Üçrəngli bayrağımız bizim milli qürurumuz, müstəqilliyimizin rəmzi və birlik nişanəmizdir
Bayrağımızın qorunması və ona hörmətlə yanaşılması hər bir vətəndaşın mənəvi borcudur. Bu hörmət yalnız rəsmi tədbirlərdə bayrağın qarşısında dayanmaqla məhdudlaşmamalıdır. Hər bir insan öz gündəlik davranışı, Vətənə münasibəti, dövlət qanunlarına hörməti, gördüyü iş və cəmiyyət qarşısındakı məsuliyyəti ilə də dövlət rəmzlərinə ehtiramını nümayiş etdirməlidir.
Xüsusilə gənc nəslin üçrəngli bayrağımızın tarixi, yaranma səbəbləri və mənası haqqında məlumatlı olması vacibdir. Məktəblərdə, ali təhsil müəssisələrində və müxtəlif ictimai tədbirlərdə Dövlət Bayrağının tarixi ilə bağlı maarifləndirici söhbətlərin aparılması bu baxımdan mühüm əhəmiyyət daşıyır. Uşaqlar və gənclər bilməlidirlər ki, bu bayraq asanlıqla əldə edilməyib. Onun arxasında xalqımızın azadlıq mübarizəsi, şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və neçə-neçə insanın müstəqillik arzusu dayanır.
Vətən sevgisi yalnız sözlə ifadə olunmamalıdır. Vətəni sevmək onun tarixini öyrənmək, milli dəyərlərini qorumaq, dövlətə və xalqa faydalı olmaq, ölkəmizin inkişafına öz töhfəsini vermək deməkdir. Hər bir vətəndaş çalışdığı sahədə məsuliyyətlə işləməklə, qanunlara hörmət etməklə, cəmiyyətin rifahına xidmət etməklə Azərbaycanın güclənməsinə töhfə verə bilər. Çünki güclü dövlətin əsasında savadlı, zəhmətkeş, vətənpərvər və bir-birinə hörmətlə yanaşan vətəndaşlar dayanır.
Dövlət Bayrağı Günü həm də xalqımızın keçdiyi tarixi yolu xatırlamaq, müstəqilliyimizin hansı çətinliklər hesabına əldə olunduğunu dərk etmək üçün bir fürsətdir. Bu gün biz üçrəngli bayrağımıza baxarkən onun arxasında dayanan tarixi, mübarizəni, qəhrəmanlığı və milli birliyi xatırlayırıq. Bayrağımız bizə göstərir ki, xalqımız nə qədər çətin sınaqlarla qarşılaşsa da, öz milli kimliyini və azadlıq istəyini qoruyub saxlamağı bacarıb.
Bu gün Azərbaycan xalqı müstəqil dövlətinin bayrağı altında yaşayır, öz gələcəyini özü müəyyənləşdirir və milli maraqlarını qoruyur. Üçrəngli bayrağımız ölkəmizin hər bir guşəsində, azad edilmiş torpaqlarımızda, dövlət müəssisələrində, təhsil ocaqlarında və beynəlxalq tədbirlərdə qürurla dalğalanır. Bu bayraq dünənimizin, bu günümüzün və sabahımızın rəmzidir.
Noyabrın 9-u münasibətilə bütün Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etmək hər birimiz üçün xoşdur. Arzumuz budur ki, üçrəngli bayrağımız daim yüksəklərdə dalğalansın, Azərbaycanımız daha da güclənsin, ölkəmizdə sülh, əmin-amanlıq və sabitlik hökm sürsün. Gələcək nəsillər də bu müqəddəs bayrağın altında azad, firavan və təhlükəsiz həyat yaşasınlar.
Fuad Eyvazov – Məmmədqasımlı kənd sakini, sahibkar

























