Zərifə Əliyevanın elmi fəaliyyəti
Zərifə Əliyeva Azərbaycan tibb elminin inkişafında mühüm rol oynamış görkəmli alim, akademik və pedaqoqdur. Onun elmi fəaliyyəti yalnız ölkə daxilində deyil, beynəlxalq miqyasda da yüksək qiymətləndirilmişdir. Zərifə xanımın fəaliyyəti xüsusilə oftalmologiya sahəsində yeni istiqamətlərin formalaşmasına və bu sahədə elmi məktəbin yaranmasına səbəb olmuşdur. Zərifə Əliyevanın elmi araşdırmalarının əsas istiqaməti göz xəstəliklərinin diaqnostikası və müalicəsi ilə bağlı olmuşdur. O, xüsusilə sənaye müəssisələrində çalışan işçilər arasında geniş yayılmış göz xəstəliklərinin səbəblərini dərindən öyrənmişdir. Kimya və neft sənayesində çalışan insanların göz sağlamlığına təsir edən amillər onun elmi işlərinin mərkəzində dayanmışdır. Bu baxımdan onun tədqiqatları həm tibbi, həm də sosial əhəmiyyət daşıyırdı. Alimin elmi yeniliklərindən biri də peşə ilə bağlı yaranan göz xəstəliklərinin profilaktikası sahəsində olmuşdur. O, istehsalat mühitində çalışan insanlar üçün xüsusi qoruyucu tədbirlər sistemini işləyib hazırlamışdır. Bu sistem sayəsində bir çox hallarda ağır göz xəstəliklərinin qarşısını almaq mümkün olmuşdur. Zərifə Əliyeva yalnız xəstəliklərin müalicəsi ilə deyil, onların qarşısının alınması ilə də ciddi şəkildə məşğul olmuşdur. Zərifə Əliyevanın elmi fəaliyyəti nəzəri biliklərlə yanaşı praktik nəticələrə də əsaslanırdı. Onun apardığı tədqiqatlar nəticəsində yeni müalicə üsulları tətbiq edilmiş, oftalmologiya sahəsində innovativ yanaşmalar formalaşmışdır. Bu yeniliklər sonradan digər ölkələrin alimləri tərəfindən də istifadə olunmuşdur. Alimin mühüm xidmətlərindən biri də elmi kadrların hazırlanması sahəsində olmuşdur. O, uzun illər pedaqoji fəaliyyət göstərmiş, çoxsaylı tələbələr yetişdirmişdir. Onun rəhbərliyi ilə bir çox gənc alimlər dissertasiya müdafiə etmiş və bu gün də onun elmi məktəbinin davamçıları kimi fəaliyyət göstərirlər.
Zərifə Əliyevanın 140-dan artıq elmi əsəri, monoqrafiyaları və dərslikləri mövcuddur. Bu əsərlər oftalmologiya sahəsində mühüm mənbə kimi istifadə olunur. Onun elmi irsi bu gün də aktuallığını qoruyur və müasir tibb elminin inkişafına töhfə verməkdə davam edir.
Zərifə Əliyevanın elmi fəaliyyəti Azərbaycan elminin qızıl səhifələrindən biridir. O, öz zəhməti, biliyi və fədakarlığı ilə tibb elminə yeni nəfəs gətirmiş, gələcək nəsillər üçün möhkəm elmi baza yaratmışdır.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı İmanova Xanım






















