image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-skyoet1gixutjcqza1rf

Azərbaycan bu razılaşmadan dərhal sonra praktiki addımlara keçdi

image-legitimaz-810x90

Azərbaycan bu razılaşmadan dərhal sonra praktiki addımlara keçdi.

Almaniya səfəri zamanı Prezident İlham Əliyevin bəyanatında Cənubi Qafqazda yaranmış yeni siyasi reallıqlar da geniş şəkildə əks olundu. Dövlət başçısı bildirdi ki, Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı və imzası ilə qəbul edilmiş Birgə Bəyannamə faktiki olaraq otuz il davam etmiş Ermənistan–Azərbaycan münaqişəsinə son qoydu. Bu, regionun tarixində yeni səhifənin başlanğıcıdır. Azərbaycan sülh prosesinə yalnız siyasi bəyanatlarla deyil, konkret addımlarla da töhfə verir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan tərəfindən Ermənistana benzin və dizel yanacağının tədarükü həyata keçirilir, eyni zamanda Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərin daşınması sürətlə artır. Qısa müddət ərzində 40 min tondan artıq yükün ölkəmizin ərazisindən tranzit daşınması yeni əməkdaşlıq mühitinin real nəticəsidir. Dövlət başçısı Almaniyanın bu prosesdə oynadığı rolu da yüksək qiymətləndirdi. O vurğuladı ki, Almaniyada xarici işlər nazirləri səviyyəsində keçirilən görüşlər və Berlinin sülh dialoquna verdiyi dəstək etimad mühitinin formalaşmasına mühüm töhfə verib. Bu yanaşma Almaniyanın Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsində maraqlı olduğunu nümayiş etdirir.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın son illərdə əldə etdiyi tarixi nailiyyətlərə də toxundu. O vurğuladı ki, Azərbaycan öz gücü hesabına işğala son qoydu, ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etdi, BMT Təhlükəsizlik Şurasının uzun illər icra edilməyən dörd qətnaməsinin həyata keçirilməsini təmin etdi və bundan sonra regionda sülh təşəbbüslərinin müəllifi kimi çıxış etdi. Bu gün Azərbaycanın irəli sürdüyü əməkdaşlıq və qarşılıqlı fayda prinsipləri regionda yeni münasibətlər sisteminin formalaşmasına xidmət edir. Prezident İlham Əliyev Avropa İttifaqı ilə münasibətlərin inkişafına da toxunaraq qeyd etdi ki, bu il Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfərləri xüsusi siyasi əhəmiyyət daşıyır. Bu səfərlər Avropa İttifaqının Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək niyyətinin göstəricisidir. Almaniyanın Avropa İttifaqında aparıcı mövqeyi nəzərə alınarsa, Berlinin bu münasibətlərin gələcək inkişafına verəcəyi töhfə xüsusi əhəmiyyət kəsb edir. Səfərin ən mühüm nəticələrindən biri Prezident İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts tərəfindən “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”nin imzalanması oldu. Eyni zamanda, Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması və fəaliyyətinə dair Birgə Bəyannamənin qəbul edilməsi iqtisadi əməkdaşlığın gələcək inkişafı üçün yeni institusional mexanizmlər formalaşdırdı. Bu sənədlər qarşıdakı illərdə siyasi dialoqun dərinləşdirilməsini, ticarət dövriyyəsinin artırılmasını, qarşılıqlı investisiyaların genişləndirilməsini, enerji və yaşıl texnologiyalar, rəqəmsal iqtisadiyyat, sənaye kooperasiyası, elm və təhsil sahələrində əməkdaşlığın yeni mərhələyə keçməsini təmin edəcək.

Ziya Nağıyev –Zərdab rayon Dəli Quşçu kənd sakini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki