Bu gün qlobal toplantını təşkil edərək, biz şəhərsalmaya, onun inkişafına, insanların həyatını yaxşılaşdırmaq gündəliyinə və onların özlərini rahat hiss etmələri üçün əhalimizin bütün lazımi şəraitlərlə təmin olunmasına güclü sadiqliyimizi bir daha nümayiş etdiririk
Azərbaycan son illərdə yalnız siyasi və iqtisadi sahədə deyil, şəhərsalma və memarlıq istiqamətində də mühüm inkişaf mərhələsinə qədəm qoyub. Ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq layihələri, müasir urbanizasiya yanaşmaları və dayanıqlı inkişaf prinsiplərinə əsaslanan şəhərsalma siyasəti beynəlxalq səviyyədə də diqqətlə izlənilir. Bu baxımdan BMT çərçivəsində keçirilən COP29 və Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda təşkili Azərbaycanın artan beynəlxalq nüfuzunun və qlobal məsələlərin müzakirəsində fəal rolunun göstəricisidir.
Bu gün Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi etibarlı platforma kimi tanınır. Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası forumunda 182 ölkədən 45 mindən çox nümayəndənin iştirakı da Bakıya və Azərbaycana olan yüksək etimadı nümayiş etdirir. Paytaxt Bakının müasir infrastrukturu, innovativ şəhərsalma layihələri, zəngin memarlıq ənənələri və beynəlxalq tədbirlərin təşkilində qazandığı təcrübə ölkəmizin regionun əsas şəhərsalma mərkəzlərindən birinə çevrildiyini təsdiqləyir. Xüsusi əhəmiyyət daşıyan məqamlardan biri də Ümumdünya Şəhərsalma Forumunun regionda və türk dünyasında ilk dəfə məhz Azərbaycanda keçirilməsidir. Bu, Azərbaycanın artıq yalnız regional deyil, qlobal dialoq və əməkdaşlıq məkanı kimi qəbul olunduğunu göstərir.
Müasir dövrdə urbanizasiya dünya üçün ən aktual problemlərdən biri hesab olunur. Əhalinin sürətlə artması və şəhərlərdə məskunlaşmanın genişlənməsi bir sıra yeni çağırışlar yaradır. Hazırda dünya əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır və yaxın onilliklərdə bu göstəricinin daha da artacağı proqnozlaşdırılır. Bu isə şəhərlərdə infrastruktur yükünün artmasına, ekoloji problemlərin dərinləşməsinə, nəqliyyat və sosial təminat məsələlərinin mürəkkəbləşməsinə səbəb olur. Şəhərlərin sənaye və iqtisadi fəaliyyətin əsas mərkəzinə çevrilməsi də urbanizasiya problemlərini artırır. Dünyada istehsal olunan ümumi daxili məhsulun böyük hissəsi şəhərlərdə formalaşır. Bununla yanaşı, karbon emissiyalarının əsas hissəsi də şəhərlərin və tikinti sektorunun payına düşür. Yaşıl zonaların azalması, ətraf mühitin çirklənməsi və iqlim dəyişiklikləri urbanizasiyanın yaratdığı ən ciddi problemlər sırasındadır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq proqramları müasir şəhərsalma modelinin nümunəsi kimi diqqət çəkir. Uzun illər işğal altında qalmış və tamamilə dağıdılmış yaşayış məntəqələrinin yenidən qurulması zamanı “ağıllı şəhər”, “ağıllı kənd”, yaşıl enerji və dayanıqlı inkişaf prinsiplərinə üstünlük verilir. Son illərdə bu məqsədlə dövlət büdcəsindən milyardlarla manat vəsait ayrılıb və artıq minlərlə keçmiş məcburi köçkün doğma yurdlarına qayıdıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Azərbaycanın bir çox yerlərində şəhərsalma çox sürətli inkişaf edir”. Bu inkişaf yalnız tikinti və infrastruktur layihələri ilə məhdudlaşmır. Burada əsas məqsəd təhlükəsiz, ekoloji cəhətdən təmiz, dayanıqlı və rahat yaşayış mühitinin yaradılmasıdır.
Şəhla Eminova – Zərdab şəhər 1 nömrəli Məktəb-liseyin direktor müavini

























