image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-thumb

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinə dövlət dili statusunun verilməsində əvəzsiz rolu olmuşdur

image-legitimaz-810x90

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinə dövlət dili statusunun verilməsində əvəzsiz rolu olmuşdur

 

Dil hər bir xalqın milli kimliyini, mənəvi dəyərlərini, tarixini və mədəniyyətini yaşadan ən mühüm amildir. Xalqın varlığını və milli şüurunu qoruyan əsas sütunlardan biri məhz ana dilidir. Azərbaycan dili də əsrlər boyu xalqımızın zəngin ədəbi-mədəni irsini, milli-mənəvi dəyərlərini və dövlətçilik ənənələrini qoruyub saxlamışdır. Müstəqil dövlət quruculuğu prosesində Azərbaycan dilinin dövlət dili kimi möhkəmləndirilməsi isə Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan dili öz layiqli mövqeyini qazanmış, dövlət idarəçiliyində, təhsildə, elm və mədəniyyətdə geniş tətbiq olunmağa başlamışdır.

1970-ci illərdə Azərbaycan SSR-in rəhbəri olan Heydər Əliyev milli-mənəvi dəyərlərin qorunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab edirdi. Həmin dövrdə Sovet İttifaqında rus dilinin üstün mövqeyinə baxmayaraq, Heydər Əliyev Azərbaycan dilinin hüquqi statusunun təmin olunması üçün böyük qətiyyət nümayiş etdirmişdir. O, yaxşı anlayırdı ki, xalqın milli varlığını qorumağın ən mühüm yollarından biri ana dilinin inkişafına və dövlət səviyyəsində müdafiəsinə nail olmaqdır.

1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında Ulu Öndər Heydər Əliyevin çıxışı Azərbaycan dilinin tarixində mühüm dönüş nöqtəsi oldu. Ulu Öndərin təşəbbüsü ilə Konstitusiyanın 73-cü maddəsinin aşağıdakı redaksiyada qəbul edilməsi təklif olundu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Bu qərar həmin dövrün ictimai-siyasi şəraiti nəzərə alındıqda son dərəcə cəsarətli və uzaqgörən addım idi. Çünki SSRİ-də bir çox müttəfiq respublikalarda dövlət dili məsələsi açıq şəkildə Konstitusiyada öz əksini tapmamışdı. Ulu Öndər Heydər Əliyevin prinsipial mövqeyi nəticəsində Azərbaycan dili ilk dəfə olaraq konstitusion səviyyədə dövlət dili statusu qazandı. Bu tarixi qərar Azərbaycan xalqının milli özünüdərkinin güclənməsinə mühüm təsir göstərdi. Dövlət dili statusu Azərbaycan dilinin inkişafına yeni imkanlar yaratdı, onun rəsmi sənədlərdə, dövlət idarəçiliyində, təhsil müəssisələrində və mədəni həyatın bütün sahələrində tətbiqini genişləndirdi. Bu addım milli kimliyin qorunmasına və gələcək müstəqillik ideyalarının formalaşmasına da ciddi töhfə verdi.

1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinin inkişafı istiqamətində fəaliyyətini daha da genişləndirdi. Onun rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dilinin Azərbaycan dili olduğu bir daha təsbit edildi. Bu, müstəqil Azərbaycanın dil siyasətinin hüquqi əsaslarını möhkəmləndirdi və ana dilimizin dövlət quruculuğundakı rolunu daha da artırdı.

Ulu Öndər Heydər Əliyev yalnız hüquqi sənədlərlə kifayətlənməyərək Azərbaycan dilinin saflığının qorunmasına, düzgün istifadəsinə və inkişafına xüsusi diqqət yetirirdi. Onun təşəbbüsü ilə Azərbaycan dilinin tətbiqi və qorunması istiqamətində bir sıra mühüm fərman və sərəncamlar imzalandı. Xüsusilə 2001-ci il 18 iyun tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman Azərbaycan dilinin dövlət idarəçiliyində və cəmiyyət həyatında mövqeyinin daha da möhkəmlənməsinə xidmət etdi. Elə həmin ilin avqust ayının 1-nin Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunması barədə qərar isə ana dilimizin təbliği və inkişafı baxımından mühüm əhəmiyyət daşıdı.

Ümummilli Lider ana dilinin yalnız ünsiyyət vasitəsi olmadığını, onun xalqın mənəvi sərvəti və milli kimliyinin əsas göstəricisi olduğunu dəfələrlə vurğulayırdı. Onun “Hər bir xalq öz dili ilə yaranır və yaşayır” fikri Azərbaycan dilinə verilən yüksək dəyərin ifadəsidir. Bu ideya bu gün də Azərbaycan Respublikasının dil siyasətinin əsas istiqamətlərindən biri kimi öz aktuallığını qoruyur.

Müasir dövrdə Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən dövlət dil siyasəti də Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin uğurla davam etdirilməsidir. Azərbaycan dilinin beynəlxalq nüfuzunun artırılması, latın qrafikalı əlifbanın tətbiqinin genişləndirilməsi, elektron informasiya məkanında Azərbaycan dilinin inkişafı və ədəbi dil normalarının qorunması istiqamətində həyata keçirilən tədbirlər bu siyasətin ardıcıl davamıdır.

Azərbaycan dilinə dövlət dili statusunun verilməsi xalqımızın tarixində ən mühüm hadisələrdən biridir. Bu tarixi nailiyyətin memarı Ümummilli Lider Heydər Əliyev olmuşdur. Onun qətiyyətli mövqeyi və uzaqgörən siyasəti sayəsində Azərbaycan dili hüquqi cəhətdən qorunmuş, inkişaf etmiş və dövlətçilik atributlarından birinə çevrilmişdir. Bu gün hər bir Azərbaycan vətəndaşı ana dilimizin zənginliyini qorumağı, onu düzgün işlətməyi və gələcək nəsillərə olduğu kimi çatdırmağı özünün mənəvi borcu hesab etməlidir. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin inkişafı sahəsində gördüyü işlər xalqımızın tarixində əbədi yaşayacaq və gələcək nəsillər üçün örnək olaraq qalacaqdır.

 

Zərdab şəhər sakini Cavid Məmmədov

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki