image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17914398572395638510_1200x630

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq yeni mərhələdə

image-legitimaz-810x90

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq yeni mərhələdə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçıları arasında 8-ci Məşvərət görüşündə çıxışı Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini bir daha nümayiş etdirib.

Dövlətimizin başçısı çıxışında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulmasında Mərkəzi Asiya ölkələrinin göstərdiyi qardaş dəstəyin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bu dəstək xalqlarımız arasında mövcud olan tarixi, mədəni və mənəvi bağların bariz nümunəsidir. Özbəkistanın Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın isə Ağdam şəhərində Manas adına məktəb inşa etməsi Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına qardaş ölkələrin verdiyi mühüm töhfələrdəndir. Bu layihələr həm də Azərbaycan ilə Mərkəzi Asiya xalqları arasında dostluq və həmrəyliyin rəmzi kimi böyük əhəmiyyət daşıyır.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti son illərdə əhəmiyyətli dərəcədə genişlənib. Siyasi əlaqələr yüksək səviyyədə inkişaf edir, dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri müntəzəm xarakter alır. Eyni zamanda, iqtisadi-ticari əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı investisiyaların artırılması və birgə layihələrin həyata keçirilməsi istiqamətində mühüm addımlar atılır.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Hazırda ölkəmizdə Mərkəzi Asiya dövlətlərinin kapitalı ilə 400-dən çox şirkətin aktiv fəaliyyət göstərməsi iqtisadi əlaqələrin genişlənməsinin mühüm göstəricisidir. Bu, qarşılıqlı iqtisadi maraqların artdığını və Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın real nəticələr verdiyini göstərir.

Əməkdaşlığın mühüm istiqamətlərindən biri də birgə investisiya fondlarının yaradılmasıdır. Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Hər bir fondun kapitalının yüz milyonlarla dollar təşkil etməsi gələcəkdə böyük həcmli birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaradır. Bu fondların potensialından səmərəli istifadə olunması yeni istehsal müəssisələrinin yaradılmasına, sənaye əməkdaşlığının genişləndirilməsinə və qarşılıqlı investisiyaların artırılmasına mühüm töhfə verə bilər.

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlıq siyasəti yalnız ticarət əlaqələrinin genişləndirilməsi ilə məhdudlaşmır. Əsas məqsədlərdən biri birgə investisiyaların həyata keçirilməsi, müasir istehsal müəssisələrinin yaradılması, sənaye və texnoloji əməkdaşlığın inkişaf etdirilməsi və istehsal olunan məhsulların dünya bazarlarına çıxarılmasıdır. Bu yanaşma ölkələrimizin iqtisadi potensialının daha səmərəli şəkildə birləşdirilməsinə imkan verir.

Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında formalaşan hərtərəfli əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edən möhkəm tərəfdaşlıq modelinə çevrilməkdədir. İşğaldan azad edilmiş ərazilərin bərpasında göstərilən qardaş dəstəyi, artan ticarət dövriyyəsi, qarşılıqlı investisiyalar və birgə investisiya fondlarının fəaliyyəti bu münasibətlərin gələcəkdə daha da genişlənəcəyinə əminlik yaradır. Azərbaycanın fəal və məqsədyönlü xarici siyasəti nəticəsində Mərkəzi Asiya ölkələri ilə əlaqələrin daha da möhkəmləndirilməsi ölkəmizin regional əməkdaşlıqda mövqeyini gücləndirməklə yanaşı, regionun iqtisadi inkişafına və qarşılıqlı rifahına da mühüm töhfə verir.

 

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki