Türk Dövlətləri Təşkilatının beynəlxalq arenadakı mövqeyinin möhkəmləndirilməsi.
Prezident İlham Əliyev 17 sentyabr 2026-cı ildə TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxətlərini qəbul edərkən təşkilatın son illərdə artan beynəlxalq roluna xüsusi diqqət yetirib. Dövlət başçısı bildirib ki, 2009-cu ildə Naxçıvanda əsası qoyulan Türk Dövlətləri Təşkilatı təxminən iyirmi illik fəaliyyəti ərzində üzv dövlətlər arasında siyasi, iqtisadi, humanitar və təhlükəsizlik sahələrində qarşılıqlı əlaqələrin inkişafı üçün mühüm platformaya çevrilib və beynəlxalq arenadakı mövqeyini möhkəmləndirmək üçün öz potensialından maksimum istifadə edir. Prezidentin çıxışında TDT ölkələrinin geniş coğrafi məkanda yerləşməsi, mühüm enerji və nəqliyyat dəhlizlərinə nəzarət edən strateji mövqeyi, təbii ehtiyatları, artan iqtisadi potensialı, ümumi etnik-mədəni və dil yaxınlığı təşkilatın imkanlarını gücləndirən əsas amillər kimi göstərilib. Xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, beynəlxalq təhlükəsizlik və ticarət məsələlərinin artıq bir-birindən ayrı nəzərdən keçirilə bilmədiyi vurğulanıb. Azərbaycanın Avropa ilə Asiyanın qovşağında yerləşməsi, Mərkəzi Asiya ölkələri ilə Xəzər dənizi üzərindən, Türkiyə ilə isə geniş nəqliyyat və enerji infrastrukturu vasitəsilə əlaqələndirilməsi TDT məkanının strateji əhəmiyyətini artıran amillərdən biri kimi təqdim edilib. Prezident İlham Əliyev qeyd edib ki, TDT-yə üzv dövlətlərin sabitlik və təhlükəsizlik şəraitində inkişaf etməsi təşkilatın digər regionlardan fərqləndirən xüsusiyyətlərindəndir və bu potensialın qorunması üçün təhlükəsizlik sahəsində əməkdaşlığın, məlumat və təcrübə mübadiləsinin genişləndirilməsi vacibdir. Görüşdə terrorizm, ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, kibertəhdidlər və müasir texnologiyalardan qanunsuz istifadə kimi transmilli təhlükələrə qarşı əlaqələndirilmiş fəaliyyətin zəruriliyi də qeyd olunub. Azərbaycan Prezidentinin çıxışında Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanla Azərbaycan arasında mövcud müttəfiqlik münasibətlərinin TDT çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsi üçün mühüm baza yaratdığı bildirilib. Həmçinin Azərbaycan–Türkiyə münasibətlərinin 2021-ci il Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəldilməsi, Azərbaycan–Özbəkistan münasibətlərində “əbədi dostluq” haqqında müqavilənin imzalanması kimi faktlar təşkilat daxilində qarşılıqlı etimadın möhkəmlənməsinə nümunə kimi təqdim olunub. Prezident İlham Əliyev TDT-nin yalnız regional deyil, beynəlxalq təhlükəsizlik, enerji, nəqliyyat, ticarət və beynəlxalq hüquq məsələlərində daha fəal rol oynaya biləcək potensiala malik olduğunu vurğulayıb. Onun çıxışında Azərbaycanın 30 il ərzində öz ərazi bütövlüyünün bərpası məsələsində üzləşdiyi problemlər də beynəlxalq hüququn icra mexanizmlərinin əhəmiyyəti kontekstində qeyd olunub; Prezident bu təcrübədən çıxış edərək beynəlxalq hüququn prinsiplərinin bütün dövlətlərə eyni qaydada tətbiq edilməsinin vacibliyini bildirib. Sonda dövlət başçısı TDT-nin qarşısında duran strateji məqsədi belə ifadə edib: təşkilatın birgə səylərlə aparıcı beynəlxalq institutlardan birinə çevrilməsi üçün mövcud siyasi, iqtisadi, coğrafi, enerji, nəqliyyat və təhlükəsizlik potensialından maksimum istifadə etmək.
Veteran müəllim Vəfadar Niftəliyev


























