Zərifə Əliyevanın elmi fəaliyyəti
Azərbaycanda tibb elminin inkişafında xüsusi xidmətlər göstərmiş görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçib. Görkəmli oftalmoloq-alim səmərəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr verib. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə yüksək səviyyədə qiymətləndirilib. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılıb. Zərifə Əliyeva respublikada yüksək ixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf etmiş, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırmışdır. Zərifə xanım Əliyevanın alim olaraq elmi maraqları yalnız görmə orqanının peşə patologiyası problemləri ilə məhdudlaşmırdı. Onun görmə orqanının virusla zədələnməsinə həsr olunmuş silsilə işləri də elmi ictimaiyyətdə rəğbət qazanmışdır. Həmin elmi işlərin tətbiqi bir sıra xəstəliklərin differensial diaqnostikasını yaxşılaşdırmış, onların müalicəvi əhəmiyyətini yüksəltmişdir. Həkim-oftalmoloqlar üçün nəzərdə tutulmuş dərs vəsaitləri, məsələn “Herpetik göz xəstəliyi”, “Ağır virus konyunktivitləri” və s. məhz bu məsələlərə həsr olunmuşdur. Azərbaycanda traxomanın kökünün kəsilməsini qarşısına məqsəd qoyan Zərifə xanım Əliyeva bu problemin nə qədər çətin və mürəkkəb olduğunu çox yaxşı bilirdi. Bu səbəbdən Zərifə Əliyeva təhsilini Moskva şəhərində Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda davam etdirmiş və ixtisasartırma kursunu müvəffəqiyyətlə başa çatdırdıqdan sonra Vətənə qayıtmışdır. Zərifə xanım Əliyeva oftalmologiya tarixinə zəngin səhifələr yazıb. Onun səhiyyənin inkişafına verdiyi töhfələr, bu sahədə böyük xidmətləri daim yüksək dəyərləndirilib. Akademik Zərifə Əliyevanın 1983-cü ildə nəzəri və təcrübi təbabətdə qazandığı müvəffəqiyyətlərə, alınan elmi nəticələrinin səhiyyə praktikasında geniş tətbiqinə, yüksək ixtisaslı tibb kadrlarının hazırlanması yolunda göstərdiyi dəyərli xidmətlərinə görə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi respublikanın akademiklər ailəsinə yeni istiqamət, yeni nəfəs gətirdi. Adı Azərbaycan oftalmoloqları arasında Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş ilk alim-oftalmoloq kimi tarixə düşdüZərifə xanım SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüş ilk qadın alimdir. Zərifə xanım Əliyevaya insanların sevgisini şərtləndirən əsas amil mərhəmət, xeyirxahlıq, vətənpərvərlik kimi ali dəyələrin vəhdətini fəaliyyətində birləşdirməsi idi.Bu gün Zərifə xanım Əliyevanın yüksək humanizm və insanpərvərlik ənənələrini Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva davam etdirir. Mehriban xanım Əliyeva Heydər Əliyev irsinin təbliği məqsədilə yaradılan Heydər Əliyev Fondunun prezidenti kimi dahi şəxsiyyətin xidmətlərinin gənc nəslə çatdırılmasında biri-birindən önəmli layihələrin müəllifidir. Zərifə xanım Əliyevanın adı çəkiləndə hər kəsin dilindən səslənən ifadə bu olur: Gözəl qəlbli, qayğıkeş və xeyirxah insan. Qaranlıq gözlərə nur parlayan, həyatın gözəlliklərindən zövq alan, oftalmologiya elmində xüsusi dəsti-xətti ilə iz qoyan akademik Zərifə xanım Əliyeva əməlləri ilə əbədiyaşarlılıq qazananlardan biridir.
H.Zərdabi adına Əlvənd kənd tam orta ümumtəhsil məktəbin direktoru- Elvin Xəlilov






















