image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-5e02b868166374398614596968910326805

     “YAŞAT” Fondu

image-legitimaz-810x90

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının milli iradəsinin, birliyinin və mübarizə əzminin təcəssümü olmaqla, ölkəmizin müasir tarixində yeni mərhələnin başlanğıcını qoymuşdur. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etmişdir. Noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi ilə müharibənin taleyini müəyyən edən mühüm hərbi-siyasi nailiyyət əldə olunmuşdur. Bu tarixi hadisənin davamı olaraq noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırılmışdır. Cənab Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncama əsasən, noyabrın 8-i Azərbaycanda Zəfər Günü elan edilmişdir. Zəfər xalqımızın azadlıq və ərazi bütövlüyü uğrunda apardığı uzunmüddətli mübarizənin nəticəsi olmaqla yanaşı, şəhidlərimizin fədakarlığının, qazilərimizin qəhrəmanlığının və Azərbaycan əsgərinin şücaətinin təcəssümüdür. Bu tarixi Qələbənin əldə olunmasında canından keçmiş şəhidlərin ailələrinə, sağlamlığını itirmiş hərbi qulluqçulara və müharibə iştirakçılarına diqqət və qayğının göstərilməsi dövlətin sosial siyasətinin mühüm istiqamətinə çevrilmişdir. Onların sosial müdafiəsinin gücləndirilməsi, üzləşdikləri problemlərin həlli və layiqli həyat şəraitinin təmin edilməsi məqsədilə müxtəlif dövlət proqramları və ictimai təşəbbüslər həyata keçirilmişdir.

Bu istiqamətdə mühüm təşəbbüslərdən biri Cəna Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il dekabrın 8-də yaradılmış “YAŞAT” Fondudur. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək göstərmək, bu sahədə vətəndaş cəmiyyəti təşəbbüslərini reallaşdırmaq və ictimai həmrəyliyi gücləndirməkdir. “YAŞAT” Fondu fəaliyyətə başladığı gündən etibarən şəhid ailələrinin və qazilərin qarşılaşdıqları sosial problemlərin müəyyənləşdirilməsi, onların müraciətlərinin araşdırılması və ehtiyaclarının qarşılanması istiqamətində sistemli fəaliyyət həyata keçirmişdir. Fond tərəfindən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, müalicə və reabilitasiya xərclərinin qarşılanması, təhsil, sosial-psixoloji dəstək və digər zəruri ehtiyacların təmin olunması üzrə müxtəlif layihələr icra edilmişdir. Fondun fəaliyyətinin mühüm istiqamətlərindən biri şəhid ailələrinin sosial rifahının yüksəldilməsi və onların gündəlik həyat şəraitinin yaxşılaşdırılmasıdır. Bu məqsədlə ailələrin yaşayış sahəsi ilə bağlı problemlərinin həllinə, mənzillərin təmirinə, məişət avadanlıqları ilə təminata və digər sosial ehtiyacların ödənilməsinə dəstək göstərilmişdir. Eyni zamanda, müharibə nəticəsində sağlamlığını itirmiş şəxslərin müalicə, əməliyyat, protezləşdirmə və reabilitasiya xərclərinin qarşılanması istiqamətində mühüm işlər görülmüşdür.

Təhsil sahəsində göstərilən dəstək də Fondun fəaliyyətində xüsusi yer tutur. Şəhid övladlarının və müharibə iştirakçılarının ailə üzvlərinin təhsil imkanlarının genişləndirilməsi, onların gələcək peşə və karyera inkişafına şərait yaradılması sosial dəstək mexanizmlərinin mühüm tərkib hissəsidir. Bununla yanaşı, qazilərin əmək bazarına inteqrasiyası, məşğulluq imkanlarının artırılması və sosial həyata fəal şəkildə qoşulması istiqamətində də müvafiq təşəbbüslər həyata keçirilir. Fondun fəaliyyətinin miqyası konkret göstəricilərdə də öz əksini tapmışdır. Təqdim olunan məlumatlara əsasən, indiyədək “YAŞAT” Fondu tərəfindən 19 791 şəxs üzrə öhdəlik götürülmüş, şəhid ailələrinin və qazilərin sosial problemlərinin həllinə 96 milyon manata yaxın vəsait xərclənmişdir. Bu göstəricilər Fondun fəaliyyətinin geniş əhatə dairəsini və sosial dəstək mexanizmlərinin həyata keçirilməsindəki rolunu nümayiş etdirir.

“YAŞAT” Fondunun digər mühüm xüsusiyyəti cəmiyyətdə xeyriyyəçilik ənənələrinin, sosial məsuliyyətin və milli həmrəyliyin təşviq edilməsidir. Fondun fəaliyyəti vasitəsilə müxtəlif dövlət və özəl qurumlar, sahibkarlar, ictimai birliklər və ayrı-ayrı vətəndaşlar şəhid ailələrinə və qazilərə dəstək prosesinə cəlb olunmuşlar. Bu yanaşma sosial problemlərin həllində ictimai iştirakçılığın genişləndirilməsinə və kollektiv məsuliyyət anlayışının möhkəmlənməsinə şərait yaratmışdır.

 

Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki