image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-10370658

Zəfərin və qəhrəmanlığın rəmzi

image-legitimaz-810x90

Zəfərin və qəhrəmanlığın rəmzi

 

Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılmışdır. Bu tarixi Zəfərin mühüm mərhələlərindən biri 2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin işğaldan azad edilməsi olmuşdur. Füzulinin azadlığı Azərbaycan Ordusunun gücünü, hərbçilərimizin şücaətini və xalqımızın doğma torpaqlarına bağlılığını nümayiş etdirmişdir.

1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Füzuli şəhəri uzun illər ərzində ağır dağıntılara məruz qalmışdır. Şəhərin azad edilməsi uğrunda aparılan döyüşlər Azərbaycan Ordusunun yüksək peşəkarlığını və döyüş əzmini ortaya qoymuşdur. 2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin azad olunması həm hərbi, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşımış, Azərbaycan xalqında qürur və sevinc hissi yaratmışdır.

Füzulinin azad edilməsi uğrunda döyüşlərdə iştirak edən hərbi qulluqçuların qəhrəmanlığının qiymətləndirilməsi məqsədilə 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 25 325 hərbi qulluqçu bu medalla təltif olunmuşdur. Bu təltif Azərbaycan əsgər və zabitlərinin fədakarlığına verilən yüksək qiymətin ifadəsidir. Şəhidlərimizin əziz xatirəsi, qazilərimizin qəhrəmanlığı və döyüşlərdə iştirak etmiş hərbçilərimizin xidmətləri xalqımız tərəfindən daim ehtiramla yad edilir.

Füzuli şəhərinin azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 17 oktyabr Füzuli Şəhəri Günü kimi müəyyən edilmişdir. Həmin Sərəncama əsasən, işğaldan azad edilmiş ərazilərin şəhər günlərinin təsis olunması bu torpaqların tarixinin, azadlıq mübarizəsinin və qazanılmış Zəfərin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Bu gün Füzulidə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Şəhərin müasir infrastruktur əsasında yenidən qurulması, yaşayış məntəqələrinin bərpası və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı Böyük Qayıdış proqramının əsas istiqamətlərindəndir. Füzulinin dirçəldilməsi Azərbaycanın azad edilmiş ərazilərdə yeni həyatın qurulmasına, bölgənin iqtisadi potensialının inkişafına və tarixi-mədəni irsin qorunmasına verdiyi önəmin göstəricisidir.

17 Oktyabr – Füzuli Şəhəri Günü Azərbaycan xalqının birliyinin, dövlətimizin qüdrətinin və Ordumuzun qəhrəmanlığının təcəssümüdür. Bu əlamətdar gün münasibətilə Füzulinin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə cansağlığı arzulayırıq. Füzulinin azadlığı ilə başlanan dirçəliş və quruculuq yolu xalqımızın Zəfər tarixinin mühüm səhifələrindən biri kimi daim yaşayacaqdır.

 

Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd tam ümumtəhsil orta məktəbinin direktoru

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki