Zəfər Günü münasibətilə amnistiya elan edilməsi
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində, milli yaddaşında və müasir inkişaf mərhələsində xüsusi yer tutan əlamətdar tarixdir. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu işğal altında olan ərazilərin əhəmiyyətli hissəsini azad etmiş, noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi ilə müharibənin taleyini müəyyən edən mühüm hərbi-siyasi nailiyyət əldə olunmuşdur. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırılmış, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində yeni mərhələnin əsası qoyulmuşdur. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi qeyd olunur. Zəfər Günü Azərbaycan xalqının milli birliyinin, həmrəyliyinin, dövlətçilik iradəsinin və Silahlı Qüvvələrin döyüş qabiliyyətinin təcəssümüdür. Bu tarixi Qələbə uzun illər davam edən işğala son qoyulması, ölkənin ərazi bütövlüyünün təmin edilməsi və tarixi ədalətin bərpası baxımından müstəsna əhəmiyyət daşıyır. Zəfərin əldə olunmasında şəhidlərimizin misilsiz fədakarlığı, qazilərimizin qəhrəmanlığı və Azərbaycan əsgərinin şücaəti xüsusi yer tutur. Bu əlamətdar gün həm də xalqımızın azadlıq və suverenlik uğrunda apardığı mübarizənin nəticələrinin gələcək nəsillərə çatdırılması baxımından mühüm mənəvi dəyərə malikdir.
Məhz bu tarixi hadisənin ictimai və mənəvi əhəmiyyətini nəzərə alaraq,Cənab Prezident İlham Əliyevin təşəbbüsü əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2021-ci il noyabrın 5-də “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərar qəbul edilmişdir. Bu qərar tarixi Qələbənin humanizm, mərhəmət və sosial ədalət prinsipləri ilə tamamlanmasının ifadəsi olmuşdur. Amnistiya aktı ümumilikdə 17 min 267 şəxsə şamil edilmiş və əhatə etdiyi şəxslərin sayına görə həmin dövrədək Azərbaycanda qəbul olunmuş ən geniş amnistiya qərarı olmuşdur. Qərarın əhatə dairəsi cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərlə məhdudlaşmamış, müxtəlif növ cəzalara məhkum edilmiş, məhkəmə və ibtidai istintaq orqanlarının icraatında işləri olan şəxsləri də əhatə etmişdir. Amnistiya tətbiq olunan şəxslər arasında Vətən müharibəsinin iştirakçılarına, qadınlara və yetkinlik yaşına çatmayanlara xüsusi yer ayrılmışdır. Belə ki, qərar 733 Vətən müharibəsi iştirakçısına, 837 qadına və 65 yetkinlik yaşına çatmayana şamil edilmişdir. Bu kateqoriyalara daxil olan şəxslərin amnistiya aktının əhatə dairəsinə daxil edilməsi dövlətin sosial həssas qruplara diqqətinin və Vətən müharibəsində iştirak etmiş şəxslərə münasibətdə göstərdiyi qayğının ifadəsi olmuşdur.
Qərara əsasən, azadlıqdan məhrumetmə yerlərində cəza çəkən 5 971 məhkum barəsində amnistiya tətbiq edilmişdir. Bununla yanaşı, azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş 8 559 şəxs də amnistiyadan yararlanmışdır. Həmin şəxslər arasında azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 1 909, islah işləri cəzasına məhkum olunmuş 2 471, ictimai işlər cəzasına məhkum edilmiş 86, cərimə cəzasına məhkum edilmiş 1 202 və digər cəzalara məhkum olunmuş 54 şəxs cəzalardan azad edilmişdir. Bundan əlavə, şərti məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş 62 məhkum barəsində də amnistiya qərarı tətbiq olunmuşdur. Amnistiya aktının hüquqi təsir dairəsi məhkəmə və istintaq mərhələsində olan işləri də əhatə etmişdir. Belə ki, məhkəmələrin icraatında olan işlər üzrə 890, ibtidai istintaq orqanlarının icraatında olan işlər üzrə isə 1 785 şəxs barəsində amnistiya tətbiq edilmişdir.
Zəfər Günü münasibətilə amnistiya elan edilməsi dövlətin hüquqi siyasətində humanizm və mərhəmət prinsiplərinin əhəmiyyətini bir daha ön plana çıxarmışdır. Bu qərar Azərbaycanın müasir hüquq tarixində geniş əhatəli humanitar təşəbbüs kimi yadda qalmış, tarixi Qələbənin mənəvi məzmununu və dövlətin sosial məsuliyyətini əks etdirmişdir.
Dilarə Məmmədova- Zərdab şəhər 2 saylı körpələr evi-uşaq bağçasının müdiri























