Xəzər dənizinin Azərbaycan sektorunda biz 157 giqavatlıq enerji potensialına malikik.
Azərbaycanın zəngin enerji resursları ölkənin iqtisadi inkişafında və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayıb. Lakin müasir dövrdə enerji siyasəti yalnız neft və təbii qaz ehtiyatlarından səmərəli istifadə ilə məhdudlaşmır. Dünyada enerji sektorunda baş verən dəyişikliklər fonunda bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi, yaşıl enerjinin istehsalının artırılması və Azərbaycanın gələcəkdə mühüm yaşıl enerji ixracatçılarından birinə çevrilməsi qarşıya yeni vəzifələr qoyur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın enerji siyasətində bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Ənənəvi enerji resurslarının ölkənin iqtisadi və enerji təhlükəsizliyindəki əhəmiyyəti qorunmaqla yanaşı, günəş və külək enerjisindən istifadə imkanlarının genişləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyev müxtəlif çıxışlarında Azərbaycanın nəhəng yaşıl enerji potensialına diqqət çəkərək xüsusilə Xəzər dənizinin Azərbaycan sektorundakı külək enerjisi imkanlarını vurğulayıb. Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisinin potensialı 157 giqavat səviyyəsində qiymətləndirilir. Bu, Azərbaycanın qarşısında uzunmüddətli perspektivdə böyük enerji imkanlarının olduğunu göstərir. Prezident İlham Əliyev 2026-cı ilin yanvarında “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılışı zamanı da Xəzərin Azərbaycan sektorundakı külək potensialının 157 giqavat olduğunu qeyd edib və növbəti illərdə bu istiqamətdə proseslərin geniş vüsət alacağını bildirib. Bu rəqəm yalnız enerji istehsalı baxımından deyil, Azərbaycanın gələcək iqtisadi inkişafı və beynəlxalq enerji bazarındakı mövqeyi baxımından da böyük əhəmiyyət daşıyır. Xəzərin külək potensialından mərhələli şəkildə istifadə olunması ölkəyə əlavə elektrik enerjisi istehsal etmək, daxili tələbatı daha böyük həcmdə bərpaolunan mənbələr hesabına təmin etmək və gələcəkdə əldə olunan artıq enerjini xarici bazarlara çıxarmaq imkanı yarada bilər. Azərbaycanın bu sahədə əsas məqsədlərindən biri elektrik enerjisi istehsalında təbii qazdan istifadənin tədricən azaldılmasıdır. Hazırda təbii qaz ölkənin enerji sistemində mühüm rol oynayır. Lakin günəş və külək elektrik stansiyalarının istehsal gücünün artırılması nəticəsində elektrik enerjisinin müəyyən hissəsini qazdan istifadə etmədən istehsal etmək mümkün olacaq. Beləliklə, elektrik enerjisi istehsalına sərf olunan təbii qazın bir hissəsinə qənaət ediləcək. Bu yanaşmanın mühüm iqtisadi nəticəsi də var. Elektrik enerjisinin istehsalında bərpaolunan mənbələrin payı artdıqca qənaət olunan təbii qaz ixrac məqsədilə istifadə edilə bilər. Prezident İlham Əliyev də bu məntiqi müxtəlif çıxışlarında xüsusi olaraq vurğulayıb: bərpaolunan enerjidən daha geniş istifadə etməklə elektrik istehsalında təbii qaz sərfiyyatını azaltmaq və həmin qazı ixraca yönəltmək mümkündür. Bu, Azərbaycanın enerji siyasətində bir-birini tamamlayan iki istiqamətin formalaşdığını göstərir. Bir tərəfdən, ölkə mövcud neft və qaz ehtiyatlarından səmərəli istifadə etməklə enerji təhlükəsizliyini və ixrac imkanlarını qoruyur, digər tərəfdən isə günəş və külək kimi bərpaolunan enerji mənbələrini inkişaf etdirir. Beləliklə, ənənəvi enerji resursları ilə yaşıl enerji bir-birinə alternativ kimi deyil, müəyyən mərhələdə bir-birini tamamlayan enerji mənbələri kimi çıxış edir. Quruda günəş və külək elektrik stansiyalarının yaradılması bu strategiyanın artıq praktik mərhələyə keçdiyini göstərir. Azərbaycanda müxtəlif bölgələrdə bərpaolunan enerji layihələri həyata keçirilir. “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının 2026-cı ildə istifadəyə verilməsi də bu istiqamətdə atılan mühüm addımlardan biridir. Prezident İlham Əliyevin açılış mərasimində qeyd etdiyi kimi, ölkənin müxtəlif bölgələrində yeni günəş və külək elektrik stansiyalarının yaradılması nəzərdə tutulur.
Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı –Ehtiram Osmanov

















