image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-5

Vaxtında görülən işlərin strateji nəticəsi

image-legitimaz-810x90

Vaxtında görülən işlərin strateji nəticəsi

Azərbaycanın son iki onillikdə həyata keçirdiyi genişmiqyaslı infrastruktur layihələri ölkənin yalnız iqtisadi inkişafına deyil, həm də enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə fundamental zəmin yaradıb. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər bu baxımdan görülən işlərin miqyasını və strateji əhəmiyyətini bir daha ortaya qoyur.

Azərbaycanın enerji sektorunda əldə etdiyi nəticələrin əsas xüsusiyyəti ondan ibarətdir ki, ölkə vaxtilə üzləşdiyi asılılıqdan tədricən çıxaraq öz enerji potensialını formalaşdırıb. Prezidentin qeyd etdiyi kimi, 20 il əvvəl Azərbaycan həm təbii qaz, həm də elektrik enerjisi idxal edən ölkə idi. Mövcud imkanlar məhdud olsa da, ardıcıl və məqsədyönlü siyasət nəticəsində bu mənzərə köklü şəkildə dəyişib. Bu gün ölkədə qazlaşma səviyyəsinin 96 faizə çatması və 25 milyard kubmetrdən çox təbii qazın ixrac edilməsi Azərbaycanın enerji sektorunda keçdiyi yolun konkret göstəriciləridir.

Burada diqqətçəkən məqam yalnız enerji resurslarının hasilatı və ixracı deyil. Əsas məsələ bu resurslardan ölkənin uzunmüddətli inkişafının təmin olunması üçün səmərəli istifadə edilməsidir. Enerji infrastrukturu genişləndirilib, elektrik enerjisi istehsalı üzrə böyük potensial yaradılıb, ehtiyat generasiya gücləri formalaşdırılıb. Beləliklə, Azərbaycan enerji çatışmazlığı ilə üzləşən ölkədən enerji təhlükəsizliyini təmin edən və müəyyən istiqamətlər üzrə enerji ixracını həyata keçirən dövlətə çevrilib.

Dünya enerji bazarlarında baş verən proseslər bu siyasətin uzaqgörənliyini daha aydın göstərir. Son illərdə enerji resurslarının qiyməti, təchizat zəncirləri və enerji təhlükəsizliyi məsələləri qlobal gündəmin əsas mövzularından birinə çevrilib. Təbii qaz, elektrik enerjisi və digər enerji məhsullarına tələbatın artması, bəzi regionlarda təchizat problemlərinin yaranması enerji müstəqilliyinin dövlətlər üçün nə qədər mühüm strateji üstünlük olduğunu nümayiş etdirir.

Məhz belə bir şəraitdə vaxtında yaradılmış enerji infrastrukturu Azərbaycanın dayanıqlılığını artıran əsas amillərdən biridir. Bu gün ölkənin daxili tələbatını təmin etmək üçün kifayət qədər enerji imkanlarının olması, eyni zamanda ixrac potensialının mövcudluğu iqtisadi və strateji baxımdan mühüm nəticədir. Qarşıdakı illərdə elektrik enerjisi ixracının genişləndirilməsi ilə bağlı imkanların mövcudluğu isə Azərbaycanın enerji sahəsində yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Prezident İlham Əliyevin çıxışında diqqətə çatdırılan əsas məqamlardan biri də məhz vaxtında qərar qəbul etməyin əhəmiyyətidir. Strateji infrastruktura bu gün qoyulan investisiya yalnız cari ehtiyacları deyil, gələcəkdə yarana biləcək riskləri də nəzərə almalıdır. Azərbaycan nümunəsində enerji sahəsində görülən işlər belə yanaşmanın praktik nəticəsini nümayiş etdirir.

Bu baxımdan enerji təhlükəsizliyi yalnız iqtisadi göstərici deyil, həm də milli dayanıqlılığın mühüm komponentidir. Öz enerji imkanlarına güvənən ölkə qlobal böhranlar, təchizat problemləri və bazarlardakı dəyişikliklər qarşısında daha geniş manevr imkanlarına malik olur. Azərbaycanın son 20 ildə enerji sektorunda yaratdığı potensial da məhz bu dayanıqlılığın mühüm dayaqlarından birinə çevrilib.

Qazlaşmanın 96 faizə çatması, böyük həcmdə qaz ixracı, güclü generasiya imkanlarının yaradılması və gələcəkdə elektrik enerjisi ixracının genişləndirilməsi təsadüfi nəticələr deyil. Bunlar uzunmüddətli strategiyanın, ardıcıl investisiyaların və vaxtında atılmış addımların nəticəsidir. Azərbaycanın enerji sahəsində qazandığı üstünlüklər ölkənin bugünkü tələbatını ödəməklə yanaşı, gələcək çağırışlara daha hazırlıqlı şəkildə cavab verməsi üçün mühüm baza formalaşdırır.

 

 

Raqib Əsədov – Zərdab rayonu Alıcanlı kənd sakini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki