərləri münasibətlərin strateji xarakter daşıdığını göstərir.Türkmənistan Prezidentinin Azərbaycana son dövlət səfəri zamanı dövlət başçıları arasında həm təkbətək, həm də geniş tərkibdə görüşlər keçirilib. Görüşlərdə siyasi, iqtisadi, nəqliyyat, logistika, enerji və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Prezident İlham Əliyev görüş zamanı bildirib ki, Azərbaycan və Türkmənistan arasında dostluq və qardaşlıq münasibətləri möhkəm təməl üzərində qurulub. Dövlətimizin başçısı vurğulayıb ki, nəqliyyat və logistika sahəsində əməkdaşlıq artıq uzunmüddətli xarakter daşıyır və bu əməkdaşlıq təkcə iki ölkə üçün deyil, geniş region üçün də strateji əhəmiyyət kəsb edir.
Səfər zamanı diqqət çəkən məqamlardan biri də Türkmənistan tərəfindən Füzuli şəhərində inşa ediləcək məscid layihəsi olub. Prezident İlham Əliyev bu təşəbbüsü qardaşlıq münasibətlərinin növbəti nümunəsi kimi qiymətləndirib və Türkmənistan rəhbərliyinə təşəkkürünü bildirib. Azərbaycan və Türkmənistan enerji sahəsində də sıx əməkdaşlıq edirlər. Xəzər dənizində yerləşən “Dostluq” yatağının birgə işlənməsi haqqında 2021-ci ildə imzalanan memorandum iki ölkə arasında enerji əməkdaşlığında yeni mərhələ yaradıb. Türkmənistanın zəngin enerji ehtiyatlarının dünya bazarlarına çıxarılmasında Azərbaycan mühüm tranzit ölkə rolunu oynayır.
Əməkdaşlığın daha bir uğurlu nümunəsi Bakı Gəmiqayırma Zavodunda Türkmənistan üçün inşa edilmiş “Dostluq” adlı neft tankeridir. Bu gəminin Azərbaycanda tikilməsi ölkəmizin sənaye potensialını nümayiş etdirməklə yanaşı, iki dövlət arasındakı dostluğun da rəmzinə çevrilib. Münasibətlər yalnız iqtisadi sahə ilə məhdudlaşmır. Son illərdə keçirilən Azərbaycan və Türkmənistan Mədəniyyət Günləri xalqlarımız arasında mənəvi bağların daha da möhkəmlənməsinə xidmət edib. Humanitar və xeyriyyəçilik sahəsində də əməkdaşlıq uğurla davam edir. Bu gün Azərbaycan və Türkmənistan arasında münasibətlər qarşılıqlı hörmət, etid və qardaşlıq prinsiplərinə əsaslanır. Nəqliyyat, enerji, ticarət, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişlənməsi göstərir ki, qarşıdakı illərdə əlaqələr daha da inkişaf edəcək. İki ölkənin həyata keçirdiyi birgə layihələr yalnız Azərbaycan və Türkmənistan üçün deyil, bütövlükdə Xəzər regionunun inkişafı, təhlükəsizliyi və iqtisadi tərəqqisi baxımından böyük əhəmiyyət daşıyır.
Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru


























