image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17846382962557962946_1200x630

Azərbaycan–Almaniya münasibətlərində yeni strateji mərhələ

image-legitimaz-810x90

Azərbaycan–Almaniya münasibətlərində yeni strateji mərhələ

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 iyul 2026-cı il tarixində Almaniya Federativ Respublikasına rəsmi səfəri çərçivəsində keçirilən görüşlər və verilən bəyanatlar iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ kimi dəyərləndirilə bilər. Səfər zamanı əldə olunan razılaşmalar və imzalanmış sənədlər siyasi dialoqun daha da dərinləşdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və regional tərəfdaşlığın möhkəmləndirilməsi baxımından yeni perspektivlər açır.

Dövlət başçısı bəyanatında qeyd etmişdir: “Əminəm ki, bu gün imzalanmış sənədlər bizim əlaqələrimizi yeni səviyyəyə qaldıracaq. Biz artıq strateji dialoqun başlanmasını arzulayırdıq və buna nail olmuşuq. Eyni zamanda, iqtisadi əlaqələrin genişləndirilməsi üçün bu gün imzalanmış Birgə Bəyannamə əminəm ki, çox fəal işləyib yaxşı nəticələr hasil edəcəkdir.” Bu fikirlər göstərir ki, Azərbaycan və Almaniya arasında münasibətlər artıq ayrı-ayrı sahələr üzrə əməkdaşlıqdan daha geniş məzmun daşıyaraq uzunmüddətli strateji tərəfdaşlıq istiqamətində inkişaf edir.

Almaniya Avropa İttifaqının aparıcı dövlətlərindən biri kimi iqtisadi gücü, texnoloji imkanları və beynəlxalq nüfuzu ilə seçilir. Azərbaycan isə Cənubi Qafqazın aparıcı dövləti olaraq enerji təhlükəsizliyi, nəqliyyat-logistika marşrutları və regional əməkdaşlıq sahəsində etibarlı tərəfdaş kimi öz mövqeyini möhkəmləndirmişdir. Bu baxımdan iki ölkə arasında formalaşan strateji dialoq qarşılıqlı maraqlara əsaslanan yeni əməkdaşlıq platforması yaradır.

Səfər zamanı imzalanmış Birgə Bəyannamə iqtisadi münasibətlərin inkişafına xüsusi təkan vermək potensialına malikdir. Ticarət dövriyyəsinin artırılması, sənaye əməkdaşlığının genişləndirilməsi, innovasiya, rəqəmsal texnologiyalar, bərpa olunan enerji, ekologiya, təhsil və peşə hazırlığı kimi istiqamətlərdə birgə layihələrin həyata keçirilməsi hər iki ölkənin iqtisadi maraqlarına xidmət edir. Almaniyanın qabaqcıl texnologiyalar sahəsində təcrübəsi ilə Azərbaycanın inkişaf strategiyasının uzlaşması gələcəkdə qarşılıqlı faydalı nəticələrin əldə olunmasına imkan yaradacaqdır.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan–Almaniya münasibətləri yalnız ikitərəfli əməkdaşlıqla məhdudlaşmır. Bu əlaqələr Cənubi Qafqaz regionunda etimadın möhkəmlənməsinə, qarşılıqlı anlaşmanın inkişafına və dayanıqlı sülh mühitinin formalaşmasına da mühüm töhfə verə bilər. Regional iqtisadi layihələrin genişlənməsi, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın dərinləşməsi Avropa ilə Cənubi Qafqaz arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.

Müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşlıq qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və milli maraqların nəzərə alınması prinsiplərinə əsaslanır. Azərbaycan da məhz bu prinsiplər əsasında xarici siyasətini uğurla həyata keçirərək müxtəlif dövlətlərlə qarşılıqlı etimada söykənən münasibətlər qurur. Almaniya ilə strateji dialoqun başlanması bu siyasətin növbəti mühüm uğurlarından biri kimi qiymətləndirilə bilər.Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini nümayiş etdirmişdir. İmzalanmış sənədlər və əldə olunmuş razılaşmalar siyasi, iqtisadi və humanitar əməkdaşlığın gələcək inkişafı üçün möhkəm hüquqi və siyasi baza yaradır. Bu əməkdaşlığın genişlənməsi yalnız Azərbaycan və Almaniyanın deyil, həm də regionda sabitliyin, təhlükəsizliyin və davamlı inkişafın möhkəmlənməsinə xidmət edən mühüm amillərdən biri olacaqdır.

 

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki