image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-08lv2dmgqana6xbs0jnimawex8kcz0k8303xuimm

Xəzərin küləyi Azərbaycanın yaşıl enerji gələcəyinə çevrilir

image-legitimaz-810x90

Xəzərin küləyi Azərbaycanın yaşıl enerji gələcəyinə çevrilir

Azərbaycanın enerji siyasətində yeni mərhələ yalnız mövcud resursların səmərəli istifadəsi ilə deyil, həm də gələcəyin enerji sisteminin formalaşdırılması ilə xarakterizə olunur. Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə səsləndirdiyi fikirlər bu baxımdan ölkənin qarşıdakı illər üçün enerji strategiyasının əsas istiqamətlərini aydın göstərir. Dövlət başçısının sözlərinə görə, Xəzər dənizinin Azərbaycan sektorunda 157 giqavatlıq enerji potensialı mövcuddur. Quruda isə artıq Günəş və külək elektrik stansiyaları fəaliyyət göstərir.

Bu rəqəm Azərbaycanın bərpaolunan enerji sahəsində malik olduğu imkanların miqyasını göstərməklə yanaşı, enerji siyasətində şaxələndirmənin hansı mərhələyə çatdığını da nümayiş etdirir. Uzun illər ölkənin enerji gücü əsasən neft və qazla əlaqələndirilib. İndi isə bu potensiala Günəş, külək və digər bərpaolunan mənbələr hesabına formalaşan yeni enerji imkanları əlavə olunur. Beləliklə, Azərbaycan ənənəvi enerji resurslarını qorumaqla yanaşı, gələcəyin enerji bazarında öz mövqeyini genişləndirməyə çalışır.

Bu strategiyanın mühüm tərəflərindən biri təbii qazdan daha səmərəli istifadə edilməsidir. Elektrik enerjisinin istehsalında bərpaolunan mənbələrin payı artdıqca, həmin məqsədlə sərf olunan təbii qazın həcmini azaltmaq və qənaət edilən qazı ixrac üçün yönəltmək imkanı yaranır. Prezidentin çıxışında vurğulanan əsas məqam da məhz bundan ibarətdir: enerji keçidi yalnız ekoloji məqsədlərlə məhdudlaşmır, eyni zamanda iqtisadi səmərəlilik və ixrac imkanları yaradır. Azərbaycanın 2032-ci ilədək bərpaolunan enerji üzrə 8 giqavat generasiya gücünə çatmaq planı da bu istiqamətin uzunmüddətli xarakter daşıdığını göstərir.

Digər tərəfdən, söhbət yalnız enerji istehsalından getmir. Yeni generasiya güclərinin yaradılması ilə paralel olaraq elektrikötürücü xətlərin genişləndirilməsi, enerjisaxlanc sistemlərinin qurulması və regional enerji bağlantılarının inkişaf etdirilməsi də mühüm əhəmiyyət daşıyır. Azərbaycan artıq Mərkəzi Asiya ilə Avropa arasında yaşıl enerjinin ötürülməsinə imkan verəcək layihələr üzərində işləyir. Xəzərin dibi ilə elektrik kabelinin çəkilməsi və Qara dəniz sualtı elektrik kabeli kimi layihələr ölkənin enerji potensialının regional və beynəlxalq bazarlara çıxarılmasını nəzərdə tutur.

Bu baxımdan qarşıdakı beş il xüsusi əhəmiyyət daşıyır. Prezidentin ifadə etdiyi kimi, Azərbaycanın hər yerində bərpaolunan enerji mənbələrinin olması qarşıya qoyulan hədəflərdən biridir. Bu, təkcə yeni elektrik stansiyalarının tikilməsi deyil, həm də enerji sisteminin strukturunun dəyişməsi deməkdir. Günəşli və küləkli ərazilərin potensialından istifadə, işğaldan azad edilmiş ərazilərdə hidroenerji imkanlarının genişləndirilməsi və Xəzərin külək potensialının iqtisadi dövriyyəyə cəlb edilməsi vahid enerji strategiyasının tərkib hissəsinə çevrilir. Azərbaycanın yaşıl enerji üzrə potensialının böyük olması və artıq beynəlxalq şirkətlərlə layihələrin həyata keçirilməsi bu istiqamətin investisiya baxımından da əhəmiyyətini artırır.

Azərbaycanın qarşısında duran məqsəd yalnız daha çox enerji istehsal etmək deyil. Əsas hədəf enerji resurslarından daha səmərəli istifadə edən, daxili tələbatı dayanıqlı şəkildə təmin edən, təbii qazı daha böyük ölçüdə ixrac etməyə imkan yaradan və yaşıl enerjini regional əməkdaşlığın yeni istiqamətinə çevirən sistem qurmaqdır. Xəzərin 157 giqavatlıq külək potensialı isə bu strategiyanın ən mühüm dayaqlarından biridir. Azərbaycanın enerji gələcəyində neft və qazın mühüm rolu davam etməklə yanaşı, Günəşin və Xəzərin küləyinin yaratdığı yeni imkanlar ölkənin enerji xəritəsini getdikcə daha çox dəyişdirəcək.

 

Bəylər Cəfərov – Zərdab rayonu Alıcanlı kənd sakini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki