Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir
Bəzi tarixlər xalqın yaddaşında yalnız bir gün kimi qalmır. Onlar Vətən sevgisini, birlik və həmrəyliyi, böyük fədakarlığı xatırladan əlamətdar günlərə çevrilir. 27 Sentyabr – Anım Günü də Azərbaycan xalqı üçün belə xüsusi tarixlərdəndir. Vətən müharibəsi Azərbaycan tarixində mühüm iz qoydu. Həmin günlərdə xalqımızın ən böyük arzularından biri olan torpaqlarımızın azad edilməsi uğrunda mübarizə aparıldı. Azərbaycan Ordusunun əsgər və zabitləri döyüş meydanında böyük iradə, cəsarət və Vətən sevgisi nümayiş etdirdilər. Müharibənin ən ağır yükünü isə Vətən uğrunda canından keçən şəhidlərimiz və sağlamlığını itirən qazilərimiz daşıdılar. Şəhidlərimizin hər biri bizim üçün əzizdir. Onların həyat yolu və göstərdikləri qəhrəmanlıq gələcək nəsillər üçün də örnək olaraq qalacaq. Qazilərimiz də Vətən müharibəsinin canlı şahidləri və qəhrəmanlarıdır. Onlar döyüş meydanında göstərdikləri şücaətlə Azərbaycanın tarixi qələbəsinə öz töhfələrini verdilər. Bu gün qazilərimizə göstərilən diqqət və qayğı xalqımızın onlara olan ehtiramının ifadəsidir.
Vətən müharibəsi eyni zamanda xalqımızın birlik və həmrəyliyini nümayiş etdirdi. Müharibə günlərində insanlar bir-birinə dayaq oldu, əsgərlərimizə mənəvi dəstək göstərdi. Cəmiyyətin müxtəlif təbəqələrinin eyni məqsəd ətrafında birləşməsi xalqımızın gücünü bir daha ortaya qoydu. 27 Sentyabr – Anım Günü şəhidlərimizin xatirəsini yad etmək, onların ailələrinə ehtiram göstərmək və Vətən uğrunda göstərilən fədakarlığı unutmamaq baxımından böyük əhəmiyyət daşıyır. Bu gün şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyir, qazilərimizə hörmət və ehtiramımızı ifadə edirik.
Vətən müharibəsi Azərbaycanın şanlı tarixinin mühüm səhifələrindən biridir. Şəhidlərimizin adı bu tarixin ən müqəddəs səhifələrində yaşayacaq. Qazilərimizin qəhrəmanlığı isə Vətənə sədaqətin və əzmkarlığın nümunəsi kimi daim xatırlanacaq. Onların fədakarlığını yaşatmaq və gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcudur.
Zərdab rayon Gəlmə kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Rasif Qaçayev




















