Yeni Dövlət Proqramında dövlətin tənzimləyici və dəstəkləyici rolu ilə yanaşı, dövlət müəssisələrinin və özəl sektorun investisiya imkanlarından istifadə olunması nəzərdə tutulur
Dağ-mədən sənayesinin inkişafından danışarkən əsas məsələ yalnız yeraltı sərvətin çıxarılması olmamalıdır. Əsas məqsədlərdən biri hasil olunan xammalın ölkə daxilində mümkün qədər daha yüksək əlavə dəyərə malik məhsula çevrilməsidir.
Yeni Dövlət Proqramında da bu yanaşma xüsusi yer tutur. Rəsmi məlumatda proqramın əsas məqsədinin daha çox xammal hasil etməklə məhdudlaşmadığı, xammalın ölkə daxilində daha çox emal edilməsi və yüksək əlavə dəyərin yaradılmasının əsas hədəflərdən olduğu vurğulanır.
Bu yanaşma qızıl, mis və molibden üçün xüsusilə əhəmiyyətlidir. Yataqdan çıxarılan filizin ilkin formada satılması ilə onun ölkə daxilində zənginləşdirilməsi, emalı və son məhsula yaxın mərhələyə gətirilməsi arasında böyük iqtisadi fərq vardır. Əgər yeni geoloji kəşfiyyatlar nəticəsində böyük həcmli ehtiyatlar müəyyən edilərsə, həmin yataqların ətrafında bütöv istehsal zəncirinin formalaşdırılması mümkün ola bilər. Buraya hasilat, filizin zənginləşdirilməsi, emal, metallurgiya, logistika və digər əlaqəli sahələr daxil edilə bilər.
Belə bir yanaşma yalnız ixrac gəlirlərinin artmasına deyil, ölkə daxilində yeni müəssisələrin yaradılmasına və əlavə məşğulluq imkanlarının formalaşmasına da şərait yarada bilər.
Dağ-mədən sənayesi böyük maliyyə və texnologiya tələb edən sahələrdəndir. Buna görə də bu istiqamətdə dövlət və özəl sektorun əməkdaşlığı mühüm əhəmiyyət daşıyır.
Yeni Dövlət Proqramında dövlətin tənzimləyici və dəstəkləyici rolu ilə yanaşı, dövlət müəssisələrinin və özəl sektorun investisiya imkanlarından istifadə olunması nəzərdə tutulur. Proqram üzrə 2027–2030-cu illər üçün ümumi investisiya ehtiyacı 5,3 milyard manat qiymətləndirilir. Rəsmi təqdimata əsasən, bunun təxminən 80 faizinin qeyri-büdcə mənbələri hesabına formalaşdırılması nəzərdə tutulur. Bu rəqəmlər dağ-mədən və metallurgiya sənayesinin ölkənin qeyri-neft sektorunda hansı miqyasda inkişaf etdirilməsinin planlaşdırıldığını göstərir.
Xarici investorların cəlb olunması da geoloji kəşfiyyatın sürətləndirilməsinə kömək edə bilər. Çünki müasir kəşfiyyat yüksək texnologiya, xüsusi avadanlıq, mütəxəssis və maliyyə resursları tələb edir.
Lakin burada əsas məsələ Azərbaycan üçün daha çox iqtisadi dəyərin yaradılmasıdır. Yəni xarici investisiya yalnız xammal hasilatı ilə nəticələnməməli, mümkün olduqda emal və digər əlavə dəyər yaradan mərhələlərin də ölkə daxilində formalaşmasına xidmət etməlidir.
Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc





















