image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17840091474096044390_1200x630

Azərbaycan–Slovakiya münasibətlərində yeni inkişaf mərhələsi

image-legitimaz-810x90

Azərbaycan–Slovakiya münasibətlərində yeni inkişaf mərhələsi

Şuşada keçirilən yüksək səviyyəli görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Prezidenti Peter Pelleqrini ilə birgə verdiyi bəyanat iki ölkə arasında münasibətlərin gələcək inkişaf istiqamətlərinə aydın işıq saldı. Dövlət başçısının çıxışında diqqət çəkən əsas məqam qarşılıqlı etimad, siyasi dialoqun davamlılığı və praktiki əməkdaşlığın prioritet hesab edilməsi idi. Bu yanaşma göstərir ki, Bakı və Bratislava münasibətləri yalnız diplomatik təmaslarla məhdudlaşdırmır, onları real layihələr və konkret nəticələr üzərində qurmağa çalışırlar.

Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan və Slovakiya konkret işlərin tərəfdarıdır. Bu fikir iki ölkənin əməkdaşlıq modelini xarakterizə edən əsas xüsusiyyət kimi qiymətləndirilə bilər. Son illərdə siyasi münasibətlərin intensivləşməsi, qarşılıqlı səfərlərin artması və müxtəlif sahələr üzrə əməkdaşlıq imkanlarının genişlənməsi tərəfdaşlığın daha da möhkəmləndiyini göstərir. Dövlət başçısının sözlərinə görə, hər iki tərəf ikitərəfli əlaqələrə böyük önəm verir və bu münasibətlər artıq güclü tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Bəyanatda Prezident Peter Pelleqrinin Azərbaycana səfərlərinin tarixçəsinə də xüsusi diqqət yetirildi. Qeyd olundu ki, o, hələ Slovakiya parlamentinin sədri və daha sonra Baş nazir olduğu dövrlərdə Azərbaycanda olub. Bu fakt onun ölkəmizlə əməkdaşlığa uzunmüddətli maraq göstərdiyini və mövcud əlaqələrin formalaşmasında şəxsi rol oynadığını nümayiş etdirir. Prezident kimi isə o, ilk dəfə ötən il keçirilən beynəlxalq iqlim konfransı çərçivəsində Azərbaycana gəlib, hazırkı rəsmi səfəri isə iki ölkə arasında siyasi dialoqun davamlı xarakter daşıdığını təsdiqləyir.

Şuşada səsləndirilən fikirlər həm də Azərbaycanın xarici siyasətində etibarlı tərəfdaşlarla münasibətlərin inkişafına verilən önəmi əks etdirir. Avropa İttifaqına üzv olan Slovakiya ilə əlaqələrin genişlənməsi enerji, iqtisadiyyat, nəqliyyat, yaşıl enerji və digər istiqamətlərdə yeni əməkdaşlıq imkanları yarada bilər. Tərəflərin qarşılıqlı maraqlara əsaslanan münasibətlər qurmaq niyyətində olması gələcək layihələrin həyata keçirilməsi üçün əlverişli zəmin formalaşdırır.

Şuşada verilən bəyanatın simvolik əhəmiyyəti də diqqətdən yayınmır. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən bu şəhərdə keçirilən görüş ölkənin beynəlxalq əməkdaşlıq platforması kimi artan rolunu bir daha nümayiş etdirdi. Buradan verilən mesaj təkcə Azərbaycan–Slovakiya münasibətlərinə deyil, həm də qarşılıqlı hörmətə və etimada əsaslanan beynəlxalq tərəfdaşlıq modelinə verilən önəmin ifadəsi kimi qiymətləndirilə bilər.

Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərdən aydın görünür ki, Bakı və Bratislava münasibətlərini uzunmüddətli perspektivdə inkişaf etdirmək niyyətindədir. Siyasi dialoqun möhkəmlənməsi və konkret əməkdaşlıq layihələrinin həyata keçirilməsi iki ölkənin tərəfdaşlığını daha da gücləndirə və qarşılıqlı faydalı nəticələrin əldə olunmasına töhfə verə bilər.

 

Etibar Talıbov – Zərdab rayonu Alıcanlı kənd sakini

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki