“YAŞAT” Fondunun fəaliyyətinin ilk mərhələlərində şəhid ailələri və müharibə iştirakçıları üçün müxtəlif istiqamətlərdə yardım göstərilib
Şəhid ailələrinə və müharibə iştirakçılarına əlavə dəstəyin göstərilməsi baxımından “YAŞAT” Fondunun fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.
“YAŞAT” Fondu Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək vermək, vətəndaş cəmiyyəti təşəbbüslərini vahid platformada birləşdirmək və bu sahədə şəffaflıq və ictimai nəzarəti təmin etməkdir. Fondun yaradılması Azərbaycan xalqının şəhid ailələrinə və qazilərə göstərdiyi həmrəyliyin də mühüm ifadəsidir. Ölkənin müxtəlif bölgələrində yaşayan vətəndaşlar, sahibkarlar, dövlət qurumları və müxtəlif təşkilatlar “YAŞAT” Fonduna ianələr etməklə Vətən müharibəsi iştirakçılarına və şəhid ailələrinə dəstək göstərirlər. Beləliklə, dövlətin sosial siyasəti ilə yanaşı, cəmiyyətin həmrəyliyi də bu istiqamətdə mühüm rol oynayır.
“YAŞAT” Fondunun fəaliyyəti artıq konkret nəticələrlə müşayiət olunur. 2026-cı ilin iyulunda açıqlanan məlumata əsasən, Fond tərəfindən 19 268 şəhid ailəsi üzvü, müharibə əlili və qazinin ümumilikdə 110 minə yaxın müraciəti həll edilib. Bu məqsədlə 96 milyon manata yaxın vəsait xərclənib.
Bu rəqəmlər görülən işlərin miqyasını göstərir. Hər bir müraciətin arxasında konkret insan və konkret problem dayanır. Bir insanın müalicəyə, digərinin reabilitasiyaya, başqa bir şəhid ailəsinin sosial dəstəyə ehtiyacı ola bilər. Buna görə də bu işin əsas mahiyyəti rəqəmlərdən daha çox insanların real problemlərinin həll edilməsidir.
“YAŞAT” Fondunun fəaliyyətinin ilk mərhələlərində şəhid ailələri və müharibə iştirakçıları üçün müxtəlif istiqamətlərdə yardım göstərilib. Bunlara kredit öhdəliklərinin qarşılanması, mənzil şəraitinin yaxşılaşdırılması, məişət avadanlıqları ilə təminat, təhsil xərclərinin qarşılanması və müalicə ilə bağlı məsələlər daxil olub. Hazırda dövlət tərəfindən bir sıra sahələrdə ayrıca sosial proqramların həyata keçirilməsi ilə əlaqədar Fondun fəaliyyəti əsasən icbari tibbi sığorta zərfinə daxil olmayan müalicə və əməliyyat xərclərinin qarşılanmasına yönəlib. Bu isə onu göstərir ki, şəhid ailələri və qazilərin ehtiyacları dəyişdikcə onlara göstərilən dəstəyin istiqamətləri də uyğunlaşdırılır.
Şəhid ailələrinin üzvlərinin və müharibə əlillərinin təhsil imkanlarının genişləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Çünki şəhid ailələrinin övladlarının və müharibə iştirakçılarının yaxşı təhsil alması onların gələcək həyatında mühüm rol oynayır.
2026–2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olunan müəyyən kateqoriyadan olan şəhid ailəsi üzvlərinə və müharibə əlillərinə “YAŞAT” Fondu tərəfindən 2000 manat məbləğində tələbə mükafatının təqdim edilməsi də bu istiqamətdə həyata keçirilən tədbirlərdəndir. Belə dəstək gənclərin təhsilə marağını artırmaqla yanaşı, onların gələcəkdə peşəkar mütəxəssis kimi formalaşmasına da imkan yaradır.
Elmir Rəhimov-Zərdab şəhər sakini, fəal gənc



















