image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-susa

Şuşanın azad edilməsi müharibənin gedişinə ciddi təsir göstərdi və onun taleyini müəyyənləşdirən əsas hadisələrdən birinə çevrildi

image-legitimaz-810x90

Şuşanın azad edilməsi müharibənin gedişinə ciddi təsir göstərdi və onun taleyini müəyyənləşdirən əsas hadisələrdən birinə çevrildi

Şuşanın azad edilməsi Azərbaycan hərbçilərinin böyük qəhrəmanlığının və peşəkarlığının göstəricisi oldu. Dağlıq ərazidə yerləşən, sıldırım qayalarla əhatə olunan şəhərin azad edilməsi asan deyildi. Azərbaycan hərbçiləri çətin relyef şəraitində, ağır hava və döyüş şəraitində böyük şücaət göstərərək Şuşaya daxil oldular. Bu əməliyyat zamanı əsgər və zabitlərimizin göstərdiyi igidlik bütün dünyaya Azərbaycan Ordusunun gücünü nümayiş etdirdi.

Şuşanın azad edilməsi müharibənin gedişinə ciddi təsir göstərdi və onun taleyini müəyyənləşdirən əsas hadisələrdən birinə çevrildi. Noyabrın 10-da Ermənistan kapitulyasiya xarakterli üçtərəfli bəyanatı imzalamağa məcbur oldu. Beləliklə, 44 günlük müharibə Azərbaycanın hərbi və siyasi qələbəsi ilə başa çatdı.

2020-ci il noyabrın 8-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciət edərək Şuşanın azad olunduğunu elan etdi. Dövlət başçısının səsləndirdiyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” sözləri hər bir azərbaycanlının yaddaşında əbədi qaldı. Bu sözlər uzun illər doğma torpaqlarına qayıtmağı gözləyən insanların arzusunun gerçəkləşdiyini bildirirdi.

Prezident cənab İlham Əliyevin həmin gün səsləndirdiyi fikirlərdən biri də xalqımız üçün xüsusi məna daşıyırdı. Dövlət başçısı Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdiyini və ata vəsiyyətini yerinə yetirdiyini bildirdi. Bu, həm də Azərbaycanın dövlətçilik tarixində böyük bir davamlılığın, xalq qarşısında verilən sözə sədaqətin ifadəsi idi.

Şuşanın azad edilməsindən sonra qarşıda yeni və mühüm vəzifələr dayanırdı. Uzun illər işğal altında qalan şəhərin yenidən qurulması, tarixi abidələrin bərpası, yolların və digər infrastrukturun yaradılması, sakinlərin doğma yurdlarına qaytarılması əsas prioritetlərə çevrildi. Azərbaycan dövləti qısa müddətdə bu istiqamətdə genişmiqyaslı işlərə başladı.

Şuşanın əvvəlki görkəminin bərpa olunması ilə yanaşı, şəhərin gələcək inkişafı üçün də mühüm layihələr həyata keçirildi. Şəhərin Baş planı hazırlandı və təsdiq edildi. Bu plan əsasında Şuşanın tarixi simasının qorunması, müasir yaşayış və xidmət infrastrukturunun yaradılması, yolların yenilənməsi, ictimai məkanların abadlaşdırılması istiqamətində işlər görüldü.

Prezident İlham Əliyevin azad edilmiş Şuşaya mütəmadi səfərləri şəhərin bərpasına dövlət səviyyəsində göstərilən diqqətin bariz nümunəsidir. 2021-ci il martın 20-də Novruz bayramı münasibətilə Şuşada keçirilən tədbir bu baxımdan xüsusi əhəmiyyət daşıyırdı. Dövlət başçısı Cıdır düzündə Novruz tonqalını alovlandırdı. Bu hadisə uzun illərdən sonra milli bayramımızın Şuşada yenidən qeyd olunması baxımından böyük mənəvi əhəmiyyətə malik idi. Şuşada yandırılan tonqal doğma torpaqlara qayıdışın, milli ruhun və dirçəlişin rəmzinə çevrildi.

2021-ci il avqustun 29-da Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Şuşaya səfəri zamanı şəhərdə görülən işlərlə tanışlıq oldu. Həmin səfər çərçivəsində bir sıra mühüm layihələrin təqdimatı və açılış mərasimləri keçirildi. “Qarabağ” hotelinin açılması, Şuşa şəhərinin Baş planının təqdim edilməsi, yeni yaşayış məhəlləsinin və hotel-konfrans mərkəzinin təməlinin qoyulması şəhərin inkişafı baxımından mühüm addımlar idi.

 

Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd tam ümumtəhsil orta məktəbinin direktoru

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki