TARİXİ-DİNİ ABİDƏLƏRLƏ ZƏNGİN ƏRAZİ
Azərbaycanın qədim tarixi, zəngin mədəni irsi və milli-mənəvi dəyərləri ilə seçilən Füzuli torpağı xalqımızın yaddaşında xüsusi yer tutur. Bu yurdun hər qarışı əsrlərin sınağından keçərək bu günümüzə gəlib çatan tarixin canlı səhifəsi, hər bir daşında və abidəsində xalqımızın quruculuq əzmi, mənəvi dünyası və milli kimliyi əks olunan müqəddəs məkandır. Oktyabrın 17-də qeyd olunan Füzuli Şəhəri Günü yalnız bir şəhərin azadlığa qovuşmasının təntənəsi deyil, həm də tarixi ədalətin bərpasının, milli iradənin və Azərbaycan dövlətinin qətiyyətinin rəmzidir.
Füzuli tarixən Qarabağın zəngin mədəniyyət mərkəzlərindən biri olmuş, əsrlər boyu burada formalaşan memarlıq nümunələri, dini abidələr, qəbirüstü daşlar və türbələr xalqımızın zəngin keçmişini özündə yaşatmışdır. Bu abidələr sadəcə daşdan ucaldılmış tikililər deyil, keçmişlə gələcək arasında mənəvi körpü, xalqımızın tarixi yaddaşını qoruyan qiymətli irs nümunələridir. Onların hər biri Azərbaycan torpağında əsrlər boyu formalaşmış memarlıq ənənələrinin, dini-mənəvi düşüncənin və yüksək sənətkarlıq mədəniyyətinin göstəricisidir.
İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Rayonda mövcud olan abidələr sırasına Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar. Bu memarlıq nümunələri Füzuli torpağının zəngin tarixi keçmişini, dini-mədəni həyatını və Azərbaycan memarlıq sənətinin çoxəsrlik inkişaf yolunu öyrənmək baxımından mühüm əhəmiyyət daşıyır. Hər bir abidə öz dövrünün estetik dünyagörüşünü, inanc sistemini və sənətkarlıq ənənələrini yaşadan tarixi mənbədir.
Lakin Ermənistanın işğalçılıq siyasəti nəticəsində Füzulinin bir sıra yaşayış məntəqələri və mədəni irs nümunələri uzun illər ağır dağıntılara, talanlara və baxımsızlığa məruz qalmışdır. Doğma yurdlarından didərgin salınan insanların ağrısı ilə yanaşı, tarixi yaddaşın qoruyucusu olan abidələrin taleyi də xalqımızı narahat edən məsələlərdən biri olmuşdur. Mədəni irsə vurulan zərbə yalnız ayrı-ayrı tikililərin dağıdılması deyil, bütövlükdə xalqın tarixi yaddaşına və ümumbəşəri mədəniyyətə qarşı yönəlmiş qəsddir. Bu baxımdan Füzulinin tarixi-dini abidələrinin qorunması və gələcək nəsillərə çatdırılması milli məsuliyyət olmaqla yanaşı, tarixi həqiqətlərin yaşadılması baxımından da xüsusi əhəmiyyət kəsb edir.
2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yolda mühüm mərhələ oldu. Füzuli şəhərinin 2020-ci il oktyabrın 17-də işğaldan azad edilməsi xalqımızın mübarizə əzminin, Azərbaycan Ordusunun qəhrəmanlığının və dövlətimizin gücünün təntənəsinə çevrildi. Həmin gün yalnız şəhərin azadlığı deyil, onun tarixi kimliyinin, milli-mənəvi irsinin və gələcəyə olan ümidlərinin yenidən dirçəlişi üçün də yeni mərhələnin başlanğıcı oldu.
Bu gün Füzulidə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Böyük Qayıdışın mühüm tərkib hissəsidir. Müasir infrastrukturun yaradılması, yaşayış məntəqələrinin yenidən qurulması, sosial obyektlərin inşası və şəhərin tarixi simasının qorunması istiqamətində görülən tədbirlər Füzulinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.
Füzuli Şəhəri Günü hər bir azərbaycanlıya bir həqiqəti xatırladır: torpağın azadlığı qədər onun tarixinin, mədəniyyətinin və mənəvi sərvətlərinin qorunması da vacibdir. Şeyx Babi Yaqub, Mirəli və Cəlil türbələri kimi tarixi irs nümunələri Füzulinin əsrlərdən süzülüb gələn yaddaşının ayrılmaz parçalarıdır. Bu irsin qorunması gələcək nəsillərə yalnız keçmiş haqqında məlumat ötürmək deyil, həm də onlarda Vətənə bağlılıq, milli kimlik və tarixi məsuliyyət hissini gücləndirmək deməkdir.
Çinarə Mehrəliyeva – Zərdab Peşə liseyinin müəllimi

















