Tarixi ədalətin təntənəsi
26 avqust – Laçın şəhəri günü xalqımızın yaddaşında tarixi ədalətin bərpasını, doğma torpaqlara qayıdışı və böyük Zəfərin davamını ifadə edən əlamətdar tarixdir. Azərbaycanın dilbər guşələrindən biri olan Laçın əsrlər boyu öz təbii gözəlliyi, zəngin tarixi-mədəni irsi və strateji mövqeyi ilə seçilib. 1992-ci ildə Ermənistan tərəfindən işğal edilən Laçın uzun illər ərzində doğma sakinlərinin həsrəti ilə yaşasa da, Azərbaycan xalqı bu torpaqların azad olunacağına olan inamını heç vaxt itirməyib.
İşğal illərində Laçın ağır dağıntılara və talanlara məruz qalıb. Şəhər və kəndlərdə yaşayış evləri, inzibati binalar, məktəblər, səhiyyə və mədəniyyət müəssisələri dağıdılıb, tarixi-mədəni irsə ciddi ziyan vurulub. Minlərlə laçınlı doğma yurdlarından məcburi köçkün düşərək uzun illər öz torpaqlarına qayıdacağı günü gözləyib. Lakin bütün bu çətinliklər xalqımızın Laçına bağlılığını və torpaqlarımızın azadlığına inamını sarsıda bilməyib.
2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı möhtəşəm Zəfər tarixi ədalətin bərpası istiqamətində həlledici mərhələ oldu. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Beləliklə, uzun illər davam edən həsrətə son qoyuldu, Laçın yenidən Azərbaycanın suveren ərazisinin ayrılmaz hissəsi kimi öz doğma həyatına qovuşdu.
26 avqustun Laçın şəhəri günü kimi təsis edilməsi də məhz bu tarixi hadisənin əhəmiyyətini daha da artırır. Bu tarix yalnız bir şəhərin azad edilməsi günü deyil, həm də xalqın öz tarixi torpaqlarına qayıdışının rəmzidir. Laçının azadlığı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası istiqamətində atılmış mühüm addımlardan biri kimi tariximizə həkk olunub.
Bu gün Laçında aparılan genişmiqyaslı quruculuq işləri şəhərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Müasir infrastrukturun yaradılması, yaşayış məhəllələrinin salınması, sosial obyektlərin istifadəyə verilməsi və keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma yurda qayıtması Laçının yenidən canlanmasını təmin edir. Bir vaxtlar işğal və dağıntı ilə xatırlanan şəhər bu gün quruculuq, dirçəliş və Böyük Qayıdışın simvollarından birinə çevrilib.
Laçının azad olunması Azərbaycan xalqının tarixi ədalətə olan inamının təntənəsidir. Bu Zəfər göstərdi ki, milli birlik, dövlətçilik iradəsi və güclü ordu qarşıya qoyulan ən mühüm məqsədlərə nail olmağa imkan verir. 26 avqust – Laçın şəhəri günü isə hər il bu Zəfəri xatırlatmaqla yanaşı, doğma torpaqların qədrini bilməyə, tarixi yaddaşı qorumağa və gələcək nəsillərə Azərbaycanın şanlı tarixini çatdırmağa çağırır. Laçın artıq yalnız keçmişin xatirəsi deyil, Azərbaycanın qalib gələcəyinin və yenidən doğulan şəhərlərinin parlaq nümunəsidir.
Babək Mikayılov – Zərdab Peşə liseyinin direktoru




















