Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi əməkdaşları tərəfindən Həsən bəy Zərdabi adına 1 nömrəli məktəb-liseydə şagirdlərin yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi məqsədilə tədbir keçirilib.
Xeberaz.info xəbər verir ki, Zərdab RPŞ-nin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru Rəvan Cəbrayılov, Yol patrul xidmətinin baş inspektoru, polis mayoru İlkin Günəşov, Yol patrul xidməti inspektoru, polis baş serjantı Məhəmməd Şirinov iştirakı ilə, ”Yol hərəkəti qaydalarına əməl edək – həyatımızı qoruyaq!” mövzusunda keçirilən tədbirdə məktəblilərə yollarda təhlükəsiz davranış qaydaları, piyadaların və sürücülərin üzərinə düşən məsuliyyət, yol nişanları, piyada keçidlərindən düzgün istifadə və yol-nəqliyyat hadisələrinin qarşısının alınması yolları barədə ətraflı məlumat verilib.
Dövlət Yol Polisi əməkdaşları şagirdlərə gündəlik həyatda yol hərəkəti qaydalarına ciddi əməl etməyin vacibliyini diqqətə çatdırıb, küçə və yollarda ehtiyatlı davranmaları ilə bağlı tövsiyələr veriblər.
Tədbir zamanı məktəblilərin sualları cavablandırılıb və yol təhlükəsizliyi ilə bağlı maarifləndirici söhbət aparılıb.
Belə tədbirlərin keçirilməsində əsas məqsəd məktəblilər arasında yol hərəkəti qaydalarına riayət olunması vərdişlərinin formalaşdırılması, onların yol təhlükəsizliyi barədə biliklərinin artırılması və mümkün bədbəxt hadisələrin qarşısının alınmasıdır.
Tədbir çərçivəsində Dövlət Yol Polisi əməkdaşları tərəfindən şagirdlərə yol hərəkəti qaydaları, təhlükəsiz davranış prinsipləri və piyadaların yollarda diqqət etməli olduqları əsas məqamlar barədə ətraflı məlumat verilib.
Həmçinin tədbir zamanı şagirdlər arasında yol hərəkəti qaydaları ilə bağlı sorğu keçirilib. Sorğuda fəal iştirak edən və suallara düzgün cavab verən şagirdlərə müxtəlif hədiyyələr, eləcə də yol hərəkəti qaydalarını əks etdirən maarifləndirici bukletlər təqdim olunub.
Vüqar Rəhimov


























































