Şuşanın zəngin mədəni irsinin bərpasına xüsusi diqqət yetirilir
Molla Pənah Vaqifin büstü yenidən əvvəlki yerinə qaytarıldı, Vaqifin muzey-məqbərə kompleksi bərpa edildi. Bülbülün ev-muzeyi yenidən quruldu, Üzeyir Hacıbəylinin heykəli açıldı. İşğal dövründə Şuşadan çıxarılaraq Bakıda qorunan və erməni vandalları tərəfindən zədələnmiş görkəmli şəxsiyyətlərimizin büstləri yenidən doğma şəhərlərinə qaytarıldı. Bu işlər Şuşanın tarixi yaddaşının və mədəni irsinin bərpası baxımından böyük əhəmiyyət daşıyırdı.
2023-cü ilin sentyabrında Qarabağda keçirilən lokal antiterror tədbirlərindən sonra bölgədə suverenliyimiz tam bərpa edildi. Bununla da işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin daha geniş şəkildə davam etdirilməsi üçün yeni imkanlar yarandı.
2024-cü il mayın 10-11-də Prezident İlham Əliyevin Şuşaya səfəri də şəhərin həyatında mühüm hadisələrlə yadda qaldı. Şuşanın birinci yaşayış kompleksinin açılışı keçirildi və doğma şəhərinə qayıdan sakinlərlə görüş baş tutdu. Uzun illər başqa yerlərdə yaşamağa məcbur olan insanların yenidən öz evlərinə, doğma küçələrinə qayıtması hər bir azərbaycanlı üçün sevindirici hadisə idi. Çünki torpaqların azad edilməsi ilə başlayan böyük qayıdış prosesi artıq real nəticələrini göstərirdi.
Həmin səfər zamanı şəhərin üçüncü yaşayış kompleksinin və Turşsu qəsəbəsinin təməli qoyuldu. Şuşada dini-mədəni abidələrin bərpası istiqamətində də işlər davam etdirildi. Çöl Qala və Aşağı Gövhər Ağa məscidlərində aparılan bərpa işlərinin gedişi ilə tanışlıq oldu, Mamayı məscidi və Şirin su hamamı istifadəyə verildi. Bu layihələr Şuşanın tarixi və dini irsinin qorunmasına xidmət edir.
Şuşanın mədəni həyatının canlandırılması da diqqət mərkəzində saxlanıldı. 2024-cü ildə şəhərdə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçirildi. Eyni zamanda, “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimi təşkil olundu. Bu tədbirlər Şuşanın yalnız tarixi şəhər deyil, həm də müasir dövrdə mədəniyyət və incəsənət mərkəzi kimi inkişaf etdiyini göstərdi.
2025-ci ilin may ayında da Şuşada mühüm işlər davam etdirildi. Mayın 9-da Daşaltı kəndində məscidin, Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışı keçirildi, şəhərin dördüncü yaşayış kompleksinin təməli qoyuldu. Bütün bunlar Şuşanın sosial infrastrukturunun inkişafına, insanların rahat yaşayışı üçün şəraitin yaradılmasına yönəlmiş addımlardır.
Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

























