image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-547765054_1204533731708565_8927010450748439379_n

Zəfərin rəmzi ünvanı – Xankəndidə ucalan Azərbaycan Bayrağı

image-legitimaz-810x90

Zəfərin rəmzi ünvanı – Xankəndidə ucalan Azərbaycan Bayrağı

Azərbaycanın müasir tarixində elə günlər var ki, onların siyasi və mənəvi əhəmiyyəti zaman keçdikcə daha aydın görünür. 20 sentyabr da belə tarixi günlərdəndir. Bu tarix Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin azadlığı ilə bağlı hadisələrin yaddaşda yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli sərəncamı ilə 20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi təsis edilib.

Bu günün mahiyyətini daha dərindən anlamaq üçün 2023-cü il sentyabrında baş verən hadisələrə nəzər salmaq kifayətdir. Sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın Qarabağ bölgəsində dövlət suverenliyinin bərpası istiqamətində mühüm mərhələ başa çatdı. Beləliklə, Azərbaycan ərazi bütövlüyünün və suverenliyinin təmin olunması yolunda uzun illər qarşıya qoyduğu tarixi məqsədlərdən birinə nail oldu. Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin ölkənin vahid hüquqi və idarəetmə məkanına qaytarılması bu baxımdan xüsusi siyasi əhəmiyyət daşıyır.

Bu prosesin ən yaddaqalan məqamlarından biri isə 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması oldu. Ardınca noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilmiş Zəfərin üçüncü ildönümünə həsr olunmuş hərbi parad keçirildi.

Xankəndidə keçirilən hərbi parad sıradan hərbi tədbir deyildi. Bu parad Azərbaycan dövlətinin hərbi gücünün nümayişi ilə yanaşı, ölkənin ərazi bütövlüyünün bərpasının yaratdığı yeni reallığın simvolik ifadəsi idi. Uzun illər ərzində işğal və münaqişə ilə bağlı yaddaşda xüsusi yer tutan Xankəndidə Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirakı ilə keçirilən parad dövlət suverenliyinin real nəticəsini nümayiş etdirdi.

Prezident İlham Əliyevin həmin tədbirdəki çıxışında səsləndirdiyi fikirlər isə bu tarixi yolun mahiyyətini ifadə edirdi. Dövlət başçısı xatırladırdı ki, Prezident kimi fəaliyyətinin ilk illərindən qarşıya qoyduğu əsas məqsədlərdən biri Azərbaycanın ərazi bütövlüyünün bərpası olub. O, vaxtilə verdiyi vədin – Dövlət Bayrağının işğal altında olan torpaqların hər bir guşəsində ucaldılması məqsədinin reallaşdığını vurğulayırdı. Bu baxımdan Xankəndidə Azərbaycan Bayrağının dalğalanması yalnız konkret bir şəhərdə dövlət rəmzinin ucaldılması deyil, uzunmüddətli dövlət siyasətinin nəticəsinin simvolu kimi qiymətləndirilə bilər.

20 sentyabrın mahiyyəti yalnız keçmiş hərbi hadisələrin xatırlanması ilə məhdudlaşmır. Bu tarix həm də azad edilmiş ərazilərdə yeni həyatın qurulmasının, şəhərlərin bərpasının və Böyük Qayıdış prosesinin yeni mərhələsinin başlanğıcını ifadə edir. Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə yalnız tarixi Zəfərin ünvanları kimi deyil, gələcək inkişafın, quruculuğun və reinteqrasiyanın məkanları kimi də diqqət mərkəzindədir.

20 sentyabr xalqın yaddaşında yalnız bir təqvim günü deyil, Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsini ifadə edən tarix kimi yaşayır. Xankəndidə keçirilmiş Zəfər paradı isə bu tarixi prosesin ən parlaq rəmzlərindən biridir. Dövlət Bayrağının Xankəndidə ucalması ilə Azərbaycan xalqının uzun illər boyu gözlədiyi tarixi an gerçəyə çevrildi. Bu gün həmin Zəfərin siyasi nəticələri ilə yanaşı, azad edilmiş şəhərlərin yenidən qurulması və burada həyatın bərpası Azərbaycanın qarşıdakı hədəflərinin əsas istiqamətlərindən birini təşkil edir.

 

Rəsul Abbasov – Zərdab rayonu Alıcanlı kənd sakini

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki